“...Sosial şəbəkələr ailələri dağıdır və şantaj elementinə çevrilir”

“...Sosial şəbəkələr ailələri dağıdır və şantaj elementinə çevrilir”

Səbuhi Abbasov: “Amma baş verə biləcək bütün neqativ halların qarşısını almaq üçün mexanizm var. Sadəcə,biz həmin mexanizmlərlə tanış deyilik”



"Sosial şəbəkələrdə cinayət elementləri olan proseslər çox aşkar olunur”.
Bunu "Sherg.az”a açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.
Ekspertin sözlərinə görə, cəmiyyətimizdə sosial şəbəkələrlə bağlı neqativ halların geniş vüsət almasının yalnız bir səbəbi var:
"Səbəb sosial şəbəkə platformasının əsl mahiyyətini dərk etməmək, maariflənməmək və internetdən istifadə etməmək bacarığıdır. İnsanlar sosial şəbəkələrdən "qonşumda var, məndə də olsun” deyərək qeydiyyatdan keçirlər. Bundan sonra elə başa düşürlər ki, sosial şəbəkədə onların bütün məlumatları qorunub və rahat şəkildə istədikləri prosesi edə bilərlər. İstənilən sosial şəbəkələrdə təhlükəsizliklə bağlı xüsusi təlimatlar yerləşdirilib.
Bu təlimatlar bir neçə dildə, hətta Azərbaycan dilində var. Rəy sorğusu onu göstərir ki, Feysbukda qeydiyyatdan keçənlərin yalnız 10 faizi təhlükəsizlik qaydaları ilə yaxından tanış olur. İstifadəçilərin böyük hissəsinin bu qaydalardan xəbəri yoxdur. Bundan sonra isə müəyyən fəsadlar üzə çıxır. O zaman deyirlər ki, sosial şəbəkələr ailələri dağıdır və şantaj elementinə çevrilir.
Sosial şəbəkələrdə baş verə biləcək bütün neqativ halların qarşısını almaq üçün mexanizm var. Sadəcə,biz həmin mexanizmlərlə tanış deyilik. İnsanların əksəriyyəti necə gəldi qeydiyyatdan keçir. Əgər istifadəçi xanımdırsa, o şəxsi məlumatlarını yerləşdirir.
Bundan sonra rəfiqələri və tanışları isə söhbət edir. Artıq onun inboksunda kifayət qədər şəxsi məlumatlar yer alır. Kiməsə öz videosunu və ya fotosunu göndərir. Sosial şəbəkələrdə şantaj üzrə ixtisaslaşmış insanların adətən ənənəvi bir üsulu var. Onlar müəyyən bir profilə hücumlar edirlər, həmin profilin bloklanmasına nail olurlar.
Məsələn, xanımlardan biri profilində problem olduğunu qeyd edir. Bu zaman şantajçı həmin xanıma kömək olacağını bildirir. Nəticədə parol və şifrəni alır, bütün məlumatları götürür. Beləliklə, həmin xanımı şantaj etməyə başlayır. Ona görə də istifadəçilər təhlükəsizlik qaydalarını diqqətlə nəzərdən keçirməkləri çox vacibdir”.
Ekspertin sözlərinə görə, sosial şəbəkə istifadəçilərinin 80 faizi təhlükəsizliklərini təmin etmirlər:
"Müəyyən xanımlar var ki, dəbdəbəli həyat tərzlərini sosial şəbəkədə paylaşırlar. Müəyyən şəkillər yerləşdirərək özlərini imkanlı biri olaraq təqdim edirlər. Qarşı tərəf müxtəlif yollara əl ataraq xanımların şəkillərini, video görüntülərini ələ keçirirlər. Problemin özəyində dayanan əsas məsələ istifadəçilərin təhlükəsizlik qaydalarını bilməməsindən irəli gəlir”.
Qeyd edək ki son zamanlar sosial şəbəkə istifadəçilərinə qarşı şantaj halları çoxalıb. Bu günlərdə Sərxan Məmmədov adlı şəxs feysbuk istifadəçisi olan xanımlardan birini şantaj edərək ondan 250 min manat tələb edib.
Yeganə Bayramova

İKT xəbərləri
Sherg.az digər xəbərlər