Samir FEYRUZ
"Stivenin uşaqları...”
Ötən əsrin 80-ci illərində ABŞ-ın Miçiqan ştatında Stiven adlı bir "siyasətçi” peyda olmuşdu, siyasi mübarizədə mümkün olan və olmayan bütün vasitələrdən istifadə etməyi məqbul hesab edirdi. Dostları ilə pivə içəndə açıq şəkildə bəyan edirdi: "Konqresmen olmaq üçün ölkəmi, prezident olmaq üçün Yer kürəsini satmağa hazıram...”. Aşırma şalvarlı bu "siyasətçi” cəmi 3 ay populist çıxışları ilə diqqət çəkə bildi, o vaxta qədər ki, ABŞ-ın hərbi bazalarının şəklini çəkib doğma qardaşı vasitəsilə düşmən dövlətlərə ötürdü... Stivenin hekayəsi bununla bitdi, amma onun davamçıları bütün ölkələrdə olub, bu gün də var, sabah da olacaq. Elə Azərbaycanda da Stivenin mənəvi oğlu az deyil! Amma "Stivenin uşaqları”nın başında gələni AXCP sədri Əli Kərimlidir. Hakimiyyətə gəlmək üçün terroru məqbul hesab edir, iqtidarı ələ keçirmək üçün öz dövlətinin maraqlarını illərdir xarici təxribatçı dairələrə satır və bir qrup uğursuz, bivec adamları tərəzinin bir gözünə töküb ki, prezident olacaq. Orta məktəbdə oxuyarkən "Babək” filminin kənd teatrında səhnələşdirildiyi vaxt Ə.Kərimli Səhl İbn Sumbat rolunu alır və məharətlə oynayır. Ali mətkəbdə oxuyarkən "Qanlı zəmi” səhnəyə qoyulur, bu adam kəndxuda rolunu ustalıqla oynayır, vaxtilə şərəfini qoruyan Qaçaq Nəbiyə etdiyi xəyanət bu gəncin sifətində xüsusi rənglə daha cəzbedici görünürdü. 1992-1993-cü illərdə AXCP-Müsavat hakimiyyəti illərində mühüm dövlət vəzifəsi tutan Ə.Kərimli öz kreslosunu xüsusi "kəpənək”lərlə qoruyurdu, Xocalının işğalı günü almacığından mənasız, quru, küləş qoxuyan gülüşü əksik olmurdu. Üstündən illər keçib, heç nə dəyişməyib. Səhl İbn Sumbatdan, Kəndxudadan bu yana tariximizin satqınsız qalan bütün künc-bucağını öz iması ilə doldurub və bir yığın kəndxuda da yetişdirə bilib. Keçək məsələnin başqa tərəfinə...
Mənəvi terrorun zəlil qurbanları "milli” donda...
Dünyada və regionda baş verən hadisələr, təlatümlər heç kimin gözündən yayınmır. Sosial partlayışlar, iqtisadi təlatümlər əksər dövlətlərdə iqtidarla müxalifəti vahid cəbhəyə gətirdi. Elə qonuşu qardaş Türkiyə dövlətini götürək, lap olsun Gürcüstan. Amma Azərbaycanda heç bir milli məsələdə özünü "ana müxalifət” adlandıran AXCP və onun sədri Ə.Kərimli xalqla, iqtidarla birlikdə həmrəylik nümayiş etdirmədi. Mingəçevir İES-da partlayış oldu, ölkəmizi qaranlıq bürüdü, bütün dövlət qurumları ayaqüstündə işlədi, problem aradan qalxdı, böyük bir ziyanla üzləşməli olduq. Belə bir məqamda daha çox əziyyət çəkən xalq idi. Amma Ə.Kərimli nə etdi? Yaranmış bu durumdan öz məqsədləri üçün sui istifadəyə başladı, Azərbaycanda tezliklə terror hadisəsinin baş verəcəyini anons etdi, sosial şəbəkələr vasitəsilə millətin canına qorxu salmaq üçün insanları gecələr də yatmamağa səslədi. Qısa bir müddətə problem aradan qalxdı. Bax, bu Ə.Kərimliyə sərf etmədi. Sanki hər an pusquda durub ki, ölkədə hansısa xoşagəlməz bir olay baş versin və bu "pulssuz-parasız” Ə.Kərimli sosial şəbəkələrdə kartından 500 dollar xərcləyib bir post paylaşsın. Tənbəl, bivec qarğa-qurzunlar da tökülüb bu postun üstündən hay-həşir salsınlar. Bu da olur siyasi "mübarizə”, millətə, dövlətə "xidmət...”. Söymədikləri adam qalmır.
Azərbaycan təkcə Ermənistanla mübarizə aparmır ki.., təkcə bu dövlətlə müharibə şəraitində deyilik axı... Dünyada II Dünya Müharibəsindən də daha təhlükəli soyuq müharibənin II mərhələsi başlayıb. İndi heç bir dövlət başqa dövlətə güllə atmır, milyardlarla pul xərcləyib mənəvi terrorla məşğul olurlar, ayrı-ayrı millətlərin genefonduna zərbələr endirirlər. Və bu işdə heç bir tarixi, mənəvi bağları, dəyərləri olmayan dövltələrdən, qruplardan, təşkilatlardan istifadə edirlər. Adını da qoymuşuq Qərb demokratiyası. Ay qardaşlar, Bill Klinton, Corc Buş, Barak Obama üst-üstə cəmi 23 il prezident oldular. Bu illər ərzində onların prezidentliyi dövründə 9 İslam dövlətinə müharibə elan olundu və ümumilikdə 11 milyona yaxın müsəlmanı qətlə yetirdilər. Qərbin "Human Rights Watch”, "Sərhədsiz reportyorlar”, "Freedom House” və sair digər bu tipli təşkilatlarının yöndəmsiz, təkrar tezisləri, bəyanatları cəbhəçiləri çox həvəsləndirir. Anlamırlar, ancaq tezliklə başa düşəcəklər ki, bu təşkilatlar Qərbin II Dünya Müharibəsindən sonra soyuq müharibə məqsədilə yaratdığı mənəvi terrorla məşğul olan qaranquşlardır. Gedin, qulbeçəsi olun, necə ki olmusunuz...
Ə.Kərimli kimilərin fikri gedib çıxıb ötən əsrin 9-cı illərinin əvvəllərinə... Belələri düşünür ki, ölkədə heç bir beynəlxalq tədbir keçirilməməlidir, müəllimlərin, həkimlərin maaşı 40 dəfə artırılmalıdır, bütün dövlətlərin üzünə qapını bağlamalıyıq, yalnız və yalnız vəzifə bölgüsü aparmalı və kim bunlar kimi düşünmürsə, həbs edilməlidir, özü də nəsillikcə... İndi də "Formula-1” yarışlarının xiffətini çəkirlər, şəhərin bəzi küçələrində yaranmış müvəqqəti tıxac Ə.Kərimli və trollarını əsəbləşdirirmiş. Yatıb yuxuda hansı rəqəmi görürlərsə, durub bəyan edirlər ki, hakimiyyət bu gün filan tədbirə 100 milyon xərtclədi, sabah 2 milyard xərcləyəcək və daha nələr... Milyardı da, milyonuna da "semiçka” pulu bilir zalım uşaqları... Qısası, bütün bu əndamsız hücumlar başa düşüləndir: Azərbaycan sürətlə inkişaf yolunda irəliləyir. Hələ bizi qarşıda parlament seçkiləri, daha böyük islahatlar gözləyir. Azərbaycanda bu gün nə baş verirsə, yaxşıya doğru baş verir. Bunu da həm xaricdəki anti-Azərbaycan dairələr, həm də daxilimizdəki "aruz”lar yaxşı dərk edirlər. Ona görə islahatlara kölgə salmaq üçün atılan bu addımların məqsədini hər kəs başa düşür. Siz xaricdən qrantlarınızı alıb çamur atın, biz də öz yolumuzda davam edək. Tarixin zibilliyində eşələnmək asan deyil ha... Di, eşələnin...