Regional proqramlar bölgələrin sosial-iqtisadi inkişafını təmin edib

Regional proqramlar bölgələrin sosial-iqtisadi inkişafını təmin edib

Azərbaycanda həyata keçirilən regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla başa çatıb və artıq yeni proqramın icrasına start verilib. Həmin proqramlar çərçivəsində bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə həyata keçirilib, yüz minlərlə yeni iş yerləri, sənaye müəssisələri yaradılmış, kənd təsərrüfatında müsbət nəticələr əldə olunub. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası Şamaxı rayonunun inkişafına səbəb olub. Sözügedən dövlət proqramlarının icrası nəticəsində Şamaxı rayonunda da istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin təmiri-tikintisi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, iqtisadiyyatın dinamik inkişafı təmin olunub.

Regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası çərçivəsində Şamaxı rayonunda sosial-iqtisadi inkişaf sahəsində bir sıra uğurlar qazanılıb. Rayonda aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri rayonun xarici görünüşünü tamamilə dəyişdirib.Bu isə o deməkdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Şamaxı rayonu üçün də uğurlu olmuşdur. Belə ki, ötən ildə rayonun ümumdaxili məhsulun həcmi 30,5 faiz artaraq 261,4 milyon manat olmuşdur. Əvvəlki illə müqayisədə sənaye müəssisələrində məhsul istehsalı 16,4 faiz artaraq 7,8 milyon manat təşkil etmişdir. Əsas kapitala investisiya qoyuluşu tikinti-quruculuq işlərinin genişləndirilməsinə, rayonun aqrar sektorunun inkişafına mühüm təsir göstərmişdir. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 93,3 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ildə tikinti-quraşdırma işlərinin həcmi 180,6 faiz artaraq 89,8 milyon manat olmuşdur. Rayon ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektləri üzrə pərakəndə əmtəə dövriyəsinin həcmi 265,3 milyon manat olmuş, əvvəlki ilə nisbətən 2,4 faiz artmışdır. İqtisadiyyatın başqa sahələrində olduğu kimi əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətin həcmi xeyli çoxalmışdır. Əhali 56,4 milyon manatlıq pullu xidmətdən istifadə etmiş, ötən illə müqayisədə 5,2 faiz artım əldə olunmuşdur.Azərbaycanda aparılan islahatlar, regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait digər bölgələrdə olduğu kimi Şamaxı rayonunda yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.2019-cu ilin birinci rübündə Şamaxıda 127 yeni iş yeri açılıb.Açılan iş yerlərinin hamısı daimidir. Təzə iş yerlərinin 11-i yeni yaradılan müəssisə və təşkilatlarda, 116-sı isə fiziki şəxslərdədir. Qeyd edək ki, aqrar bölgə olan rayonda təsərrüfatın ayrı-ayrı sahələrində yüzlərlə sakin müvəqqəti iş yerlərində çalışır.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, Şamaxı tarixən böyük üzümçülük ənənələrinə malik olub. duğunu, Ötən əsrin 80-ci illərində Azərbaycanda ən iri üzümçülük bölgəsi kimi tanınıb. O vaxt rayonda 27 min hektardan çox üzüm bağı olmuşdur. Hər il orta hesabla 250-260 min ton üzüm istehsal edilmişdir. Bu gün, Azərbaycanda üzümçülüyün yeni inkişaf mərhələsinin yaşandığı bir vaxtda təsərrüfatın bu sahəsinin əvvəlki şöhrətinin qaytarılması ən ümdə vəzifələrdəndir. Məlumatda o da bildirilib ki, "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində rayonda xeyli iş görülmüş və hazırda üzüm bağlarının sahəsi 1793,6 hektara çatdırılmışdır. Bağların 1612 hektarı məhsuldardır. 185 hektar cavan üzüm bağı intensiv üsulla əkilmişdir. Onu da qeyd edək ki, üzümçülüyün Şamaxı rayonu üçün böyük iqtisadi səmərəsi var. Şamaxı iqlimində 100 hektar məhsuldar bağdan hər il orta hesabla 600 min manat gəlir götürülməsi mümkündür. Kənd təsərrüfatının bu sahəsi əhalinin il boyu məşğulluğu baxımından da çox əhəmiyyətlidir. Məlumatda vurğulanıb ki, hazırda respublikamızda kənd təsərrüfatında yeni innovasiyaların, texnologiyaların tətbiqi ilə əlaqədar iş aparılır. Məsələn, artıq pambıqçılıqda Çin texnologiyası tətbiq olunur. Üzümçülükdə də yeni texnologiyaların tətbiqi, fermerlərə informasiya xidmətlərinin göstərilməsi, onların yeni texnika barədə mütəmadi olaraq məlumatlandırılması zəruridir. Xatırladaq ki, Şamaxıda üzümçülüyün və şərabçılığın inkişafı ilə əlaqədar böyük layihələr hazırlanaraq, müasir texnologiya ilə yeni, məhsuldar bağların salınması, ixracyönümlü məhsulların istehsalı istiqamətində tədbirlər görülür. Artıq rayonda yeni tingçilik təsərrüfatı yaradılmışdır. Burada 120 mindən çox ting əkilmişdir. Onu da qeyd edək ki, ötən il Şamaxı rayonunda kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki ilə nisbətən 11 milyon 682 min manat və ya 20,2 faiz artmışdır. Ötən il 69 milyon 455 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Bunun 40 milyon 41 min manatı bitkiçilik, 29 milyon 414 min manatı isə heyvandarlıq məhsullarıdır.Göründüyü kimi, məhsul istehsalı ən çox bitkiçilikdədir. Bu, həm də əkinçiliyə əvvəlki ilə nisbətən 17 min 948 hektar əlavə torpaq sahəsinin ayrılması ilə əlaqədardır. Nəticədə ötən il rayonda 2017-ci ildəkindən 43 min 637 ton çox olmaqla, 87 min 165 ton dənli və dənli paxlalılar istehsal olunmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan layihələrin icrası aqrar bölgə olan Şamaxı rayonunda da infrastrukturun yenilənməsinə, yeni sənaye sahələrinin yaradılmasına imkan verib.Yola saldığımız 2018-ci ildə sənaye məhsulları istehsalında və göstərilən xidmətlərin həcmində artım qeydə alınıb. Belə ki, ötən il rayonda 7 milyon 129,1 min manatlıq sənaye məhsulları istehsal olunub və xidmətlər göstərilib ki, bu da 2017-ci ildəki göstəricidən 375,3 min manat çoxdur.

