Şəhriyar Məmmədyarov: "Heç-heçələr barədə FİDE düşünməlidir"

Şəhriyar Məmmədyarov: "Heç-heçələr barədə FİDE düşünməlidir"

"Heç-heçə qaçılmazdır. Son günlər hamı şahmatda heç-heçələrin çoxaldığını deyir. Kənardan danışmaq asandır. Bu oyunun içində olanda görürsən ki, qələbəyə oynamaq mümkün olmur".

"Report"un məlumatına görə, bu fikirləri "ShamkirChess 2019" superturnirin II turunda Teymur Rəcəbovla heç-heçə edən Şəhriyar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

Qrossmeyster bildirib ki, bəzən 4-5 saat oynadığın partiyada qələbə görünmür: "Ona görə heç-heçələr barədə FİDE düşünməlidir. Əslində, şahmatçıların öhdəsinə buraxmaq lazımdır. Heç-heçə istəmirlərsə, qaydaya dəyişiklik etsinlər. Stavangerdə keçirilən mötəbər yarışda heç-heçəyə imkan verilmir. Əgər oyun bərabər başa çatarsa, şahmatçılar əlavə blitsdə qalibi müəyyənləşdirir".

Daha sonra Ş.Məmmədyarov milli komandanın üzvlərinə qarşı mübarizə aparmağın çətinliyindən danışıb: "Bizi illərin münasibəti bağlayır. Mentalitetlə bağlıdır. Millidə hamımız bir ailəyik. Təsəvvür edin, lazım olanda debütlərimizi bölüşürük. Teymurla aramızda sirrimiz yoxdur. Teymurun mənə kömək etdiyi yarışlar olub. Bəzən bildiyim debütlə komanda yoldaşlarımla bölüşmüşəm. Belə halları digər komandalarda görmək mümkün deyil. Onlarda hamısı bir-birinə rəqib kimi yanaşır. Azərbaycan millisində uğur qazandığımız yarışlarımız, qalibiyyətlərimiz olub. Uzun illər millidəyik və bu adi münasibət deyil. Bir neçə il əvvəl Eltacla Şəmkirdə oynayanda mənə qələbə çox vacib idi. Udmalıydım, üstünlüyüm olduğu partiyada səhv etdim, güclə düzəltdim. Amma qalib gəlmək fikrində olmuşam. Ümumilikdə, etiraf etməliyəm ki, milli komandanın üzvlərinə qarşı uduşa oynaya bilmirəm. Dost olduğum həmkarıma qarşı prinsipiallıq hiss etmirəm. Bu, həmişə belə olmur".

Şəhriyar Məmmədyarov bu il də klublar arasında Avropa Kubokunda iştirak edəcəyini bildirib: "Çox maraqlı təklif almışam. Klubun adını hazırda açıqlaya bilmərəm. İddialı klubun heyətində görəcəksiniz məni".

İdman xəbərləri
Report.az digər xəbərlər