Sumqayıtda yanğın baş verən yataqxanadan REPORTAJ (FOTOLAR)

Sumqayıtda yanğın baş verən yataqxanadan REPORTAJ (FOTOLAR)

Avqustun 5-də saat 20:50 radələrində Sumqayıt şəhərində, məcburi köçkünlərin yaşadığı beşmərtəbəli yataqxananın üçüncü mərtəbəsində, elektrik şəbəkəsində yaranan qısaqapanmadan sonra yanğın hadisəsi baş vermişdi.

Hadisə nəticəsində 100 kvadratmetr sahə əşyaları ilə birlikdə yanıb kül olmuş və 114 ailənin yaşadığı binadan 40 nəfər təxliyyə edilmişdir. Onlardan 8-i yerli, qalanı isə məcburi köçkün ailələrindən idi.

Xeberle.com olaraq sakinlərin vəziyyətləri ilə yaxından tanış olmaq üçün hadisə yerinə yollandıq. Yanğın baş verən yataqxananın 3-cü mərtəbəsində təmir işlərinə başlanılıb. Təmir işlərinin nə vaxt qurtaracağı vaxtdan isə nə ustaların, nə sakinlərin məlumatı yoxdur.

Yataqxana sakini deyir ki, 3-cü mərtəbədə yaşayan ailələrə zibilliyin, kanalizasiya xəttlərinin üzərində çadır qurulub: "İnsanlar istidən nəfəs ala bilmir. Uşaq burada 1 saat qaldı, bişməcə oldu, ona görə qudamgildə qalırıq".

"Yanğın nəticəsində pullarımız, əşyalarımız, paltarlarımız yanıb, nə su verən yoxdur, nə də yemək, orda burda nəsə tapıb yeyirik"

Sakinlərin şikayət etdiyi başqa məqam isə yanğın zamanı FHN əməkdaşlarının qapıları, şüşələri qırmasıdır. Dediklərinə görə, şikayətlərinə cavab olaraq kömək edəcəklərini bildirsələr belə, hələ də onlardan xəbər yoxdur. Digər sakin, Əsgərov Ənvər qeyd edir ki, yanğın zamanı 3-cü mərtəbəyə su vurulduğuna görə, yaşadığı 4-cü mərtəbənin döşəməsi yerə yatıb: "Gedib 3 dəfə şikayət etmişəm, gəlib baxdılar, dedilər ki, evin yarısını boşaldın, əşyaları qoymağa yerimiz yoxdur, ona görə də 5 yaşlı bacım oğlunu evə qoymuruq, özümüzün isə burada qalmaqdan başqa çarəsi yoxdur".

"Gecə saat 2-də yanğın baş versəydi, hamımız ölmüşdük"

Sakin qeyd edir ki, 3-cü mərtəbədə olan insanlar üçün çadırlar qurulsa belə, 2 və 4-cü mərtəbələrdə yaşayan insanlar üçün nəsə deyilməyib: "Bizim əşyalarımızı ya su basıb, ya da his və qoxudan tərpənmək olmur. Qırılan şüşələrimizi klonka ilə bağlamışıq, kasıb adamıq, pulumuz yoxdur almağa. 3-4 gündür, buradan zibil yığırıq".

"Bura yararlı yataqxana deyil, burada 3 dəfə yanğın hadisəsi baş verib"

Sakinlər qeyd edir ki, qonşuları 4-cü gün evində elektrik şəbəkəsində qığılcım hiss edib və işıq idarəsindən əməkdaşı çağırıb. Gələn elektrik şəbəkəni ümumi şəbəkəyə bağlayıb, deyib ki, 1-ci gün gəlib ayıracaq. 2 gün sonra yanğının səbəbi isə həmən o şəbəkə olub.

"Burada hamının evində problem var"

Sakin qeyd edir ki, işıqdan problemləri yarandığı zaman, çox vaxt bura baxmırlar: "Evlərimiz pis günə qalıb, bizə isə nəsə deyən yoxdur. Deyiblər ki, dekabrın 15-dək hamı buradan köçürələcək, tək ümid yerimiz budur". Qızbəst xanım heç kəsin onlarla maraqlanmamasından şikayətlənir: "Qonşu olsaq belə, bir-birimizə kömək edə bilmirik, hamı öz əşyalarının hayındadır. Bizə isə baxan yoxdur".

Çadırda müvəqqəti sığınacaq tapan sakinlər isə onlara dəyən zərərin hesablanmamasından şikayətlənirlər. Onların dediyinə görə müfəttiş bəzi ailələrin evlərinə dəyən ziyanla maraqlansa belə, bəziləri yaddan çıxıb. Burada yaşayanları ən çox narahat edən isə, yataqxanadakı elektrik şəbəkələrinin pərakəndə qurulmasıdır. Onlar qeyd edir ki, buranı düzəltməsələr, yataqxana sakinlərlə birlikdə bir gün külə dönəcək.

Ümid edirik ki, yataqxana sakinlərin şikayətlərinə baxılacaq və tez bir zamanda həllini tapacaq.

Hicranə İsmayılova

Foto: Kamran Bayram

Xeberle.com

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər