“Rəsulzadə qayınatamı əsirlikdən azad edib...” - Cümhuriyyət qurucusunun kəndində bir gün...

“Rəsulzadə qayınatamı əsirlikdən azad edib...”  - Cümhuriyyət qurucusunun kəndində bir gün...

Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi ilə bağlı Cümhuriyyət dövrünə, o dövrün aydınlarına, Cümhuriyyətin qurulmasında əməyi keçən ziyalılarımıza aid silsilə yazılar yayımlayırıq. Yazılarımızın da əksəriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə haqqındadır. Bu dəfə də yolumuzu Rəsulzadənin doğulub boya-başa çatdığı Novxanı kəndindən saldıq.

Novxanı kəndində çatırıq. İlk ziyarət edəcəyimiz yer Rəsulzadənin evi olur. Rəsulzadə 1884-cü ilin 31 yanvarında məhz bu evdə doğulub. Bağçanın təsərrüfat müdiri Bəsti xanım Abbasi deyir ki, bu ev artıq 1937-ci ildən uşaq bağçası kimi fəaliyyət göstərir. Rəsulzadənin mənzilinə daxil olub indi uşaqlar üçün yaradılan şəraitlə də tanış oluruq. Evin divarında böyük şəxsiyyətin fotosu da vurulub.


Rəsulzadə haqda kənd ağsaqqallarından məlumat almaq üçün kəndin mərkəzindəki məscidə getməyimizi məsləhət görürlər. Kənd məscidində həmsöhbət tapa bilməsək də, məscidin yaxınlığında yerləşən çəkməçi dükanına yaxınlaşırıq. Qapını döyüb içəri daxil oluruq. Hardan gəldiyimizi deyirik, o da M.Rəsulzadəylə bağlı bildiyi məlumatları bizə danışır. Çəkməçi Yusif kişi həm də mütaliə etdiyini, Rəsulzadə haqda bir neçə əhvalatı bildiyini deyir.

“Rəsulzadə qayınatamı əsirlikdən azad edib...”


“Adım Mirzəyev Yusif Şükür oğludur. 1944-cü ildə Novxanı kəndində anadan olmuşam. 1960-cı ildən çəkməçi işləyirəm. Bu sənətlə qız da köçürmüşəm, oğul da evləndirmişəm. M.Rəsulzadəylə bağlı bir neçə dəfə mən də eşitdiklərimdən, bildiklərimdən jurnalistlərə danışmışam. Qayınatam Ağadadaşov Balabəy Ağadadaş oğlu İkinci Dünya müharibəsi iştirakçısı olub. Qayınatamın 1943-cü ildə müharibə zamanı bir neçə əsgərlərlə almanlara əsir düşür və onları Fransaya gətirirlər. Günlərin bir günü bir nəfər gəlir ki, Fransada azərbaycanlılarla söhbət eləsin. Bunu görən azərbaycanlılar tanıyırlar ki, bəs bu Rəsulzadədir. O, əsir düşmüş soydaşlarımızı Novruz bayramı öncəsi vətənə qayıtmasını təmin edir. Onlardan biri də məhz mənim qayınatam Balabəy olub”.

Yusif kişinin işlədiyi dükanın divarında Rəsulzadənin cavanlıq fotosu və Mehdi Hüseynzadənin fotosunun vurulduğunun şahidi oluruq. Məlum olur ki, Yusif kişi elə gənclik illərindən bu insanların pərəstişkarı olub. Əlindəki ayaqqabını tikə-tikə Yusif kişi söhbətinə davam edir.


“Tağıyevdən kənd sakinləri üçün toxumluq taxıl alıb...”


“Mən sizə M.Rəsulzadəylə bağlı bir neçə məlumat da verə bilərəm. Bunu da mənə yaşlı ağsaqqallar danışıb. Günlərin bir günündə kəndimizdə həmin il quraqlıq olub. Əkin sahələrimiz susuzluqdan məhv olub gedirmiş. Rəsuzladə bir neçə ağsaqqlı da özü ilə götürərək Hacı Zeynalabdin Tağıyevin yanına gedərək, ondan toxumluq taxıl alıb. Aldığı taxılı kənd sakinlərinə verib. Həmin ili kəndimiz vəziyyətdən çıxa bilib. O vaxt “töycü” deyərmişlər. Kəndimiz kasıb olduğuna görə “töycü” verə bilmədiyindən kəndin bütün “töycü”sünü özü ödəyib.

“Hansı ki, Stalin Maral xanımın çörəyini yemişdi...”


