Maraqlıdır, bu il sakinlərin nə qədər kommunal borcu toplanıb? Müvafiq qurumlar bu borcların gələn ilə ötürülməməsi üçün hansı tədbirlər görəcək?
Məsələni dəqiqləşdirmək üçün əhaliyə kommunal xidmətlər təklif edən qurumlarla əlaqə saxladıq.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Xeberle.com-aaçıqlamasında bildirib ki, Şimal regionuna daxil olan ərazilər – Sumqayıt şəhəri, Xızı, Siyəzən, Quba, Qusar, Şabran rayonları üzrə yığım faizi 96.5 faiz təşkil edir.Lazımi xəbərdarlıqlar edilib və borclu abonentlər ilin sonuna qədər qalan borclarını ödəyəcəklər: ""Azərişıq" abonentlərinə etibar edir. Biz xidmət göstərdiyimiz vətəndaşların Yeni ili borcsuz qarşılamasına çalışırıq. Hər ilin sonunda elektrik enerjisi borcu olan abonentlərə xatırlatma edilir. Buna baxmayaraq, əksəriyyət bizim xəbərdarlığımıza ehtiyac qalmadan istifadə etdiyi elektrik enerjisi borcunu tamamilə ödəyir. Məhz vaxtlı-vaxtında borclarını ödədiklərinə görə, hər bir abonentimizə təşəkkür edirik”.
"Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt şəhər şöbəsindən saytımıza məlumat verilib ki, vətəndaşların təbii qazla təchiz olunması elektron qaz sayğacları ilə həyata keçirilir. Qurum sözçüsünün bildirdiyinə görə, bu da vətəndaşların qaz borclarının yaranmasının qarşısını alır: ""Smart" tipli qaz sayğaclarının iş mexanizminə görə, hər bir abonent plastik kartlar vasitəsilə ödəniş edir, qaz təchizatını aktivləşdirir. Buna görə də, ilin sonunda belə abonentlərin borcu qalmır".
Araşdırmamız zamanı məlum olub ki, Sumqayıt şəhəri üzrə ən çox borclu abonenti olan İstilik təchizat idarəsidir. "Azəristiliktəchizat”ASC-nin Sumqayıt şəhər idarəsinin rəisi Aftandil Nuriyev Xeberle.com-a borclu abonentlər haqda danışarkən bildirib ki, ilin sonuna qədər qalıq borclarını ödəməyən mənzillərin istliklə təminatı dayandırılacaq. Qurum rəisinin sözlərinə görə, ən çox borcu toplanan 5-ci mikrorayon sakinləridir. Ümumi olaraq isə borclu abonentlərin siyahısını təqdim edirik:
Hacı Zeynalabdin qəsəbəsində 18 binada 253 mənzil istiliklə təmin olunur. Və bu ərazidə abonentlərin 586.91 AZN qalıq borcu var.
1-ci məhəllə 15 bina, 437 mənzil, 7912.98 AZN qalıq borc.
7-8-12-ci məhəllələr 34 bina, 919 mənzil, 12038.82 AZN qalıq borc.
18-ci məhəllə 15 bina, 347 mənzil, 4104.07 AZN qalıq borc.
29-cu məhəllə 14 bina, 340 mənzil, 5781.49 AZN qalıq borc.
3-cü mikrorayon 27 bina, 1237 mənzil, 13202.90 AZN qalıq borc
5-ci mikrorayon 35 bina, 1504 mənzil, 38949.60 AZN qalıq borc
18-ci mikrorayon 20 bina, 942 mənzil, 20567.76 AZN qalıq borc
17-ci mikrorayon 59 bina 2701 mənzil, 36539.00 AZN qalıq borc
12-ci mikrorayon 2 bina, 130 mənzil, 10065.87 AZN qalıq borc.
Cəmi 239 bina, 8810 mənzil, 149749.40 AZN borc
Xədicə Səxavətqızı
Xeberle.com
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.