Səfirlərin ziyarət etdiyi Hirkan Milli Parkından- REPORTAJ-FOTOLAR

Səfirlərin ziyarət etdiyi Hirkan Milli Parkından- REPORTAJ-FOTOLAR

Hirkan Milli Parkında ağacların kəsilməsi və orada mal-qarananın otlaması ilə bağlı redaksiyamıza şikayət edən Lənkəran sakini Rauf Həsənovun şikayətindən sonra məsələni araşdırmaq üçün parka yollandıq. Milli parkın direktoru Azər Mirzəyev bizimlə söhbətində bildirdi ki, əslində R.Həsənov parkın işçisi olub və 2016-2017-ci illər ərzində 19 ağacı qanunsuz kəsdiyi üçün iş başında yaxalanıb. Bundan sonra parkın nümayəndəsi Ramin Abbasovun Lənkəran Rayon Məkhəməsinə şikayətindən sonra məhkəmə R.Həsənovu 2222 manat dəyərində cərimələyib. Bununla bağlı bizə məhkəmə qətnamələri də təqdim etdi. Bundan sonra R.Həsənov mütəmadi olaraq müxtəlif media orqanlarına şikayət edərək milli parkda qanunsuzluqların baş verdiyini bildirib.



Hirkan Milli Parkının ərazisində gəzərək rəhbərliyi özü və əməkdaşların park haqqında geniş məlumat aldıq. Hirkan Milli Parkı Azərbaycan Prezidentinin 81 saylı sərəncamı ilə 2004 cü il fevral ayının 9-da 21435 hektar sahədə, əvvəlki Hirkan dövlət təbiət qoruğuna Astara və Lənkəran meşə təsərrüfatlarının (18.529 ha) ərazilərinin birləşdirilməsi hesabına yaradılmışdır. 2008- ci ilin aprel ayından başlayaraq Milli Parkın ərazisi Lənkəran Meşə Bərpası İdarəsinin hesabına daha da genişləndirilmişdir (18.923 ha) və ümümilikdə ərazisi 40.358 hektar olmuşdur. Hirkan Milli Parkı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan dövlət müəssəsidir.



Bu tarixə kimi Azərbaycanın cənub bölgəsində yerləşən üçüncü dövrün qiymətli hirkan florasını və burada məskunlaşan faunanı qorumaq məqsədilə Hirkan dövlət təbiət qoruğu fəaliyyət göstərirdi. Hirkan dövlət təbiət qoruğu 1936- cı ildə dekabr ayının 8 də 886 ha sahədə Lənkəran qoruğu adı ilə yaradılmışdır. Sonradan onun sahəsi 15 min hektara ya qədər artırılmışdır. Azərbaycan hökümətinin 20 iyul 1961-ci il qərarına əsasən qoruğun ərazisi 12 min hektar kiçildilmişdir və Qızılağac qoruğunun filialına çevrilmişdir. 1961- ci ildən 1967-ci ilə kimi qoruğun ərazisi 3054 hektar qalmışdır. 1967- ci il 21 aprel tarixli Azərbaycan hökümətinin sərəncamına əsasən qoruğun ərazisindən bir hissə (148 hektar) alınaraq Xanbulançay su anbarının yaradılması ilə əlaqədar olaraq Azərbaycan Su Təsərrüfatı nazirliyinə verilmiş və qoruğun ərazisi 2906 hektar qalmışdır. Sonuncu dəfə 1969-cu il 18 iyul tarixində yenidən sərbəst Hirkan Dövlət Təbiət Qoruğu elan edilmişdir və sahəsi 2906 hektar qalmışdır.



Milli Parkın yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının cənub bölgəsində yerləşən üçüncü dövrə aid qiymətli hirkan florasını, burada məskunlaşan fauna növlərinin qorumaq və olduğu kimi gələcək nəsillərə çatdırmaq, həmçinin bölgədə dayanaqlı olaraq ekoturizmin inkişaf etdirilməsi olmuşdur. Hirkan qoruğu ərazisində üçüncü dövrə xass olan qiymətli ağac və kol cinsləri tədqiqatçılar tərəfindən həmişə öyrənilmiş və hal hazırda Milli Parkın ərazisində bu istiqamətdə işlər aparılır. Qeyd edək ki, nüvə ərazisində tədqiq olunmuş 160 növ ağac və kolların 36 ı relikt və endemikdir. Meşələrdə üçüncü dövrə xas olan relikt və endemik bitki örtüyü zəngindir. Bunlardan Lənkəran akasiyası, xəzərlələyi, dəmirağac, şabalıdyarpaq palıd, pirkal, hirkan armudu, hirkan ənciri, hirkan biqəvəri, hirkan şumşadı, budaqlı danaya və s. Fauna növlərindən isə Ön Asiya bəbiri, xallı maral, cüyür, tirəndaz, vaşaq, çöl donuzu və s. göstərmək olar. Hirkan meşələri endemik və relikt bitki növlərinə, burada məskunlaşan nadir heyvan növlərinə və biomüxtəlifliyin rəngarəngliyinə görə unikal bir ərazidir. Bu unikallığın qorunub saxlanması, ölkədaxili və xarici turistlərə tanıdılması, turistlərin əraziyə cəlb edilməsi istiqamətində işlər görülmüşdür.



