Şuşa 100 il əvvəl: Osmanlı paşası Qarabağda


Şuşa 100 il əvvəl: Osmanlı paşası Qarabağda

XVIII əsrin ortalarında inşa edililmiş Şuşa şəhəri qısa zamanda Qarabağ xanlığının mərkəzinə çevrildi.

Sonralar Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda inzibati mərkəz kimi Xankəndi müəyyən olundu. Lakin Şuşa Azərbaycan türk mədəniyyətinin mərkəzi kimi öz nüfuzunu qoruyub saxladı. Ermənilər bu şəhərə rus işğalından sonra köçürülməyə başladı. Gözəl Qarabağ, onun mərkəzi Şuşa daim ermənilərin diqqət mərkəzində olmuşdu. Şuşa ilə, erməni xəyanətləri ilə bağlı çoxsaylı faktlar var. Lakin qələmə alınmayan və təkcə ötən yüzilliyin qanlı olaylarını özündə yaşadan məlumatlar da az deyil.

Şuşa nahiyəsinin Quşçular kəndinin sakini Yusif Seyid Miri oğlu Cəfərovun (1912-2007) bizə danışdıqları ibrətamiz tarixi gerçəklikləri özündə yaşadır. Bu kənd qonşu Malıbəyli kəndindən 2-3 km aralıdır, Qarqar çayının sağ sahilində yerləşir. “Ağa körpüsü”ndən keçib Şuşa şəhərinə çatmaq olurdu.

1918-ci ildə bu kənddə 25-30, Malıbəyli kəndində isə 250-yə qədər ev olub. Bölgənin bəy kəndi kimi məşhur olub Malıbəyli toponimi rusca “malıye beki” sözündən, yəni “kiçik bəylər” mənasını verir. Onun tarixi Şuşa şəhərinin yaşından da qədimdir.

Bu ətrafda haylar yuva quran kəndlər az olmayıb - Harov kəndi (100 ev), Dağdağan kəndi (70-80 ev), Şuşikənd (50-60 ev), Çanaxçı (150 ev), Zarıslı (100 ev, bu kənddə azərbaycanlılar da yaşayıb)...

Təbrizdə Malıbəyli məhəlləsi

Həmin qanlı-qadalı illərdə Quşçular və Malıbəyli kəndlərinə, eləcə də müsəlman-türk əhalisi yaşayan digər yaşayış məntəqələrinə hay quldurları bu kəndlərdən hücum etmişlər. Minlərlə günahsız qadınları, yaşlıları, uşaqları amansızlıqla qətlə yetirib, onlara olmazın əzabları verib, mal-mülklərini qarət edib yağmalayıb, evləri-tikililəri oda qalayıblar, qiymətli maddi-mənəvi irs nümunələrini isə özləri ilə aparıblar. Quşçular kəndində Seyid Süleyman Əhməd oğlunun (1867-1937) qarət edilib yandırılan iki mərtəbəli evi 1992-ci ilədək qalırdı. Ailəsi 1-ci mərtəbədə yaşayırdı, yanmış iri, sal daşlar qapqara kül kimi idi... Canlarını qurtara bilən dinc və əliyalın sakinlər isə Şuşa şəhərinə (arada 13 km məsafə var) və Ağdam nahiyəsinin kəndlərinə (ən çox Əfətli kəndinə), hətta Cənubi Azərbaycan ərazilərinə köçüb getmək zorunda qalmışlar. Qədim Təbriz şəhərində hazırda “Malıbəyli məhəlləsi” o illərin tarixini özündə yaşadır. Hay-daşnak quldurları əsir aldıqları dinc insanları öldürdükdən sonra basdırmaq əziyyətindən qurtulmaq üçün onları əsasən dərin dağ dərələrində, sıldırımlı qaya ətəklərində, çay dərələrində, kollu-koslu yerlərdə itirib-batırırdılar. Harov kəndindən olan iki silahlı quldur Heydər Teymur oğlunu (1884-1978) “Sıxnax qayası”ndan atıblar. Lakin 80-100 m hündürlükdən yerə düşən Heydər möcüzə nəticəsində sağ qalır. Sonrakı illərdə həmin quldurlarla neçə dəfə üz-üzə gəlmişdi.

Xocalı kənd sakini Sarı Alı oğlu (1885-1965) xatırlayırdı ki, quldurların hücumundan sonra Malıbəyli kəndinə sığınanan camaat 1918-1919-cu illərdə oradan da Şuşa qalasına köçməyə məcbur olublar.

Malıbəyli kəndi bölgənin ən iri yaşayış məntəqəsi olduğundan qəza Duma idarəsinin bir mərtəbəli binası burada yerləşirdi. İdarə kəndin lap qurtaracağında idi. Sovet hakimiyyəti illərində bu bina M.Əzizbəyov adına südçülük-təvəzçilk kolxozunun taxıl anbarı olub.

