Suraxanı rayonunda ilin birinci rübünün yekunları müzakirə olunub

Suraxanı rayonunda ilin birinci rübünün yekunları müzakirə olunub

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında ətraflı müzakirə olunub.

İcra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, şuranın geniş iclasında məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov vurğulayıb ki, son 15 il ərzində dövlətimizin başçısı tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar, ölkəmizin bütün regionlarının, o cümlədən Suraxanı rayonunun hərtərəfli sosial-iqtisadi inkişafını təmin edib. Cari ilin birinci rübü ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 77,2 milyon manat, tikinti-quraşdırma işləri 8,4 milyon manat, nəqliyyat xidmətləri 3,4 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 22,3 milyon manat, kənd təsərrüfatı 1,3 milyon manat, pərakəndə ticarət dövriyyəsi 218,3 milyon manat olub, orta aylıq əmək haqqı 576 manat təşkil edib, əhaliyə 54,8 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 1154 yeni daimi iş yeri açılıb.

Hesabat dövrü ərzində rayonda küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 16,3 min kvadratmetr asfalt örtüyü çəkilib, Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilib.

Yenidən qurulan yolların ətrafının estetik görünüşün yaxşılaşdırılması məqsədilə yolların ətrafında təmir-tikinti, abadlıq işləri aparılır, yaşıllıq zolaqları salınır, yerüstü kommunikasiya xətləri yerin altına salınır, yeraltı kommunikasiya xətləri təmir edilir və ya dəyişdirilir, nizamlanaraq rənglənir.

Hesabat dövrü ərzində rayonda 2457 paqonmetr su, 198 paqonmetr kanalizasiya və 1850 paqonmetr qaz, 470 metr hava elektrik xətti çəkilib, elektrik yarımstansiyaların binalarında cari təmir işləri aparılıb, abonentləri elektrik enerjisi ilə birbaşa təmin edən hava xətlərinin bəziləri təmir edilib. Görülən işlər nəticəsində rayon əhalisinin 100 faizi elektrik enerjisi, 98 faizi məişət qazı, 96 faizi su ilə təmin olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində ilk 7 mərtəbəli binanın tikintisi, Yeni Günəşli “D” yaşayış sahəsində “Xəzər inşaat XXI əsr” MTK, Yeni Günəşli “AB” yaşayış sahəsində “Atlanta” MTK, Qaraçuxur qəsəbəsində “Elit-R” MTK, Zığ qəsəbəsində “Şahinlər” MMC, Qaraçuxur qəsəbəsində “İB.N.M-İnşaat” MTK, “Neftçi” MTK tərəfindən yaşayış binalarının inşası işləri davam etdirilir.

Yararsız və ya qəzalı binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının və digər obyektlərin sökülərək yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişinə və Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq “Etibarlı” MTK tərəfindən Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34, 36 və Qəzənfər Vəliyev küçəsi 13 ünvanda yerləşən istismara yararsız iki mərtəbəli yaşayış binalarının yerində 12 və 14 mərtəbəli, iki girişli yaşayış binasının tikintisinə başlanılıb və işlər davam etdirilir.

Qaraçuxur qəsəbəsində “ATEF Şirkətlər Qrupu”nun yüksək gərginlikli avadanlıqlar zavodunun tikintisi başa çatdırılıb.

Qaraçuxur qəsəbəsi, Neftçilər parkında yenidənqurma və əsaslı təmir işləri davam etdirilir. Mövcud “Nümunəvi abad məhəllə”lərdə təmir-bərpa işləri aparılıb, İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Abad həyət - Sağlam həyat” layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə 1, 2, 3, 4, 5 və 6 saylı yaşayış binalarının həyətində abad məhəllənin salınması işləri davam etdirilib.

“Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsində martın 26-29-da rayonun 27 nümunəvi şagirdi Naxçıvan Muxtar Respublikasına səfər edib, Bakı şəhərində səfərdə olan Naxçıvan məktəbliləri isə 17 və 28 mart tarixlərində Suraxanı rayonuna gələrək “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu ilə tanış olublar. Bu tur-aksiyalarda ümumilikdə 326 nəfər Suraxanı məktəblisi iştirak edib.

