Rusiyadan Türkiyəyə ABŞ-ı hiddətləndirəcək TƏKLİF: F-35 qırıcıları verilməsə...

Rusiyadan Türkiyəyə ABŞ-ı hiddətləndirəcək TƏKLİF: F-35 qırıcıları verilməsə...

“Türkiyə Su-57 döyüş təyyarələri üçün əlverişli bazardır. Əgər Türkiyə bu təyyarələrdən almaq istəsə, bu sahədə əməkdaşlıq etməyə hazırıq”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın ”Rosteh” dövlət müdafiə sənayesi şirkətinin sədri Sergey Çemezov deyib.

Sədr bildirib ki, Türkiyənin NATO ölkəsi olmasına rəğmən, S-400 zenit raket kompleksini alması və ABŞ-ın buna görə tətbiq etdiyi təzyiq və təhdid sisteminə qarşı qətiyyətli mövqe sərgiləməsini Rusiya rəğbətlə qarşılayır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı S-400 və S-500 müdafiə sistemlərinin ortaq istehsalı ilə bağlı verdiyi açıqlamaya da aydınlıq gətirən Çemezov qeyd edib ki, Rusiya üçün Türkiyə ilə hava müdafiə sistemi sahəsində əməkdaşlıq etmək əhəmiyyətlidir.

Sergey Çemezov Rusiyanın 5-ci nəsil Su-57 təyyarələrinin ixracına icazə verən sənədlərin imzalandığını diqqətə çatdırıb: “Öncəliklə, Rusiya Müdafiə Nazirliyinin Su-57 ehtiyacını qarşılamağı hədəfləyirik. Su-57 fövqəladə potensiala sahibdir, buna görə də onun gələcəkdə ixracatına dair tələbatları dəyərləndiririk. Əgər Türkiyə bu təyyarələrdən istəsə, məmnuniyyətlə əməkdaşlıq edə bilərik”.

Qeyd edək ki, Su-57 döyüş təyyarələri ABŞ və Türkiyə daxil olmaqla, 8 ölkənin ortaq istehsal etdiyi F-35 qırıcılarına alternativ kimi göstərilir. ABŞ Türkiyəni bu qırıcıları tədarük etməməklə təhdid edir.

Zümrüd

Siyasət xəbərləri
Publika.az digər xəbərlər