Belə ki, 2016-cı ilin II rübində Milli Parkda ekoturizmin inkişafı məqsədilə mövcud olan ekoturizm marşurutları boyu ekoturizm üçün zəruri şəraitin (infrastrukturun) yaradılmasından ötrü istiqamətgöstəriçi löhvələr ərazidə yerləşdirilmiş, turist çadırlarının qurulması və piknik yerlərinin seçilməsi kimi işlər həyata keçirilmiş, ”Xanbulan” (I və II), “Moskva” düzən meşə, “Şəlalə”, “İstisu”, “Sım-Şəlalə” və “Siyov-Dilmədi” marşurutlarında yenidən bərpa işləri aparılmış, istiqamətləndirici nişanlar qoyulmuş, piknik və oturacaq yerləri düzəldilmiş, rənglənmə və əhənglənmə işləri aparılmış və hazırda da davam etdirilir. Həmçinin Lənkəran rayonu “Xanbulan” giriş qapısında, Osakücə meşəbəyliyi ərazisində və Astara rayonu üzrə “Alaşa” kəndində yerləşən nəzarət-buraxılış məntəqələri yenidən tam təmir olunmuş və Hirkan Milli parkının inzibatı binasının girişində və Astara rayonu üzrə xüsusi mühafizə olunan “Sım” adlı ərazidə yeni nəzarət buraxılış məntəqələri istifadəyə verilmiş və 24 saatlıq iş fəaliyyəti bərpa edilmişdir.



Hirkan, Bürcəli, Daşdatük, Osakücə, Diryan və Astara rayonu üzrə Sım, Səncərədi, Alaşa, İstisi, Siyov kəndlərinin yerli əhalisi ilə məşğululuğun təmin edilməsi, ekoturizm marşututlarının mühafizəsi, təmizliyinə riayət olunması, turistlərin daha çox cəlb edilməsi ilə bağlı görüşlər keçirilmişdir. Belə ki, yerli əhalinin turizmə marağının artırılması məqsədilə könüllü bələdçilərin milli parka cəlb edilməsindən ötrü maarifləndirmə işləri aparılmış və könüllü bələdçi dəstəsi yaradılmışdır.

Uğurlu işlərin nəticəsində Parka 2017-ci ildə 992 nəfər ( 606-yerli, 386-xarici ) turist gəlmiş, ekoturizm və rekreasiya xidmətindən 2190 manat Parkın hesabına köçürülmüşdür. Məlumat üçün bildiririk ki, 2017-ci illər ərzində respublikada keçirilən müxtəlif beynəlxalq konfransların iştirakçıları (müxtəlif dövlətlərin nümüyəndələri) milli parkın ərazisində turist kimi qonaq olmuşdur. Belə ki, 2017-ci il mart və noyabr aylarında ABŞ-ın və Belarus Respublikasının Azərbaycandakı səfirləri Robert Sekuta və xanımı Ənn Sekuta, Axramovic Gennadi Vladimiroviç öz xanımı ilə cənub rayonlarına səfəri zamanı Hirkan Milli Parkının inzibatı binasında olmuşdur. Parkda səfirlərlə park əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirmiş və qonaqlar əməkdaşlarımıza milli parkın ərazisində yaradılmış flora və faunaya, ərazini yaranmaq və öyrənilmə tarixi barədə suallarla müraciət etmiş və nəticədə onları maraqlandıran bütün cavablardan məmnun olduqlarını bildirmişlər.



