Sumqayıtda QHT-lərin icra hakimiyyəti orqanları ilə əməkdaşlığı hansı səviyyədədir? - ARAŞDIRMA

Sumqayıtda QHT-lərin icra hakimiyyəti orqanları ilə əməkdaşlığı hansı səviyyədədir?  - ARAŞDIRMA

Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Ölkəmizin sürətli iqtisadi və sosial inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətin imkanlarını genişləndirir, qeyri-hökumət təşkilatlarını dəstəkləmək və təşviq etmək üçün dövlət siyasətinin təkmilləşdirilməsini sürətləndirir. Ombudsman təsisatı fəaliyyətə başladığı dövrdən dövlət orqanları, QHT-lər və vətəndaş cəmiyyəti ilə insan hüquqları sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına daim önəm verir. Qarşılıqlı əməkdaşlığın daha faydalı və məqsədyönlülüyünə nail olmaq üçün Müvəkkil yanında QHT-lərdən ibarət Ekspertlər Şurası yaradılıb. Bu məqamda hər kəsi maraqlandıran bir sual yarana bilər.

Bəs, QHT ilə yerli hökumət orqanları münasibətləri necə qurulur?

Sumqayıtda fəaliyyət göstərən "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayeva Xeberle.com-a açıqlamasında deyib ki, Daxili İşlər Nazirliyinin İnsan alverinə Qarşı mübarizə Baş İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, və Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi ilə sıx əməkdaşlıq edirlər: "Həmçinin yerli icra orqanı ilə də əməkdaşlığımız var. Hətta bizim yerlə bağlı problemimiz olan zaman icra hakimiyyəti bizə dəstək olub. Bu yaxınlarda icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Ülviyyə Müzəffərova təşkilatımızda oldu. Gördüymüz işlərlə yerində maraqlanaraq, qarşılaşdığımız çətinliklərdən birgə çıxış yolları müzakirə olundu. Təbii ki, bütün bunlar bizim təşkilatımız üçün bir stimuldur".

"Potensial" Sumqayıt Mütəxəssislər Birliyinin sədri Sahib Fərzəliyev isə birmənalı olaraq yerli icra hakimiyyəti orqanı ilə əməkdaşlıq edilmədiyini deyir: "Yerli icra orqanı bəzi QHT-lərlə əməkdaşlıq edirlər. Bizim heç bir əməkdaşlığımız yoxdur.



"Sağlam Düşüncə" Gənclər Təşkilatının təsisçisi Ramiz Əliyev isə bildirdi ki, tədbirlərin keçirilməsində yer ayrılması üçün yerli icra orqanı onlara dəstək olur: "Tədbirlərimizi keçirmək üçün şərait yaradılır. Lakin biz hər zaman yerli maliyyəmizi QHT-lərə Dövlət Dəstəyi Şurasından, Gənclər fondundan, Gənclər və İdman Nazirliyindən alırıq. Digər dəstəyi isə beynəxalq təşkilatlar verir".


"Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Sumqayıt şəhər təşkilatının sədri Tərlan Hacızadənin sözlərinə görə, təşkilat üzvlərinə olan diqqət və qayğı digərlərə nisbətən fərqlənir: "Təşkilatın üzvləri Qarabağ əlilləri və şəhid ailələridir və desəm ki, bizimlə maraqlanan yoxdur, bu yalan olar. Şəhərdə keçirilən bütün tədbirlərdə iştirak edirik. Bizim təşkilata qarşı heç zaman şəhər icra hakimiyyəti tərəfindən hörmətsizlik, soyuq münasibət olmayıb. Lakin ailələrin maddi-mənəvi yardımları ilə Dövlət başçımız, habelə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi maraqlanır. Buna şəhid ailələrinə ayrılan birdəfəlik müavinətlar, onların ev, torpaq payları ilə təmin olunması və sair aiddir”.


Mövzu ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin İctima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Müzəffərova ilə əlaqə saxladıq. Ü. Müzəffərova Xeberle.com-a açıqlamasında şəhərdə fəaliyyət göstərən "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyi ilə sıx əməkdaşlığın olduğunu bildirdi: "Birliyin bütün işlərində onlara kömək edir və onlara müraciət edən ailələrə kömək edə bilmələri üçün hər zaman sıx əlaqələr qurulur”.

Xədicə Səxavətqızı

Xeberle.com


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Siyasət xəbərləri
Xeberle.com digər xəbərlər