Salyanda Çernobıl əlilləri ilə görüş

Salyan, 26 aprel, Mahir Babayev, AZƏRTAC
Salyan Rayon İcra Hakimiyyətində Çernobıl faciəsinin növbəti ildönümünə həsr olunmuş görüş keçirilib.
Görüşdə Çernobıl faciəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edənlər 1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasının dördüncü blokundakı qəzanın bəşər tarixinin ən faciəvi fəlakətlərindən biri olduğunu qeyd edib, qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən 96 nəfər salyanlı gəncin fədakarlıqlarından danışıblar.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Çernobıl iştirakçılarına göstərilən diqqət və qayğı daha da artırılıb, bu qəbildən olan sağlamlığını itirmiş insanların maddi-rifah halının yaxşılaşdırılması məqsədilə sərəncamlar imzalanıb. Bu istiqamətdə görülən işlər Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Çernobıl əlillərinin mənzil və məişət şəraiti yaxşılaşdırılır, müalicələri üçün lazımi şərait yaradılır.
Məlumat verilib ki, rayonda yaşayan 96 Çernobıl əlillinin hamısı II qrup əlillik statusu alıb, 3 nəfərinə yeni mənzil, 2 nəfərinə isə avtomobil verilib. 39 nəfər mənzil, 3 nəfər isə avtomobil növbəsinə götürülüb.