“Sovet höküməti qurulana yaxın Stalini Bakıda həbs etmək istəyirlər. Rəsulzadə Stalini xilas etmək üçün atasının axund olduğu məsciddə minbərin altında gizlədib. Amma Rəsulzadənin ögey anası Maral xanımı həbs edib acından öldürəndə, Stalin onu xilas etmədi. Hansı ki, Stalin Maral xanımın çörəyini yemişdi. Ondan sonra isə M.Rəsulzadəni Sovet höküməti həbs edəndə, onda da Stalin gəlib onu Moskvaya aparıb və oradan da Finlaniyaya yola salıb”.


Yusif dayıyla söhbətimizi yekunlaşdırıb çoxunun Əli müəllim kimi tanıdığı Məmmədəli müəllimgilə yollanırıq. Məmmədəli müəllim dükan işlədir. Dükana daxil olub satıcı xanımdan Məmmədəli müəllimi soruşuruq. Zəng vurub çağırır. Dükanda ilk diqqətimizi çəkən isə məhz elə Rəsulzadənin divardan asılmış fotosu olur. Əlimdəki fotoaparatla Rəsulzadənin divardakı şəkilini çəkirəm. Məmmədəli müəllim gəlir: "O şəkildən məndə bir dənə qalıb”-deyir. Məmmədəli Əliyev 1944-cü ildə Novxanı kəndində anadan olub. İxtisasca radio-mühəndisdir. 1970-1992-ci illərdə Azərbaycan translasiya qovşağında çalışıb. Novxanı kəndində hamı onu Rəsulzadənin heykəlini qoruyan adam kimi tanıyır. Məmmədəli müəllim də Rəsulzadə haqda tarixi hadisələri nəql edir.


“Həmin vaxtı M.Rəsulzadə Qazax rayonundan Gürcüstana keçərək...”


“1918-ci ildə ermənilər ingilislərlə birləşib general Tomsonun başçılığı altında Bakıya hücum edəndə Azərbaycanı yer üzündən silmək niyyətində olublar. Həmin vaxtı M.Rəsulzadə Qazax rayonundan Gürcüstana keçərək, özünü Tiflisdən Türkiyənin paytaxtı Ankaraya çatdırıb. Türk qoşunlarından kömək istəyib. Onlar da deyiblər ki, Yunanıstanla müharibədən çıxdıqları üçün ordudakı vəziyyət o qədər də ürək açan deyil. Amma, buna baxmayaraq türk qoşunları Nuru paşanın başçılığı ilə Azərbaycana gəlir və erməni-ingilis birləşmələrini şəhərdən qovur.

“1992-ci ildə M.Rəsulzadənin abidəsini kənddə qoyduq...”


Kənddə M.Rəsulzadənin abidəsinin qoyulmasında iştirakı edənlərdən biri də mən olmuşam. Abidənin heykəltaraşı Cavanşir Dadaşovdu. 1989-cu ildə heykəl hazırlanmağa başladı və 1992-ci ildə yekunlaşdı. İndi o heykələ nəzarəti mən edirəm”.


“Rəsulzadənin sağ qalan yeganə oğlu...”


Məmmədəli müəllimdən ayrılıb Rəsulzadənin kəndəki parkına gedib heykəlinin qarşısında xatirə şəkili çəkdiririk. Oradan isə kənd qəbristanlığına yollanırıq. Qəbristanlıqda Rəsuzladənin atası və yeganə sağ qalan oğlu Azər Rəsuzladənin məzarı var. Azər Rəsulzadə haqda qısaca bir tarixi hadisəni deyim: “Azər atasını heç vaxt görməyib. Çünki, o iki aylıq körpə olanda atası onunla görüşüb ayrılır. Onda evdəkilərdən soruşur: “Uşağın adını nə qoymusunuz?”. Həyat yoldaşı deyir ki: “Uşağın adını Əliheydər qoymuşuq”. Məməmməd Əmin oğlunu bağrına basıb deyir: “Yox, bu Əliheydər olmayacaq. Bu Azəri oğludur. Bu Azər olacaq”. O vaxtdan uşağın adını Azər qoyurlar. Uzun zaman Qazaxıstanın Karaqanda şəhərində yaşayan Azər Rəsuzladə 1993-cü ildə vəfat edib. Biz həm Azərin, həm də babasının məzarını ziyarət edib Novxanıdan qayıtdıq. Allah rəhmət eləsin!


Vasif Əlihüseyn

Açar sözlər
Əmin Rəsulzadə , Mehdi Hüseynzadə , Azər Rəsulzadə , Məmmədəli Əliyev , Cavanşir Dadaşov , Mirzəyev Yusif , Bəsti Abbasi , Əliheydər Azəri , Balabəy Ağadadaş , Türkiyə , Azərbaycan , Bakı , Qazax , Gürcüstan , Fransa , Qazaxıstan , Moskva , Ankara , Yunanıstan , Karaqanda
Hadisə xəbərləri
Moderator.az digər xəbərlər