Suraxanıda ötən həftə açılmış parkda gecələr işıqlar niyə söndürülür?

Aprelin 18-də təntənəli şəkildə açılışı edilən Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki “Neftçilər parkı”nda bir neçə gündür axşamlar işıqlar söndürülür. Bu barədə yerli mətbuatda yaxınlıqda yaşayan sakinlərə istinadən məlumat yayılıb. Sakinlər iddia edirlər ki, qaranlıq olduğundan nəinki istirahət etmək, hətta keçib getməyə də qorxurlar. Parkdan çəkilmiş kadrlardan da görünür ki, ətraf zülmət qaranlıqdır.
Qeyd edək ki, “Neftçilər parkı” ilə bağlı virtualaz.org ötən il geniş yazı hazırlanışdı. Sakinlər bildirmişdilər ki, şam ağacları ilə əhatələnmiş 65 yaşlı park son illər məqsədli şəkildə xarabalığa çevrilir. Hövuz, heykəllər, yelləncəklər sınmış, oturacaqlar sökülmüşdü, park bomjların, sərxoşların məskəninə çevrilmişdi.
Daha sonra həmin park əsaslı şəkildə yenidən qurulub, abadlaşdırılıb. Ötən həftə prezident İlham Əliyev parkın yenidən qurulmadan sonra açılışında iştirak etmişdi. Bəs cəmi bir həftə əvvəl açılan parkda işıqlandırma niyə işləmir, gecələr park qaranlığa bürünür?
Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Bərxudar Bərxudarov isə parkda axşamlar işıqların söndürülməsi xəbərlərinin doğru olmadığını bildirib. Onun sözlərinə görə, parkdakı işıqlandırma sistemi yenidən qurulub, amma nasazlığın olub-olmadığı yoxlanılır. Buna görə də, hissə-hissə işıqlar söndürülərək bu işləri həyata keçirirlər.
“İşıqlar hissə-hissə söndürülür, işlər görüləndən sonra yandırılır. İşığın söndürülüb-yandırılması cəmi 25-30 dəqiqə çəkir. İşıqların borca görə söndürülməsi kimi məlumatlar doğru deyil”, - şöbə müdiri deyib.
B.Bərxudarov əlavə edib ki, parkda işıqların "bir neçə dəqiqəlik" söndürülməsi işıqlama sistemində sonradan problemin yaranmaması üçündür. Tamamlama işləri isə başa çatıb. Şöbə müdiri parkda axşamlar işıqların yandığına əmin olmaq istəyənləri əraziyə dəvət edib. "İnanmayanlar axşamlar gəlib baxa bilər"-o deyib.
Ü.Xudiyeva
Virtualaz.org