S-400-lər Azərbaycana gələ bilər-ermənilər təlaşda...

S-400-lər Azərbaycana gələ bilər-ermənilər təlaşda...

Əhəd Məmmədli: “S-400 kompleksləri Azərbaycanda yerləşdirilsə...”; Əziz Əlibəyli: “Belə bir ehtimal mümkündür”


Türkiyə NATO-dan olan müttəfiqlərinin Rusiyadan S-400 Raket Əleyhinə Müdafiə sisteminin alınması ilə bağlı narahatlıqlarını anladığını bildirib. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu jurnalistlərlə bu məsələyə həsr olunmuş görüş keçirib.


Rusiya qurğuları yay ərzində Türkiyəyə gəlməlidir. Bununla əlaqədar ABŞ Türkiyə hakimiyyətindən Rusiyanın RƏM sistemi və Amerikanın F-35 qırıcıları arasında seçim etməyi tələb edib. Türkiyəyə 100 qırıcı daxil olmalı idi, amma ABŞ Rusiyanın raket əleyhinə qurğularının NATO aviasiyasında tətbiq edilən hərbi texnologiyalar haqqında məlumatları tuta biləcəyindən ehtiyatlanır. Çavuşoğlu bildirib ki, bu cür ehtimalların heç bir əsası yoxdur.


AFP agentliyi qeyd edib ki, Türkiyənin Rusiyadan əldə etdiyi qurğulardan imtina etməsi ehtimalı artır. Belə olan halda bu raketlər üçüncü tərəfə ötürülə bilər.


Beləliklə, Türkiyə üçün S-400 məsələsi tamamilə qeyri-adi məcraya yönələ bilər. Bu günlərdə Türkiyə KİV-ləri S-400-ün müvəqqəti olaraq Azərbaycanda və Qatarda yerləşdirilməsi ehtimalından bəhs edib. Bu, Türkiyə hərbçilərinin Azərbaycanda olan S-300 sistemlərində təlim keçmək istəyi ilə izah olunurdu. Türkiyə S-400-dən imtina edərsə, Ankaranın ödənişini etdiyi RƏM sistemlərini ötürə biləcəyi üçüncü ölkələr Azərbaycan və Qatar ola bilər.


Bakı üçün bu sistemlər Ermənistanda olan orta məsafəli "İsgəndər" ballistik raketləri ilə bağlı təhlükənin aradan qaldırılması üçün əhəmiyyət kəsb edir.


Burada əsas diqqətləri heç şübhəsiz ki, Azərbaycanla bağlı olan hissələr cəlb edir.



Politoloq Əhəd Məmmədli hesab edir ki, seçim Türkiyənin maraqları tərəfdən yana olmalıdır: “ Düşünürəm ki, Türkiyə istənilən halda S-400 raket kompleksinə sahiblənəcək. Türkiyənin çətin dönəmində kömək etməyən NATO-nun müttəfiqlərinə güvəncsiz yanaşdığı təbiidir. Türkiyə S-400 imtina edən deyil. Sadəcə 3-cü dövlət kimi hansısa ölkəyə bu raket komplekslərini yerləşdirə bilər. Bu ölkələrin Azərbaycan və Qətər olması da təbiidir. Çünki Azərbaycan Türkiyəyə ən yaxın ölkədir, Qətər də Türkiyənin müttəfiqidir. Həmçinin Qətərdə qardaş ölkənin hərbi bazası var. S-400 kompleksləri Azərbaycanda yerləşdirilsə, bunu hərbi potensialımız, təhlükəsizliyimiz üçün müsbət bir hal kimi qiymətləndirirəm. Həm də Ermənistanda yerləşdirilən “İsgəndər”lərə bir cavab olar. Türkiyə tərəfindən S-400- lər alınacaq. Türkiyənin özündə və ya başqa yaxın ölkədə yerləşdirilməsi isə texniki məsələlərdir. S-400-lərin Azərbaycan və Qətərdə yerləşdirilməsi mümkündür. Düzdür Qətərdə yerləşdirilməsi daha mümkün görsənir. Çünki bu ölkədə Türkiyənin hərbi bazası var. Lakin Qətərə yerləşdirilməsinin mənfilikləri də var. ABŞ-ın Yaxın Şərqdə ən böyük hərbi bazası Qətərdədir. ABŞ düz yanında S-400-lərin yerləşdirilməsinə razılaşmaz. Bu baxımdan rus raket komplekslərinin Azərbaycanda yerləşdirilmə imkanları çoxalır. Amma burda da bir əmmə var. Azərbaycanın düşməni Ermənistan. Ermənistan üçün S-400-lərin Azərbaycanda yerləşdirilməsi qəbul olunmazdır. Özü də Türkiyəyə məxsus olan bu sistemlərin yerləşdirilməsi ermənilər üçün ümumiyyətlə, qəbul edilən deyil. Bütün bunlara rəğmən Rusiya üçün əsas öz maraqlarıdır. Moskvanın da maraqları NATO üzvü Türkiyəyə raket komplekslərini satmaqdır. Yəni ruslar razı olsalar, ermənilər S-400-lərin Azərbaycanda yerləşdirilməsinə əngəl ola bilməyəcəklər. Əsas bu işdə amerikalıları razı salmaqdır ki, S-400-lər Türkiyəyə satılsın və güzəşt kimi də bu müasir raket kompleksləri Türkiyədə deyil, Azərbaycan və ya Qətərdə yerləşdirilsin. Fikrimcə, bu məsələdə razılığa gəlinsə ABŞ S-400-lərin Azərbaycanda, Rusiya isə Qətərdə yerləşdirilməsindən yana olacaq. Rusiya üçün Qətərdə amerikan hərbi bazasına yaxın yerdə raketlərinin yerləşdirilməsi daha məqsədə uyğun olar. Amerika üçün isə məlum məsələdir ki, Azərbaycan daha məqbul variantdır”.


Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirdi ki, bu günlərdə iki vacib xəbər gündəm olub: “Bunlardan biri Türkiyə ABŞ-ın "İncirlik"dəki hərbi bazasını bağlasa, alternativ olaraq ABŞ silahlı arsenalının Yunanıstana köçürülməsi, digəri isə Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması ehtimalları ilə bağlı idi. Bu iki məsələnin kökündə əslində ABŞ-Rusiya qarşıdurması dayanır. Qəbul edək ki, bu toqquşmanın sərhədi bütün ölkələrdən keçir. Son olaraq Türkiyədə CHP qalibiyyətini ABŞ, günümüzdəki Ukrayna qalibiyyətini isə Rusiya faydaya çevirməyi bacardı. Əslində Türkiyə Rusiyadan raketləri yayda alacaq, amma mübarizə iki ildir ki, geniş vüsət alıb. Bu prosesin baş tutmaması üçün Tramp Administrasiyası təzyiq edir, müxtəlif rıçaqlar tapır, mövqe dəyişdirir, amma Türkiyə bu raketləri almaqda qəti hərəkət edir. ABŞ bunun müqabilində F-35 təzyiqi edir, Türkiyəni NATO-dan çıxarmaqla hədələyir, kürd terroru ilə şantaj edir, İraq və Suriyadan müxtəlif çaplı hücumlar təşkil edir. Türkiyə hər iki silahı ordusunun istifadəsinə daxil edəcək. Çünki Rusiya ilə prinsipial problemləri həll edə bildi. ABŞ-a gəldikdə isə, burda Türkiyənin xeyli manipulyasiya imkanı var. F-35 olmayacaqsa, Türkiyə Rusiyadan onun alternativi olan SU-57 ovçu missiyalı qırıcılarını əldə edə bilər. 5-ci nəsil bu qırıcı hava müdafiə sistemini, quru, dəniz, hava hədəflərini məhv edə bilir. Bu baxımdan kim müqavilə öhdəliyinə əməl etməzsə, uduzacaq. Bu oyundan isə Türkiyənin qalib ayrılacağı mümkündür. Türkiyə hərbi gücdür. 12 ölkədə hərbi bazası mövcuddur. Onlardan biri də Qətərdir. Ötən il baş verən Qətər böhranından sonra Türkiyə burda əsl xilasedici rol oynayaraq, bir növ bu dövləti Səudiyyə Ərəbistanının öldürücü hücumundan xilas edə bildi. Ən əsası Körfəzdə mövcud İran qüdrətini zəiflətmək üçün Türkiyə bu bölgəyə daxil ola bildi. O eyni zamanda, Qətərin hərbi müdafiəsinin meneceri də sayılır. Demək ki, Türkiyə Rusiyadan aldığı raketləri burda yerləşdirə bilər. Belə bir ehtimal mümkündür. Azərbaycana gəldikdə isə burda Rusiya təsiri var. Ermənistanla savaşdayıq. Türkiyə bunun üçün dolayısı yolla Azərbaycanda hərbi baza açmaq təklifi verir. Amma bu, mümkün olacaqmı? İnandırıcı deyil. Çünki Türkiyənin olduğu qədər, Rusiyanın daha artıq bu məkana təsiri mövcuddur. Üstəgəl, bunun istifadə mexanizmi mümkün olacaqmı? Ən əsası texniki istifadə imkanları hansı səviyyədədir? Bu suallar həm çox, həm də ciddidir. Ona görə də Azərbaycan versiyasını qəti olaraq istisna edirəm”.(musavat.com)

Açar sözlər
Əziz Əlibəyli , Əhəd Məmmədli , Nato , Chp , Ukrayna , Moskva , Səudiyyə Ərəbistanı , Iraq , Rusiya , Ankara , Abş , Suriya , Yunanıstan , Iran , Bakı , Türkiyə , Ermənistan , Azərbaycan
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər