Rusiyalı hərbi ekspert: “Onların geosiyasi yarışması Minsk qrupu formatına da sıçrayıb”


Son vaxtlar Dağlıq Qarabağ münaqişəsi ətrafında proseslər kifayət qədər dinamik şəkildə inkişaf edir. Martın 29-dakı Vyana görüşündən cəmi iki həftə sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrovun təşəbbüsü ilə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçirildi.
İndi isə Xarici işlər naziri Elmar Məmmədyarovun bəyan etdiyi kimi Amerikalı diplomatlar Azərbaycan və Ermənisatn XİN rəhbərləriniVaşinqtona dəvət ediblər. ABŞ-ın Dövlət katibi Mayk Pompeo Qarabağ münaqişəsinin nizamlanmasında şəxsi səylərini göstərmək niyyətindədir. Hələlik bu məlumat rəsmi olaraq təsdiq edilməyib. Ermənistan XİN sözçüsü Anna Nağdalyan, Moskva görüşündən sonra həmsədr ölkə olaraq, Amerikanın da belə bir təşəbbüslə çıxış etməsində qeyri-adi heç bir şey olmadığını vurğulayıb.
Münaqişənin nizamlanmasında digər maraqlı məqam danışıqlar masasında hər hansı sənədin varlığı, müzakirə mövzusunun nədən ibarət olmasıdır. Elmar Məmmədyarov Moskva görüşündən sonra bəyan edib ki, hazırda 2016-cı ildə irəli sürülən təkliflər müzakirə edilir. Lakin erməni tərəfi bunu inkar edərək, hər hansısa sənəd ətrafınada müzakirə getmədiyini bildirib. Erməni tərəfi qeyd edib ki, tərəflər bir-birinin mövqeyinin aydınlaşdırılması və tanış olma prosesini davam etdirirlər.

Hərbi siyasi məsələlər üzrə ekspert Vladimir Yevseyev bildirib ki, Lavrovun bu görüşlə bağlı təşəbbüsünün məqsədi gərginliyin azaldılmasına yönəlib. O qeyd edib ki, istənilən həmsədr ölkə keçmişdə əldə edilən razılaşmalar ətrafında irəliləyişə nail olmağa çalışır.
“Çox layihələr var. Məsələn yenilənmiş “Madrid prinsipləri”, məlum olduğu kimi ATƏT-in Minsk qrupu həmsədrləri buna dəstək nümayiş etdiriblər. Bölgəyə dair istənilən məsələ müzakirə edilmədən öncə gərginliyin azaldılması vacibdir. İndiki vəziyyətə ərazilərin qaytarılmasına inanmıram. Bu məsələnin gündəliyə daxil edilməsi üçün hələ çox iş görülməlidir. İndiki vəziyyətdə münaqişənin həlli məsələsindən danışmaq tezdir”, - deyə Yevseyev qeyd edib.
Moskva bu prosesdə uzunmüdddətli bir layihəyə malikdirmi deyə növbəti sualı cavablandırarkən Yevseyev qeyd edib ki, Rusiya tərəfi yenilənmiş Madrid prinsipləri ilə razıdır: “Həmsədrlər bu layihəyə tərəfdar olub. Amma nə fərq edər, nə olsun ki, beynəlxalq aləmdə icra edilməyən o qədər qərar var. Bu məsələni ruslar yox, azərbaycanlılarla ermənilər həll etməlidir”.

Onun sözlərinə görə, Beynəlxalq vəziyyət də bu məsələnin həllində önəm daşıyır: “Məsələn Rusiya-Amerika qarşıdurması davam edən indiki mərhələdə Moskva və Vaşinqton Qarabağ məsələsində əməkdaşlıq etməyə davam edirlər yoxsa, onların geosiyasi yarışması Minsk qrupu formatına da sıçrayıb”.
Moskva görüşündən sonra Məmmədyarovun sözlərinə görə, indi də Vaşinqtonda görüşün keçirilməsi nəzərdə tutulur. Bunun nə məna daşıdığını Yevseyev belə izah edib: “O qeyd edib ki, Moskva hər hansı bir tədbiri keçirdikdə, məsələn Əfqanıstan münaqişəsinin həlli üzrə iclas keçirdiyi anda, Vaşinqton fikirləşir ki, nə üçün bu tədbiri ilk öncə Amerika tərəfi keçirməyib. Artıq bu məsələnin beynəlxalq əlaqələrlə heç bir bağlantısı yoxdur. Buna görə Rusiyanın belə bir təşəbbüslə çıxış etməsindən sonra Amerikanın da bu cür tədbirə əl atması artıq təbii haldır”.
Alpər Mövludoğlu