Silahlı hay quldurlarına qarşı mübarizədə Osmanlı ordusunun və Azərbaycan milli hissələrinin, yerli özünümüdafiə qüvvələrinin əsgər və zabit heyəti böyük fədakarlıqlar göstərmişdilər. Bu xüsusda qəhrəmanıq göstərənlərdən Seyid Əzim Həşim oğlu (1873-1938), Əzim Səfər oğlu (1875-1938, Seyid Miri Cəfər oğlu (1882-1937), Məşədi Səməd Cəfər oğlu (1875-1938), onun oğlu Bəhmən (1906-1937), Məşədi Baba Qara oğlu (1866-1938), Seyid Cəmil Kərim oğlu (1876-1938), Umud Əmiraslan oğlunu (1873-1938) göstərə bilərik. Sonrakı qanlı represiya illərində onlar, elə əks cəbhədə döyüşən hay quldurları tərəfindən mühakimə edilərək Şuşa şəhərində güllələniblər.

Osmanlı paşası Şuşada

Əslən Ağdamın Əfətli kəndindən olan, sonrakı illəri Malıbəyli kəndində yaşayan Xankişi Rzayev (1882-1984) 1937-ci ildə Xankəndində keçirilən istintaq prosesini xatırlayır. Erməni müstəntiqi dindirilən Seyid Miri Cəfər oğlunu ittiham edir:

-1919-cu ildə sən türk üçatılanı ilə erməniləri qırmısan.
Seyid ağır-ağır, təmkinlə cavab verir:
-Səngərin o biri üzündə də sən olmusan, müsəlmanları, türkləri qırmısan, amma indi məni mühakimə edirsən.
Bu cavabdan sonra erməni Seyidin üzünə bir sillə vurur.
Yusif Seyid Miri oğlu daha sonra xatırlayırdı:
- Bir gün atamla nimdaş paltarlı bir kişi gəldi evimizə. O, hündür boylu, qartal baxışlı idi. Atam anamdan xısın-xısın soruşdu ki, nə bişirmisən?Anam qonaqdan utana-utana pıçıldadı ki, pencər. Sən demə, qonaq bu cavabı eşidibmiş və ucadan dedi:
-Əfəndim, mənim ən çox xoşladığım yeməkdi...

Sonradan bildik ki, bu adam Osmanlı ordusunun zabiti İsmayıl Həqqi Paşa idi. O, Qarabağın cəbhə bölgələrində yerli özünümüdafiə dəstələrinin silahla təchiz edilməsinə, onlara hərbi-savaş təlimlərinin keçirilməsinə bilavasitə rəhbərlik edirdi.

Həmin ərəfədə Ağdam nahiyəsinin Çətik kəndində yuva quran hay-daşnak quldurlarının topla açdıqları atəş nöqtələri Əhmədavar kəndinin məşhur Qarağacı qəbiristanlığı yaxınlığındakı təpədə quraşdırılan türk artilleriyası tərəfindən susdurulmuşdu.

Ruslar 1915-1916-ci illərdə Sarıqamış cəbhəsində əsir alınan 40-a qədər türk qadın və uşağı aparırmış.Onlar Xankəndi yaxınlığından keçirmiş. Əsirlər Şuşa qəzasının ağsaqqalı Məhəmməd ağa tərəfindən qızıl pulla alınır, azad edilərək burada saxlanılır. Onun qardaşı Nəcəfqulu ağa Qarqar çayının sağ sahilindəki Əylis meşələrinin (200 hektara qədər) sahibi idi.Onlar yerli döyüşçü dəstələrinin təminatında yaxından iştirak ediblər.

1918-1920-ci illərdə Azərbaycanda xilaskarlıq yürüşündə olan 5-ci Qafqaz İslam Ordusunun tərkibində olan əsgərlərdən biri öz oğlunu Xankəndi nahiyəsində, onların arasında tapmışdı.
Quşçular kənd sakini Balakişi Hüseyn oğlu Balakişiyev (1911-1991) keçən əsrin 60-cı illərində danışırdı:

-1918-ci ilin yay aylarında ermənilər Osmanlı ordusunun sorağını alaraq sonra kəndləri tərk edib, meşələrə, mağaralara sığınmışdılar.Hay kəndləri bom-boş idi.Mən o vaxt yamacda qoyun-quzu otarırdım.Bir gün necə oldusa, boş qalan kəndlərdən birinin həyətinə girdim.Evin ikinci mərtəbəsində yataqda xəstə, yaşlı bir erməni qadın uzanmışdı, yanında su-çörək qoyulmuşdu. O, əli ilə mənə həyətdki su quyusundan su gətirməyimi istədi. Elə də etdim.Bir azdan həyətdə at kişnərtisini eşitdim.Gizlənmək istədim, görəndə ki, gələn türk əsgərləridir, həyətə düşdüm. Məndən soruşdular kimsən, nəçisən və evdə kim var, cavab verdim, amma evdəki qoca barədə bir söz demədim. Bir də gördüm ki, evə girmiş türk əsgəri qadını çölə çıxardı və mənə dedi:

-Düşmənə rəhm etsən, qayıdıb səni sancacaq.

Qeyd: Yazının hazırlanmasında Xocalı şəhər sakini Ofeliya Şükür qızı Məmmədovanın (1945), Şuşa rayonu, Quşçular kənd sakinləri Allahverdi Balakişi oğlu Balakişiyevin (1953) və Əlövsət Yusif oğlu Cəfərovun (1956) məlumatlarından istifadə edilib.

Qismət Yunusoğlu,Bakı Dövlət Universitetinin müəllimi
Cebhe.info


Oxunma sayı: 155