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə indiyədək 85 minə yaxın yerli və xarici ziyarətçi tanış olub, Mərkəzin Elektron kitabxanasının xidmətindən 16 mindən artıq istifadəçi faydalanıb. Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar ilə birgə 2009-cu ildən bəri 230-dan çox tədbir keçirilib. Rayon icra hakimiyyətinin və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə ayda bir dəfə tədris olunmaqla “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 9-11-ci sinif şagirdlərinə açıq dərs keçirilir.

Suraxanı rayon Gənclər və İdman İdarəsi böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, məktəb şagirdlərinin hərbi-idman və turizm oyunlarına cəlb etmək, onları ordu sıralarında xidmətə hazırlamaq məqsədi ilə şagirdlər arasında “Şahin” və “Sərhədçi” hərbi-idman oyunları üzrə yarışların keçirilməsini təşkil edib, bu yarışlarda ümumilikdə 3711 məktəbli iştirak edib. Milli Qəhrəmanlarımızın tanıdılması, hərbi vətənpərvərlik hisslərinin aşılanması, hərbi hissədə əsgərlərlə görüşün təşkili istiqamətində ümumilikdə 31 tədbir keçirilib ki, bu tədbirlərdə 3270 uşaq, yeniyetmə və gənc iştirak edib.

2018-ci ilin birinci rübündə rayonda 34 idman tədbiri keçirilib, ümumilikdə bu tədbirlərdə 4210 idmançı iştirak edib. Hesabat dövründə 78 idmançı beynəlxalq yarışların qalibi olub, həmçinin 192 idmançı isə Bakı şəhər və Respublika birinciliklərinin qalibi adını qazanıblar.

Ötən dövr ərzində rayonda vətəndaşların müraciətlərinə, onların problemlərinin həllinə diqqət artırılıb, 510 nəfərin iştirakı ilə 10 səyyar görüş-qəbul keçirilib, RİH-in başçısı tərəfindən 228 vətəndaş qəbul edilib.

Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə daim diqqət göstərilib, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində hazırda 8960 nəfər sosial müavinət alan vətəndaş qeydiyyatda alınıb, 2018-ci ilin birinci rübü ərzində həmin vətəndaşlara 2,27 milyon manat sosial müavinət verilib, 1106 ailəyə ünvanlı sosial yardım təyin edilib, 173 nəfər tənha, əlil vətəndaşa evlərində sosial xidmət göstərilib, 46 nəfər müalicə və istirahət üçün pansionat və sanatoriyalara göndərilib, Rayon Məşğulluq Mərkəzi 236 nəfəri işlə təmin edib, 28 nəfər peşə hazırlıq kurslarına cəlb olunub, orta ümumtəhsil məktəblərində 827 nəfər şagird peşəyönümünə cəlb olunub.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilib, 2018-ci ildə rayon üçün həmin proqrama əsasən 1362 yeni iş yeri açılıb.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il fevralın 10-dan mayın 1-nədək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığının icrası ilə əlaqədar aprelin 1-dək rayon üzrə 87234 nəfər və 82 müəssisənin kollektivi tibbi müayinədən keçib, müxtəlif xəstəliklər aşkarlanıb vətəndaşlar müalicəyə cəlb edilib.

“ASAN xidmət” mərkəzinin müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusları vasitəsilə 2018-ci ilin fevral ayında Hövsan və Zığ qəsəbələrində ¬¬¬¬1428 vətəndaşa səyyar xidmət göstərilib.

Şuranın geniş iclasında çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və digər çıxış edənlər uğurlara və problemlərə diqqət yetirib, qarşıda duran vəzifələrlə bağlı fikir və təkliflərini söyləyiblər.

İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Sonda rayonun ictimai həyatında və digər sahələrdə fəal iştirakına görə bir qrup şəxs rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər