“Stram-Kurs” partiyası parlament seçkilərində iştirak etmək üçün zəruri həddə yaxınlaşır

Stokholm, 26 aprel, AZƏRTAC
Danimarkadakı “Stram-Kurs” adlı radikal partiyanın lideri Rasmus Paludan Quranın surələrini yandırır və müsəlman dininin qadağan olunmasını tələb edir, partiya özü isə Danimarka Parlamentinə seçkilərdə iştirak etmək üçün zəruri həddə yaxınlaşır.
AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, üzvlərinin sayı çox olmayan ifrat sağçı “Stram-Kurs” partiyası son həftələr ərzində dünya KİV-lərinin diqqət mərkəzindədir. Buna səbəb təhrikçi nümayişlər keçirilməsi, Quranın surələrinin yandırılması, müsəlmanların və immiqrantların təhqir edilməsi ilə bağlıdır. Partiya Danimarka Parlamentinə seçkilərdə öz namizədini irəli sürmək hədəfinə yaxınlaşır. Qarşıdakı parlament seçkilərində iştirak etmək hüququ qazanmaq üçün bu partiya azı 20.109 seçici imzası toplamalıdır. Aprelin 25-də səhər saatlarında yayılmış məlumata görə, bu ifrat sağçı partiya artıq 15 min imza toplayıb.
“Stram-Kurs” partiyası əsasən islamofob xarakterli ritorikası və qeyri-qərb ölkələrindən miqrasiyanın istənilən formasına qarşı yönəlmiş sərt millətçi siyasəti ilə ad çıxarıb. “Stram-Kurs” öz veb-saytında yazır ki, Danimarkada İslam dini qadağan edilməlidir və Krallıqda yaşayan hər bir qeyri-qərb mənşəli immiqrant gələcəkdə bir daha buraya qayıtmaq hüququnu itirərək Danimarkanı tərk etməlidir.
Partiyanın lideri Rasmus Paludan Danimarkanın müsəlman və immiqrant əhalisi tərəfindən qəzəb doğurmaq məqsədilə küçələrdə təhqiramiz aksiyalar keçirir. Bir həftə bundan əvvəl Kopenhagendə çoxlu immiqrantın yaşadığı Nörrebro rayonunda gedən Paludanın orada çəkilmiş fotoşəkillərində onun Quranın surələrini dəfələrlə havaya tulladığı aşkar görünür. Onun bu hərəkətləri həmin ərazidə yaşayan icmanı qəzəbləndirib, etiraz hərəkətlərinə və həbslərə səbəb olub. Danimarkanın baş naziri Lars Lökke Rassmusen Paludanın hərəkətlərini “mənasız provokasiyalar” adlandırıb və opponentlərini Paludana qarşı “zor tətbiq etmək əvəzinə onu arqumentlərlə qarşılamağa” çağırıb.
Qeyd edək ki, Danimarkada parlament seçkiləri iyunun 17-dən gec olmayaraq keçirilməlidir, lakin zəruri hallarda seçkilər başqa vaxta keçirilə bilər. Paludanın öz namizədliyini ərli sürə bilməsi üçün təyin olunmuş seçkilərə 15 gün qalmış 20.109 seçici imzası toplamalıdır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm