Qualcomm Apple-a qarşı məhkəmədə qalib gəldi

Qualcomm Apple-a qarşı məhkəmədə qalib gəldi

Prosessorların istehsalı ilə məşğul olan məşhur Qualcomm şirkəti Çində Apple şirkətinə qarşı qaldırmış olduğu məhkəmədə qalib gəlib. Qualcomm məhkəmədən bir sıra iPhone modellərinin Çində satışına qadağa qoyulmasını tələb edirdi. Bu barədə Business Insider saytı xəbər verib. Qualcomm-un verdiyi məlumata əsasən nəticə etibarilə iPhone 6S, iPhone 6S Plus, iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus və iPhone X modellərinin ölkəyə gətirilməsi və satılması qadağan edilib.

Milli.Az technote.az-a istinadən bildirir ki, məhkəmənin fikrincə Apple şirkətinin cihazları Qualcomm-un fotonun redaktə edilməsi və sensorlu idarəetmə texnologiyaları ilə bağlı patent qaydalarını pozur. Apple şirkəti isə Qualcomm-un bu cür hərəkətini qanunsuz hesab edir. Şirkət bildirib ki, Çində bütün iPhone modelləri satılmağa davam edəcək. Bununla yanaşı şirkət məhkəmə qərarının ləğv edilməsi ilə bağlı planlarını da açıqlayıb. Patent hüquqlarının pozulmasına cavab olaraq Apple şirkəti bildirib ki, hal hazırda satışda olan bütün iPhone modelləri iOS 12 əməliyyat sistemi vasitəsilə çalışırlar. Bu əməliyyat sistemi isə məhkəmə tərəfindən baxılmış patentləri pozmur.

Məhkəmə tərəfindən qoyulmuş qadağanın nə zaman qüvvəyə minəcəyi barəsində məlumat yoxdur. Qeyd etmək lazımdır ki, hal hazırda Apple şirkətinin Çin regionu üçün olan saytında hələki iPhone 7, iPhone 7 Plus, iPhone 8 və iPhone 8 Plus modellərini almaq mümkündür. iPhone 6, iPhone 6S və iPhone X modellərinin istehsalından şirkət hələ bu ilin sentyabr ayında imtina etmişdi. Lakin bu ilki iPhone modellərinin zəif satışları səbəbilə şirkət iPhone X modelinin istehsalını bərpa etdi.

Milli.Az

İKT xəbərləri
Milli.az digər xəbərlər