Şuşalı deputat, döyüşçü, tar ustası...

Şuşalı deputat, döyüşçü, tar ustası...

"Oxu tar, oxu tar, səni kim unudar?" Unudulmaz Mikayıl Müşfiqin bu misraları Azərbaycanda dillər əzbəridir. Uşaq vaxtı əzbərlədiyimiz misralardakı böyük mənanı Azərbaycan insanı yaşa dolduqca daha yaxşı anlayır. Çünki tar simli musiqi alətlərimiz arasında ruhumuza ən doğma çalğı alətlərindən biridir.

Əsasən muğam üçlüyünün tərkibində (tar, kamança, qaval) aparıcı alət kimi istifadə edilən tar bu gün də muğam sənətinin inkişafında müstəsna yer tutur. Tarın tarixi çox qədimlərə gedib çıxsa da, onun təkmilləşib müasir vəziyyətə çatmasında məhz Azərbaycanın musiqi beşiyi sayılan Qarabağ sənətkarlarının xüsusi rolu olub. Bu gün ömrünü tar alətinin düzəldilməsinə həsr edən ustalardan biri haqqında danışacağıq.

Tarın ecazkar səsinə vurğunluğu Qurban Verdiyevi bu sənətə gətirib. Şuşa şəhərindən məcburi köçkün olan Qurban usta 1992-ci ildən Bərdə rayonunun Mustafaağalı kəndindəki uşaq bağçasında məskunlaşıb. 45 ildir tar düzəltməklə məşğuldur. Bu sənəti vaxtilə Şuşa şəhərində fəaliyyət göstərən Şərq Musiqi Alətləri Fabrikində öyrənib. Fabrikdə sənətin sirlərinə dərindən yiyələnərək, eyni zamanda kamança, saz, qaval, nağara və qoşanağara da düzəldib. Tarda ifa edə bilməsə də, simə toxunmaqla musiqi alətinin hansı vəziyyətdə olduğunu bilir.

Qarabağ savaşı bütün sahələr kimi, mədəniyyət və incəsənətimizə də ağır zərbələr vurub. Qurban usta digər dostları kimi bir müddət Şuşanın müdafiəsində əlində silah iştirak edib və yağılara qarşı döyüşüb. Həmin illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin iki çağırış deputatı olub. Doğma Şuşanın işğalından sonra sənət dostlarının çoxu bu peşəni buraxmaq məcburiyyətində qalıb. Amma bəzilərinin hələ də bu sənəti yaşatdığını deyir. Məsələn, Famil usta hazırda Oğuzda, Şakir usta Göyçayda çalışır.

Qurban usta deyir ki, tarın çanaq hissəsi ərik, qarağac və qoz ağaclarından hazırlana bilər. Tarın aşıqlarını isə armud və qoz ağaclarından düzəltmək daha məqsədəuyğundur. Tarın qolu çanaq hissədən 1,5 dəfə uzun olmalıdır. Çanaq qış aylarında kəsilən yaşlı ağacdan düzəldilir. O, yonulduqdan sonra ən azı bir il ağac kəpəyinin içərisində qurudulur. Bu ona görədir ki, ağac quruyarkən çatlamasın. Tarın xərəkləri camış buynuzundan və sümükdən hazırlanır. Çanağa isə mal ürəyinin pərdəsi çəkilir. Bütün materiallar hazır olduqda, tarı bir aya düzəltmək mümkündür. Ümumiyyətlə, tar bir ildən çox vaxta ərsəyə gəlir: "Bunlar gələcək üçün hazırlanmış çanaqlardır. Bunları hazırlayıb qurudub saxlayıram ki, gələcəkdə tələbat olarsa, ehtiyac duyulmasın. Yaş materialdan hazırlamırıq, çalışırıq tam qurudaq. Musiqi aləti quru olmalıdır. Burda belə bir il qaranlıq, sərin yerdə saxlayırıq. Ondan sonra çıxarırıq tədricən havaya".

Müharibə Qurban ustanın taleyində də izsiz ötüşməyib. Şuşada ailə qurmaq istəyən sənətkar bir neçə il müharibənin sona çatmasını gözləyib. Məcburi köçkün düşdükdən sonra isə malını-mülkünü qoyub gəldiyi üçün ailə qurmağa maddi imkanı çatmayıb. Əlinə düşən pulu məhz bu sənəti yaşamaq üçün xərcləyib. Qohum-əqrəbanın təkidindən son 50 yaşında ailə qurub. İndi 2 oğul atasıdır. Böyük oğlu bu ildən musiqi məktəbinin tar sinfinə gedir.

Tarın düzəldilməsi məsuliyyət və diqqət tələb edir. İş zamanı gərək fikrin başqa yerdə olmasın. Kiçik bir səhv alətin korlanmasına səbəb ola bilər. Usta Qurbanın hazırladığı tarlar Bərdə ilə yanaşı, qonşu Ağdam, Ağcabədi rayonlarından və Bakı şəhərindən gələn müştərilərə satılır. Tarın qiyməti isə 200-250 manat arasında dəyişir. Bununla kifayətlənməyən usta ailəsini dolandırmaq üçün qurduğu balaca emalatxanada qapı-pəncərə, stol-stul da düzəldir. Necə deyərlər, on barmağında on mərifət var. Sənətkarın ən böyük arzusu isə ürəkdən bağlandığı bu sənəti doğma şəhəri olan Şuşada davam etdirməkdir.(apa)

Açar sözlər
Mikayıl Müşfiq , Qurban Verdiyev , Usta Qurban , Azərbaycan , Bakı , Qarabağ , Şuşa , Bərdə , Göyçay , Ağcabədi , Ağdam , Oğuz
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər