Sumqayıtda bağlanan marşrut xəttinin fəaliyyəti yenidən bərpa edilib - FOTO

Sumqayıtda bağlanan marşrut xəttinin fəaliyyəti yenidən bərpa edilib - FOTO

Sumqayıtda bir müddət öncə bağlanan 55 nömrəli marşrut xəttinin fəaliyyəti yenidən bərpa edilib.

Xeberle.com-un məlumatına görə, marşrut xətində olan və istismar müddətini keçmiş avtobuslar müasir və daha komfortlu geniş avtobuslarla əvəzlənib.

Xatırladaq ki, bir müddət öncə bağlanan marşrut xətti sərnişinlərin ciddi narazılığına səbəb olmuşdu. Marşrut xəttinin ərazidə fərdi yaşayış evlərinin sıx tikilməsi və yolların pis vəziyyətdə olduğuna görə bağlandığı bildirilirdi.

Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov Xeberle.com-a çıqlamasında marşrut xəttinin keçdiyi yolların təmir olunduğunu və xəttin yenidən bərpa olunduğunu təsdiq edib: "Marşrutun keçdiyi yollar təmir olunub və xəttin yenidən bərpası ilə bağlı qərar qəbul olunub. Artıq sərnişinlər komfortlu avtobuslardan istifadə edərək mənzilbaşına çata biləcəklər. Xəttə müasir tipli 3 yeni avtobus buraxılıb və bu avtobuslar 20 dəqiqəlik intervalla fəaliyyət göstərəcək".

Qeyd edək ki, 55 nömrəli marşrut xətti şəhərin mərkəzi bazarından "Xəzər bağları" adlanan yaşayış massivi istiqamətində fəaliyyət göstərir.

Xədicə Səxavətqızı

Xeberle.com


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

İqtisadiyyat xəbərləri
Xeberle.com digər xəbərlər