Qərb fondları Bakıya gələ biləcəkmi?

Qərb fondları Bakıya gələ biləcəkmi?

Almaniya rəsmi Bakı ilə Azərbaycanda Almaniya siyasi fondlarının fəaliyyətinin bərpa olunmasını müzakirə edir və müsbət nəticələrə ümid bəsləyir. Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab mətbuat konfransında deyib.

“Fridrix Ebert və Fridrix Nauman fondlarının qaytarılması müzakirə olunurmu?” sualına cavabında səfir deyib ki, bu məsələ müzakirə olunur: “Əlbəttə, biz istərdik ki, Almaniya siyasi fondlarının fəaliyyəti bərpa olunsun. Bununla bağlı danışıqlar aparırıq. Çox istəyirik və ümid edirik ki, müsbət nəticə əldə olunacaq".

Səfir Almaniyanın Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq sazişə dair danışıqları dəstəklədiyini bildirib: “Biz ümid edirik ki, danışıqlar uğurla yekunlaşacaq. Bu saziş imzalandıqdan sonra Azərbaycan və Aİ arasında əlaqələrin daha da inkişafına təkan veriləcək. Azərbaycan və Aİ arasında ”açıq səma" prinsipini nəzərdə tutan aviasiya sazişinin imzalanması Azərbaycana turist axınına da yardım edəcək. Bundan əlavə, Aİ ilə ümumi aviasiya məkanı haqda saziş turizmin inkişafına təkan və töhfə verəcək. Bildiyim qədərilə saziş üzrə danışıqlar hazırda intensivləşdirilib".

Mixael Kindsqrab Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, Almaniya Qarabağ münaqişəsində status-kvonun saxlanmasını qəbuledilməz sayır: “Biz münaqişənin dinc yolla nizamlanması üzrə danışıqlara çağırırıq və ATƏT-in Minsk Qrupunun, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin bu yöndə səylərini dəstəkləyirik. ATƏT-in Minsk Qrupu çərçivəsində bütün prosesləri, Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin, həmçinin iki ölkə xarici işlər nazirlərinin görüşlərini diqqətlə izləyirik. Ümid edirəm ki, bu proses çərçivəsində konkret nəticələrə nail olunacaq”.

Səfirin Almaniyanın rəsmi Bakı ilə Azərbaycanda Almaniya siyasi fondlarının fəaliyyətinin bərpa olunmasını müzakirə etdiyi barədə açıqlaması xüsusilə yeni hadisə hesab edilir. Almaniyanın Azərbaycanda hansı fondları var idi və onlar Azərbaycandakı fəlaiyyətlərini nə üçün dayandırmışdılar? Həmin fondların Azərbaycanda fəaliyyətinin bərpası ictimai təşkilatlara, siyasi partiyalara lazımdırmı? Danışıqlar müsbət nəticələnə bilərmi? Müsbət nəticələnsə ABŞ-ın da Azərbaycandan çıxarılan və çıxan fondlarının geri qayıtması üçün presedent yarana bilər?

Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Almaniyanın Azərbaycanda fondları bir zamanlar çox aktiv idi. Əsasən Fridrix Naumann, Konrad Adenauer, Fridrix Ebert fondları müxtəlif layihələrə qrantlar ayırırdılar. Bu qrantlar ictimai təşkilatlara daha çox ayrılırdı və onların arasında hökumətyönümü təşkilatlar da az deyildi. Hökumət 2014-cü ildə həmin fondların ölkədən çıxmasına səbəb olan addımlar atdı: “Almaniya fondları siyasi təşkilatlara bildiyim qədər qrantlar ayırmırdı, amma müxtəlif sahələr üzrə onlarla birgə maarifləndirici tədbirlərin keçirilməsini maliyyələşdirirdilər. Nəzərə alsaq ki, adını çəkdiyim fondlar Almaniyada konkret siyasi partiyaların fondları kimi fəaliyyət göstərir, o zaman onların siyasi proseslərin gedişatında maraqlı olmaları təəccüblü olmamalıdır. Bu səbəbdən də o fondların digər fondlar kimi Azərbaycan hökuməti ilə zaman-zaman problemləri yaşanmışdı və nəticədə həmin fondlar ölkədən getmişdilər. Lakin fondlar ölkədən gedəndən sonra qrantların alışı dayandımı? Yox. Bir çox hallarda qrantlar tamam başqa yollarla, qaranlıq mənbələrdən alınmağa başladı ki, prosesə nəzarət imkanlarını mümkünsüz etdi”.

Ekspert hesab edir ki, belə fondların Azərbaycanda fəaliyyət göstərməsi lazımdır və vacibdir. Çünki rəsmi şəkildə qanunlara uyğun fəaliyyət qrantların və görülən işlərin şəffaflığına xidmət edir. Eyni zamanda ölkədə vətəndaş cəmiyyətinin, siyasi tolerantlığın inkişafında əvəzsiz xidmət göstərir: “Bir zamanlar ölkədə müxtəlif fondların, o cümlədən alman fondlarının olduğu vaxtlar siyasi partiya funksionerləri, onların gənclər təşkilatı rəhbərləri ilə çoxsaylı seminarlar, konfranslar təşkil olunardı. Bu tədbirlərdə müxtəlif siyasi partiya nümayəndələri hakim partiya nümayəndələri ilə rahat fikir mübadilələri edərdilər, bir-birilərinə də münasibətdə çox nəzakətli olardılar. Hansı ki, bu gün belə münasibətdən danışmaq mümkün deyil. Amma səfirin söylədiyi kimi, həmin təşkilatların Azərbaycana yenidən gəlməsi hakimiyyətlə danışıqdan keçir və ortada şərtlərin olacağı birmənalıdır. Deyə bilmərəm ki, bu danışıqlar hansı səviyyədə keçir və danışıqlar predmeti konkret nədir. Əgər müsbət nəticə olarsa, bu, o demək olmayacaq ki, digər fondlar üçün də qapı dərhal açılacaq. Məsələnin həlli hakimiyyətlə fərdi danışıqlardan keçir. Bu danışıqlarda razılaşma olmalıdır ki, hansısa beynəlxalq təşkilat fəaliyyətini ölkəmizdə bərpa eləsin. Eyni zamanda unutmamalıyıq ki, hakimiyyət istənilən halda qrant verən fondların Azərbaycanda olub müstəqil fəaliyyət göstərməsini istəməyib. Əgər bu mövqe dəyişərsə, deməli, fəaliyyət razılaşdırılmış çərçivədə həyata keçiriləcək. Onların belə halda burada olmasının isə elə bir müsbət nəticəsi olmayacaq. Ya da ki, alman siyasi fondlarının geri qayıtması ölkədə siyasi islahatların keçirilməsi istiqamətində plana aiddir. İkinci hal inkişafa xidmət edən bir addım olardı”.

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənovun sözlərinə görə, Azərbaycan hökumətinin 2014-cü ilin fevralında qanunda etdiyi dəyişiklikdən sonra tələb edildi ki, beynəlxalq fondlar Azərbaycanda qeydiyyatdan keçmək üçün icazə alsınlar. Bu icazənin alınmasının isə proseduru olmadığı üçün xarici fondların çoxu, həmçinin Almaniya fondları Azərbaycanda fəaliyyətini dayandırmalı oldular: “Alman fondlarının ölkəyə qaytarılması hökumətin marağındaydı. Amma onların qayıtması və fəaliyyətə başlaması nə zaman və necə baş verəcək, bu, çox çətin məsələdir. Çünki qanunvericilik bizdə onların qayıdıb fəaliyyətə başlaması üçün baryer yaradır. Almaniyanın Azərbaycanda üç fondu daimi işləyirdi, onların nümayəndəliyi və daimi proqramları var idi. Bir fond-Henrx Böl Fondu isə vaxtilə burada çox intensiv işləyirdi və sonra Gürcüstana keçdi. Fondların dördü də Gürcüstanda fəaliyyət göstərir. Ermənistanda proqramları davam edir. Bu fondların bəziləri Azərbaycanda siyasi partiyalarla da işləyirdilər. Hətta hökumət də həmin fondların siyasi partiyalarla təşkil etdiyi tədbirlərə qatılırdı. O fondların gedişi siyasi partiyalara təbii ki, mənfi təsir etdi.

Almaniya fondlarının geri qayıtması baş versə belə, bunun ABŞ fondlarının da geriyə qayıtmasına təsir göstərəcəyini birmənalı söyləmək olmaz. Hazırda ABŞ-ın Azərbaycanda yalnız bir fondu-USAİD fəaliyyət göstərir. Hökumətlə USAİD-in müəyyən razılaşmaları var".

Paylaş:

Siyasət xəbərləri
Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilir - Fərman

Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilir - Fərman

26-04-2019 15:10 - Femida.az - Siyasət
Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilir və Ədliyyə Nazirliyinə tapşırılır ki, aşağıdakı məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etsinlər:- sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması;- məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi;- hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması;- hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması;- məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi;- məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi;- məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi;- mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi.
Regionxeberleri.com digər xəbərlər