Sosial sahədə həyata keçirilən tədbirlər Çernobıl əlillərinin rifahının yaxşılaşdırılmasında mühüm əhəmiyyət daşıyır

Sosial sahədə həyata keçirilən tədbirlər Çernobıl əlillərinin rifahının yaxşılaşdırılmasında mühüm əhəmiyyət daşıyır

Kürdəmir, 26 aprel, AZƏRTAC

Kürdəmir Tarix-Diyarşünaslıq Muzeyində Çernobıl faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Çernobıl əlilləri, Qarabağ müharibəsi əlilləri, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra Heydər Əliyev Mərkəzinə gəlib, burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşələrlə tanış olublar.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların və Çernobıl faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Çernobıl qəzasının acı nəticələrindən, azərbaycanlı gənclərin qəzanın nəticələrinin aradan qaldırılmasında göstərdikləri fədakarlıqlardan danışılıb.

Ölkəmizdə Çernobıl əlillərinə göstərilən dövlət qayğısından da geniş bəhs olunub. Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü il dekabrın 6-da Milli Məclis “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Qanun qəbul edib. Həmin Qanuna, habelə Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq sosial sahədə həyata keçirilən tədbirlər Çernobıl əlillərinin rifahının yaxşılaşdırılmasında da mühüm əhəmiyyət daşıyır.

Tədbirdə Kürdəmir rayon Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Fərəc Dadaşov, Çernobıl Əlilləri İttifaqı Kürdəmir rayon bölməsinin sədri Umudvar Xəlilov və Çernobıl əlili Əbülfəz Baxşıyev çıxış edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda Çernobıl əlillərinə maddi yardım göstərilib.

Siyasət xəbərləri
Azertag.az digər xəbərlər