Sənədsiz evlərin rəsmiləşdirilməsi əmlak bazarını canlandıracaq

Sənədsiz evlərin rəsmiləşdirilməsi əmlak bazarını canlandıracaq

"2011-ci ildə Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirə vaxtı cənab Prezident tərəfindən hökumətə tapşırıq verilmişdi ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tədbirlər görülsün. Bundan sonra dövlət başçısının müvafiq sərəncamları oldu. Həmin sərəncamlara əsasən, bəzi sənədsiz evlər sənədləşdirildi, sənədsiz olan çoxmərtəbəli binaların istismara verilməsi və sənədləşməsi bir çox binalarda həll olundu".

Bunu "Unikal"a Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov deyib.

Deputat bildirib ki, bir çox evlər bu günə qədər sənədsizdir, vətəndaşlar onların üzərində mülkiyyət hüququna malik deyil.

"2019-cu ildə Prezident Administrasiyasının rəhbərinin müvafiq sərəncamı ilə tədbirlər planı təsdiq olunmuşdu. Həmin tədbirlər planına əsasən, icazə olmadan tikilmiş evlərin siyahıya alınma məsələsi aidiyyəti qurumlara tapşırılmışdı. Həmin gündən etibarən bu iş başlanılmışdı. Bütün ölkə üzrə sənədsiz evlərin, əmlakların siyahıya alınması prosesinə start verilmişdi və pandemiyaya qədər davam etmişdi. Pandemiya dövründə müəyyən məhdudiyyətlər oldu. Buna görə bu proses dayandı. Güman edirəm ki, Əmlak Məsələləri Xidməti bu işi bərpa edəcək. Əgər bu iş başlayıbsa, nəticəsi olacaq. Bunun davamı da olmalıdır. Bu hər bir tərəf üçün xeyirlidir, səmərəlidir. Vətəndaş üçün xeyirlidir ona görə ki, artıq yaşadığı mənzil, fərdi yaşayış evi, əmlak üzərində sərəncam vermək hüququna malik olacaq. Yəni, onu sata və ya dəyişdirə biləcək. Eyni zamanda dövlət üçün böyük bir vəsaitdir. Həmin sənədsiz evlər sənədləşdiriləndən sonra onların üzərində alqı-satqı və s. əməliyyatlar aparıla bilər. Həmin əməliyyatlardan əldə olunan rüsumlar hesabına dövlət büdcəsi əlavə vəsait əldə edəcək".

Milli Məclisin üzvü qeyd edib ki, daşınmaz əmlak bazarı pandemiya dövründə çox səngimişdi.

"Evlərin sənədləşdirilməsi prosesi onu yüz faiz canlandıracaq. O cümlədən bələdiyyələr də bundan faydalancaq ki, əmlak vergisi üzrə vergitutma bazası onlar üçün artacaq və bununla da onlar yerli büdcələrə daha çox vəsait toplaya biləcəklər".

Anar Kəlbiyev

Açar sözlər
Anar Kəlbiyev , Kamran Bayramov , Əmlak Məsələləri Xidməti , Bakı Şəhər Icra Hakimiyyəti , Milli Məclisin Regional Məsələlər Komitəsi , Milli Məclis
İqtisadiyyat xəbərləri
Unikal.org digər xəbərlər