2018-ci Hindistanın Azərbaycandakı səfiri Sancay Rana və xanımı cənub bölgəsinə səfər çərçivəsində fevralın 15-də Hirkan Milli Parkında olmuşdur. Hindistanlı diplomatla keçirilən görüşdə xüsusi mühafizə olunan ərazisində yerləşdirilən foto kameralarda parkın flora və faunasına aid məlumatlar videoçarx vasitəsi ilə nümayiş etdirilmiş, cənub bölgəsinə məxsus eksponatlar haqqında parkın elmi işlər üzrə direktor müavini Hacıağa Səfərov tərəfindən geniş məlumat verilmişdir. Parkın direktoru Azər Mirzəyev Hindistanlı diplomat Sancay Rana və xanımına hədiyyələr vermişdir. Hindistanlı diplomata parkın ərazisində olan Xanbulan gölü, Xanbulan-1 marşurutlara haqqında geniş məlumat verilmiş və parkın xüsusi mühafizə olunan ərazisində Xanbulan və “Şəlalə” marşurutlarını ziyarət etməklə cənub bölgəsinin əsrarəngiz təbiəti ilə tanış olmuşlar. Hindistanın Azərbaycandakı səfiri Sancay Rana və xanımı bu görüşdən çox məmun olduqlarını bildirmişlər.



Görülən bu işlərlə yanaşı Hirkan Milli Parkının inzibati binası yenidən təmir olunmuşdur. Belə ki, otaqlar və binanın xarici divarlarında kosmetik bərpa işləri aparılmış, normal iş şəraitini yaratmaq məqsədilə otaqlara odun peçləri qoyulmuş, binanın ətrafında və yol kənarlarında mütəmadi olaraq təmizləmə işləri aparılmış, güllər əkilmiş, giriş darvazası və divarlarında rəngləmə-əhəngləmə işləri aparılmışdır. Milli Parkın inzibatı binasının həyətində ekomüzey yaradılmışdır. Belə ki, göyərçin yuvası, dövşan ev, bildirçin, ipəktüklü yapon toyuqların, hind toyuqların hinləri, meşədən gətirilmiş arı pətək yeşikləri, hörmcək evçiyi, öyrədiçi təbiət löhfəsi, xüsusi mühafizə olunan ərazisində bitən müxtəlif növ bitki və ağaclardan inzibati binanın həyətində “mini” parkın yaradılması gələn qonaqların diqqətini cəlb edir.



Parkda güclü nizam-intizam və mühafizə rejimi yaradılmışdır. Ərazidə demək olar ki, qəti olaraq ağackəsmə və brokonyerlik halları baş verməmişdir. Əvvəllər ərazidə 3 fototələ yerləşdirildiyi halda, hal-hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA( Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) və WWF(Vəhşi Təbiətin Mühafizəsi) təşkilatlarının dəstəyi ilə Parka 8 ədəd fototələ gətirilmiş və müvafiq yerlərdə quraşdırılmışdır. Nizam-intizam və mühafizənin tam gücləndirilməsinin nəticəsi olaraq Parkın fauna aləmində müsbət dəyişikliklər özünü biruzə vermişdir. Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bəbirin (balaları ilə birgə) ərazidə yerləşdirilən fototələlərə düşən görüntüləri gördüyümüz işin və mühafizənin yüksək səviyyədə qurulmasının baris nümunəsidir. Məlumat üçün bildirək ki, aparılan müşahidələr nəticəsində Milli Parkın ərazisində 4 bəbir hesaba alınmışdır.



“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakşılarının cənub bölgəsinə səfəri zamanı Hirkan Milli Parkını da ziyarət etmişlər. Belə ki, təqribən 2000 yaxın müəllim və məktəblilərə Milli Parkın yaradılmasının məqsədi, fəaliyyəti, bitki və heyvanat aləmi barədə geniş məlumatlar verilmiş və Xanbulan marşurutu ilə hərəkət etməklə milli park ilə əyani tanış olmuşlar. Ərazidə olan turistlər burada gördüklərindən çox məmnun olduqlarını bildirmiş və yaratdılan yaxşı şəraitə görə Hirkan Milli Parkın rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.


Vasif Əlihüseyn

Fotolar müəllifindir

Açar sözlər
Gennadi Vladimirov , Robert Sekuta , Rauf Həsənov , Azər Mirzəyev , Ramin Abbasov , Hacıağa Səfərov , Azərbaycan Respublikası Ekologiya Və Təbii Sərvətlər Nazirliyi , Azərbaycan Su Təsərrüfatı Nazirliyi , Azərbaycan , Hindistan , Abş , Azərbaycan Respublikası , Moskva , Lənkəran , Astara , Hir , Xanbulan Gölü
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər