Qida təhlükəsizliyinin təmin edilməsi hər bir dövlətin ən ümdə vəzifələrindən biridir- İqtisadçı ekspert

Qida təhlükəsizliyinin təmin edilməsi hər bir dövlətin ən ümdə vəzifələrindən biridir- İqtisadçı ekspert

Fikrət Yusifov: "İqtisadi cinayətkarlıq hardasa bağışlansa da qida təhlükəsizliyi sahəsində yol verilmiş cinayəti bağışlamaq olmaz"

Azərbaycan vətəndaşlarının ərzaq təhlükəsizliyi, xüsusilə də qida təhlükəsizliyi ilə təminatı hər zaman dövrün ən aktual məsələlərindən olub. Söhbət əlbəttə ki, müstəqillik illərindən sonrakı dövrdən gedir. Düzdür, müstəqilliyin ilk illərində ərzaq, qida təhlükəsizliyi o qədər də ciddi diqqətə alınmırdı. Ancaq zaman keçdikcə qida təhlükəsizliyinin günümüz üçün zəruri və vacib olduğu təsdiqini tapdı. Xüsusilə, dövlətin bu sahəyə ciddi diqqət ayırması vətəndaşların qida təhlükəsizliyinin təmin olunması sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsinə imkan yaratdı. Bu sahədə ən ciddi addımlardan biri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzalamış olduğu müvafiq sənədlə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması idi. Ötən müddət ərzində sözügedən agentliyin gördüyü işlər, həyata keçirdiyi tədbirlər nəticəsində vətəndaşların qida təhlükıəsizliyinin təmin edilməsi məqsədilə bir sıra mühüm addımlar atılıb. Hazırda isə daha təkmil və geniş spektrli bir fəaliyyət istiqamətində iş gedir. Bu da "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"dır. Məlumat üçün qeyd edək ki, artıq sözügedən proqramın təqdimatı da keçirilib.

Birmənalı şəkildə deyə bilərik ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində Dövlət Proqramının qəbul olunması dövlət başçısı tərəfindən qida təhlükəsizliyinə konseptual yanaşmanın və bu istiqamətdə strateji idarəetmənin təzahürüdür.

Qeyd edək ki, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı" üzrə strateji baxış əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsinə və bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalmasına nail olmağı nəzərdə tutur. Eyni zamanda Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərini gücləndirməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Sahibkarlarla əməkdaşlıq şəraitində qida təhlükəsizliyi üzrə qanunvericiliyin tələblərinə əməl olunması, ictimai nəzarət mexanizmlərinin səmərəli tətbiqi və istehlakçıların hüquqlarının qabaqcıl təcrübələr əsasında təmin edilməsi Dövlət Proqramının əsas məqsədlərindəndir.

İqtisadçı ekspert Fikrət Yusifov da deyir ki, qida təhlükəsiszliyinin təmin edilməsi hər bir dövlətin ən ümdə vəzifələrindən biridir. Onun sözlərinə görə, insanların sağlamləğının təmin olunmasında keyfiyyətli qidanın rolu əvəzolunmazdır: "Bu gün dünyada qida təhlükəsizliyi sahəsində daha çox uğur bir qayda olaraq inkişaf etmiş ölkələrə aiddir. İnkişaf etməkdə olan və üçüncü sırada dayanan ölkələrdə isə qida təhlükəsizliyi sahəsində vəziyyət bir o qədər ürəkaçan deyil. Azərbaycan da bu sırada istisna təşkil etmir. Son illər Azərbaycanda qidatəhlükəsizliyinin təmin edilməsi sahəsində bir çox işlər görülsə də, əldə olunan nəticələr qənaətbəxş deyildi və bu sahədəki fəaliyyətdə müəyyən pərakəndəlik mövcud idi. Elə bu səbəbdən də qida təhlükəsizliyi məsələlərinin bir mərkəzdən idarə olunmasının vacibliyini nəzərə alan dövlət başçısı ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq məqsədilə 2017-ci il 10 fevral tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasına dair Fərman imzaladı. Qida Təhlükəsiszliyi Agentliyi ötən müddət ərzində bu sahədə müəyyən nizam-intizamın yaranmasına çalışıb". İqtisadçı ekspert onu da qeyd edib ki, lakin hələ qarşıda çox işlərin görülməsi gərəkdir: "Qida təhlükəsizliyi sistemində çalışan hər bir əməkdaş bilməlidir ki, təhlükəsiz qida önun öz ovladının, özünün sağlamlığı deməkdir. Ona görə də onlar öz fəaliyyətlərində maksimum barışmazlıq nümayiş etdirməyi bacarmalıdırlar. İqtisadi cinayətkarlıq hardasa bağışlansa da qida təhlükəsizliyi sahəsində yol verilmiş cinayəti bağışlamaq olmaz. Çünki qeyri-sağlam qida gələcək nəsillərin sağlam yetişməsi üçün böyük bir təhlükədir. Elə bu səbəbdən də ölkə Prezidenti bu ilin aprel ayının 29-da imzaladığı Sərəncamla Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı" təsdiq etdi. Bu proqramda əks etdirilmiş bir məlumat yetərlidir ki, hər kəs dünyada qida təhlükəsizliyinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini dərindən anlaya bilsin. Proqramda deyilir: "Dünyanın hər bir qitəsində qida mənşəli xəstəliklərə yoluxma və qida zəhərlənməsi hallarının artması qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci il üçün hesabatına əsasən, dünyada hər il 600 milyon insan, yəni dünya əhalisinin hər on nəfərindən biri qida məhsullarından zəhərlənir. Hər il qida məhsullarından zəhərlənənlərin 420 min nəfəri ölür ki, bunun da 125 mini və ya 30 faizi beş yaşınadək uşaqlardır". Bu səbəbdən də Qida təhlükəsizliyi problemi müasir dövrümüzün ən mühüm problemlərindən birinə çevrilib. Ona görə də Qida Təhlükəsizliyi Agentliyi və onun rəhbərliyi məsələnin əhəmiyyətini lazımınca dəyərləndirməyə və Prezidentin təsdiq etdiyi yeni proqram çərçivəsində öz fəaliyyətlərini maksimum səmərəli qurmağa borcludurlar. Unudulmamalıdır ki, qida təhlükəsizliyi hər gün qida qəbul edən insanlarımızın və gələcək nəsillərimizin sağlamlığı il bağlı məsələdir. Burada heç kimə güzəşt etmək olmaz".

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İqtisadiyyat xəbərləri
Olaylar.az digər xəbərlər