Rayonda ekoloji tarazlığın bərpasına da xüsusi diqqət yetirilir. Aprelin 7-də Şamaxıda Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması münasibətilə ağacəkmə aksiyası keçirilmişdir. Aksiya Şamaxı Rayon İcra Hakimiyyəti və 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə birgə təşkil edilmişdir. Rayonun idarə, müəssisə, təşkilatlarının kollektivlərinin, rayonda təhsil alan yuxarı sinif şagirdləri və tələbələrin, gənclərin, habelə ictimaiyyət nümayəndələrinin qatıldığı aksiya zamanı avtomobil yollarının ətraflarında, şəhərin küçə və parklarında 1000-ə yaxın həmişəyaşıl ağac əkilmişdir.Ağacəkmə aksiyası mütəmadi olaraq rayon mərkəzində və bütün yaşayış məntəqələrində davam etdiriləcək.

Regionların sosial iqtisadi inkişaf proqramları çərçivəsində rayonda sosial problemlərin həlli də diqqət mərkəzində olub. Belə ki, Şamaxı rayonunun Çöl Göylər kəndi qazlaşdırılıb. Kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətlərinin çəkilişi davam etdirilir. Kəndə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edəcək və 110-dan çox ev "mavi yanacaq"la təmin olunacaq. İşlərin qısa zamanda yekunlaşdırılması nəzərdə tutulmuşdur. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq olunur ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradacaq.

Rayonda əhalinin sağlamlıq məsələsinə də önəm verilir. Qeyd edək ki, Şamaxı rayonunda əhalinin kütləvi pulsuz tibbi müayinəsi uğurla davam edir və artıq 7831 nəfər bu humanist aksiyadan yararlanmışdır.105 min 154 nəfər əhalisi olan Şamaxıda 72 min 764 nəfər tibbi müayinədən keçməlidir. Müayinə edilənlərin 1582 nəfəri ambulator, 104 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 82 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılmış, 156 nəfər ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir. Qeyd edək ki, əhalinin tibbi müayinəsi mərkəzi xəstəxanada, poliklinikada, Sabir, Mədrəsə, Şəhriyar qəsəbə, Göylər, Çarhan, Çuxuryurd kənd xəstəxanalarında, habelə Şamaxı Diaqnostika Mərkəzində aparılır. Üç səyyar həkim briqadası yerlərdə tibbi müayinəyə gələ bilməyən ahıl insanlara evlərində xidmət göstərir.

Yeri gəlmişkən xatırladaq ki, martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə olublar. Bu il fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində İsmayıllı və Ağsu rayonları ilə yanaşı, Şamaxı rayonunda da fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ziyan dəyib. İndiyədək Şamaxıda 4893 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244 ev kəskin qəzalıdır. Onlardan da 96-sı şəhər, 35-i qəsəbələr, 113-ü isə kəndlər üzrədir. Hazırda şəhər üzrə kəskin qəzalı hesab edilmiş evlərdən 6-sı inşa olunur. Rayonda, ümumilikdə, 1111 evin bərpasına və gücləndirməsinə ehtiyac var ki, onlardan da 561-i şəhərdə, 87-si qəsəbələrdə, 463-ü isə kəndlərdədir. Şamaxıda təbii fəlakətlə bağlı şəhər üzrə 866, qəsəbələr üzrə 123, kəndlər üzrə isə 811 olmaqla, ümumilikdə, 1800 evin təmirə ehtiyacı var. Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən tədbirlər nəticəsində artıq zəlzələnin fəsadları aradan qaldırılır. Bu məsələdə dövlət başçısının imzaladığı müvafiq Sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait xüsusi əhəmiyyətə malikdir. Onu da qeyd edək ki, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri də zəlzələdən dərhal sonra təbii fəlakətdən zərərçəkmiş ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar. Toplanmış məlumatlar Fondun rəhbərliyinə məruzə edilib. Sadalanan faktlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən social iqtisadi inkişafla bağlı dövlət proqramları sözün həqiqi mənasında bölgələrin inkişafını təmin edir. Uğurla davam etdirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları bölgələrdə infrastruktur layihələrinin icrasını təmin etməklə yanaşı, yüz minlərlə yeni iş yerlərinin, sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatında müsbət nəticələrin əldə olunmasına şərait yaradır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İqtisadiyyat xəbərləri
Olaylar.az digər xəbərlər