Reyxstaqa sancılan bayraq, haqqı yeyilən, 10 il iş kəsilən qəhrəman – 74 illik mübahisə…

Reyxstaqa sancılan bayraq, haqqı yeyilən, 10 il iş kəsilən qəhrəman – 74 illik mübahisə…

Berlin, 30 aprel 1945-ci il, saat 15-30... Marşal Georgi Jukov Berlindəki sovet qoşunları qərargahındakı rabitə otağına keçir

Adətən, göndərdiyi teleqramların məxfiliyini, yaxud da təcili olmasını bir sözlə, yəni “məxfi”, “təcili” ifadə edən marşal bu dəfə teleqraf aparatının arxasında əyləşən serjanta 3 dəfə təkrar edir:

“Təcili, təcili, təcili!

İosif Stalinə, Dövlət Müdafiə Komitəsinin üzvlərinə.

1945-ci il 30 aprel tarixində, yerli vaxtla saat 14-25-də alman qoşunlarının müqaviməti dəf olunaraq SSRİ-nin qələbə bayrağı şimali qərb tərəfdən Reystaq üzərinə sancılmışdır.
1-ci Belarusiya cəbhəsinin komandanı marşal Jukov”.

Reyxstaq üzərinə bayraq sancılması ideyası Stalinə məxsus olub. 6 noyabr 1944-cü ildə oktyabr inqilabının ildönümünə həsr olunmuş yığıncaqda Stalin həmin bayrağı, məhz “Qələbə bayrağı” adlandırıb:
“İndi ordumuzun qarşısında bir missiya var. Müharibəni sona çatdırmaq, alman-faşist ordusunu darmadağın etmək və qələbə bayrağını Berlində ucaltmaq...”

Həmin yığıncıqda Berlində bayrağın harada ucaldılacağı sualı ortaya çıxanda Stalin bu suala bir cümlə ilə cavab verib: “Qələbə bayrağı Reyxstaq üzərinə sancılmalıdır!”

Bundan sonra Almaniya istiqamətində döyüş əməliyyatları keçirən diviziyaların sayına görə 9 xüsusi bayraq hazırlanıb. Və onlar “Qələbə bayrağı” adlandırılıb.

Reyxstaqın ələ keçirilməsi üçün həlledici hücum aprelin 30-da keçirilib. Almaniya parlamentinin binasını həmin gün 1000-dən artıq faşist ordusunun döyüşçüləri mühafizə ediblər. Üçüncü cəhddən sonra sovet qoşunları ayrı-ayrı istiqamətlərdən Reyxstaq binasına daxil ola biliblər.

İlk olaraq “5” nömrəli bayraq Reyxstaq binasının şimal qərb tərəfinə sancılıb. Az sonra daha iki “Qələbə bayrağı” binanın digər istiqamətlərində dalğalanıb.

İlk qələbə bayrağını Reyxstaq üzərinə general-mayor Şatilovun komandiri olduğu 150-ci divizyanın serjantları Mixail Yeqorov və Melitonom Kantariya sancıblar. Bayrağın Reyxstaq binasına sancılmasında Yeqorovun və Kantariyanın təhlükəsizliyini Aleksey Berest təmin edib. Reyxstaq binasında mərtəbələr arası pillələr dağıdıldığından fiziki cəhətdən çox güclü olan Berest Yeqorovu və Kantariyanı yuxarı mərtəbəyə çiyinlərində aparıb və bayrağın sancılacağı yerə ilk olaraq özü çıxıb. Amma nədənsə Yeqorov və Kantariya ən yüksək dövlət mükafatlarına layiq görüləndə Aleksey Berestin adı heç bir yerdə çəkilməyib. Haqqının tapdandığını görən Berest müharibədən sonra ordu sıralarından tərxis olunub. Doğulduğu Rostova dönən Berest şəhər kinoteatrlarının birində direktor vəzifəsində işləyib və heç vaxt qələbə bayrağı ilə bağlı hadisələri unutmayaraq tez-tez bu haqda Kremlin ünvanına sərt fikirlər səsləndirib. 1953-cü ildə Berest işlədiyi kino müəssisəsindəki külli miqdarda “yeyintilərə” görə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Amnistiya ilə cəzası iki dəfə aşağı düşən Berest azadlığa çıxdıqdan sonra un kombinatında yükdaşıyan işləyib. Elə bu ərəfədə ilk olaraq Berestin Berlindəki qəhrəmanlığı ilə bağlı “Don” jurnalında geniş yazı dərc edilib. Amma onun haqqını yenə də verməyiblər.

Aleksey Berest 1970-ci ildə faciəli şəkildə həlak olub. O, Bakı-Moskva sürət qatarının “Selmaş” stansiyası yaxınlığından keçdiyi vaxt azyaşlı qızı qatarın altına düşməkdən xilas edərkən həlak olub.

Nəhayət, 2005-ci ilin mayın 6-da Ukrayna prezidenti Viktor Yuşşenkonun sərəncamı ilə Reyxstaq üzərində bayraq sancılmasında göstərdiyi qəhrəmanlığa görə Aleksey Berest (ölümündən sonra) “Ukrayna Qəhrəmanı” fəxri adına layiq görülüb.

Reyxstaq üzərinə qələbə bayrağının ilk olaraq kim tərəfindən sancılması ilə bağlı uzun illər mübahisələr, fərqli fikirlər səngiməyib. Sorokin, Bulatov və daha neçə nəfərin ilk olduqları səslənsə də, rəsmi olaraq bayrağın sancılması Yeqorov və Kantariyanın adı ilə təsdiqlənib.

Hətta belə bir versiya da səsləndirilib ki, Stalin Reyxstaqa ilk bayraq sancanlardan birinin hökmən milliyətcə gürcü olmasına dair göstəriş verib.

30 oktyabrda Reyxstaq sütunlarına sancılmış qələbə bayrağı mayın 2-də çıxarılaraq, artıq bu dəfə Reystaq binasının yarı dağıdılmış damına, kümbəz hissəsinə sancılıb və həmin bayraq 1945-ci il 24 iyunda Moskvada keçirilən qələbə paradına gətirilib.

Qeyd edək ki, Reyxstaq üzərində əlində qələbə bayrağı olan əsgərin məşhur fotosu aprelin 30-da deyil, mayın 2-də səhnələşdirilərək hərbi müxbir Yevgeni Xaldey tərəfindən çəkilib.(müsavat.com)

pia.az