Şagirdlərin kabusu - VIDEOREPORTAJ

Şagirdlərin kabusu - VIDEOREPORTAJ

Məktəblidən nə tələb etmək olar? Yaxşı oxumaq, keyfiyyətli təhsil almaq. Təbii ki, bunun üçün də təhsil verən ocaqda uyğun şərait olmalıdır. Hər il yüksək nəticələri ilə fərqlənən Tovuzdakı Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində isə deyəsən keyfiyyətli təhsildən əsər-əlamət qalmayacaq. Çünki məktəbdə təhsil almaq günü-gündən təhlükəyə çevrilir.

Məktəbli Nahid Hacızadə Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində 9-cu sinifində təhsil alır. Səhhətində yaranan problemlərə görə bir neçə gün dərslərindən uzaq qalıb. Həmsöhbətimin başına gələnlərə səbəb təhsil ocağının qəzalı vəziyyətdə olmasıdır.

1971-ci ildə tikilən məktəb indiyə qədər təmir olunmayıb. Bu səbəbdən də sinif otaqları yarasız vəziyyətdədir. 6 saat ərzində pəncərəsi qırıq, döşəməsi sınıq, qapısı örtülməyən, tavanı da qəzalı vəziyyətdə olan otaqlarda oturmaq belə çətindir. O ki, qaldı müəllim dərs deyə, şagird də rahat şəkildə mənimsəyə...

Müəllim və şagirdləri narahat edən digər məsələ də var. Təhsil ocağını isitmək üçün müasir qızdırıcı qurğular quraşdırılsa da işləmir. Divarlara asılan istilik radiatorları sanki göz dağıdır. Məktəbin direktoru deyir ki, mərkəzləşmiş istilik sistemi iki il qış mövsümündə işləyib. Ötən ilin qışında isə xəbərdarlıq edilmədən qazanxananın fəaliyyəti dayandırılıb.

Tovuz dağətəyi ərazidə yerləşir və havalar vaxtından tez soyuyur. Qarlı şaxtalı günlərə də az qalıb. Nahid kimi digər məktəblilər də yenidən soyuq sinif otaqlarında dərs keçmək məcburiyyətində qalacaqlar. Bəs bunun günahkarı kimlərdir?

Araşdırmalarımız zamanı bəlli oldu ki, təhsil ocağının qazanxanası mavi yanacağa olan borca görə qapadılıb. Azəristiliktəchizat Səhmdar Cəmiyyətinə nə qədər borcun olduğunu müəyyənləşdirmək bir qədər vaxtımızı aldı. Rayon Təhsil Şöbəsindən bildirildi ki, sözügedən məktəbin qazanxanasının fəaliyyəti üçün Təhsil Nazirliyinin nəznindəki 6 saylı maliyyə hesablaşma mərkəzi vəsait ödəyir. Ancaq qurumun rəhbəri Emin Əliyev isə bildirdi ki, həmin məktəb onların balansında deyil. Tovuz rayon Maliyyə İdarəsində isə bildirildi ki, məktəb rəhbərliyi müqavilə şərtlərilə tanış olmadan sənədə imza atıb. Bu səbəbdən də işlədilən mavi yanacağın sərfiyyatı ikiqat hesablanıb. Buna aydınlıq gətirmək üçün yenidən başıbəlalı məktəbə üz tutduq.

Beləcə suallarımıza Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyətində cavab axtardıq. Qurumun abonent xidməti şöbəsinin rəisi Rafiq Əliyev bildirdi ki, sözügedən məktəbin qazanxana fəaliyyəti üçün müqavilə 2014-2015 -ci tədris ili müddətində Azəristiliktəchizat ASC ilə Tovuz rayon Təhsil Şöbəsi arasında bağlanıb. Məktəbin hazırda istifadə etdiyi mavi yanacağa olan borcu isə 57 min manatdır.

Müqavilənin imzalanmasını Tovuz rayon Təhsil Şöbəsi də təsdiqlədi. Vəsait çatışmazlığından qazanxanaya qaz təchizatının dayandırılması barədə Azəristiliktəchizata məktub ünvanladıqlarını da bildirdilər. Yeni tədris ili üçün isə yeni müqavilə imzalanmayıb. Borc tam ödənilməmiş yeni razılaşmanın əldə edilməsi mümkün olmayacaq. Beləcə, Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi bu qışı da soyuq divarlar arasında keçirməli olacaqlar.

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər