“Şuşalılara layiq olmayan şəraitdə yaşayırıq...” - Reportaj, Fotolar...

“Şuşalılara layiq olmayan şəraitdə yaşayırıq...” - Reportaj, Fotolar...

Bu gün Şuşanın işğalından 26 il ötür. 26 ildir Şuşa sakinləri öz yurd-yuvalarından didərgin düşüb ölkəmizin müxtəlif bölgələrində yaşayırlar. Belə yerlərdən biri də Sabunçu rayon Pirşağı qəsəbəsindəki Qızıl qum sanatoriyasıdır. Bura bir zamanlar insanların istirahət mərkəzi olsa da, indi öz el-obasından didərgin düşmüş soydaşlarımızın sığındığı yerdir.


173 saylı avtobusdan düşüb sanatoriyaya doğru yollanırıq. Diqqətimiz yol qırağında balaca stadionda futbol oynayan uşaqlar çəkir. Hamısını yanıma çağırıb soruşuram:


-Uşaqlar, Şuşa nə vaxt işğal olunub?


Uşaqlardan bir neçəsi susur. Amma Murad və Toğrul dillənir:


-Şuşa 1992-ci il mayın 8-də işğal olunub. Bizə bu haqda müəllimlərimiz və valideynlərimiz danışıb. Şuşada doğulmasaq da, valideynlərimiz Şuşadan gəliblər. Biz çox istəyirik ki, öz rayonumuza qayıdaq.



Kəlbəcər rayonundan olan Samir adlı döyüşçü ilə salamlaşıb söhbətləşirik. Samir deyir ki, qaçqın düşəndən sonra dolana bilmir:


“Qurban olum, bizim Kəlbəcərdə böyük evimiz var idi. İndi dörd nəfər ailə üzvümlə bir otağa sığınmışıq. Özüm bənnayam. İş düşəndə 10 gün işləyirik. Bəzən olur aylarla işsiz qalırıq. Bilmirik nə edək. Öz yurd-yuvamız başqa idi. Xeyr də, bərəkət də orda qaldı”.



Yoluma davam edib sanatoriyanın içinə doğru gedirəm. Diqqətimi ağac altında oturan bir neçə nəfər çəkir. Yaxınlaşıb salamlaşıram və Şuşanın işğal günündə belə bir yazı hazırlamaq fikrimin olduğunu deyirəm. Adamlardan biri üzümə gülüb dillənir:



“Qardaş, sən niyə gedib yatmırsan? Bax, 26 ildir bizi burda yatızdırırlar. Mənim danışdığıma da, sənin yazdığına da məhəl qoyan var? Bir dəfə gəlib heç soruşan yoxdur ki, ay şuşalılar siz burda necə yaşayırsınız. Qəzalı vəziyyətdə olan binalarda yaşayırıq. Nə vaxtsa elə bu binalar uçacaq biz də uçqunun altında qalıb məhv olacağıq. Ondan sonra heç müsahibə almağa bir şuşalı da tapmayacaqsınız”.


Söhbət əsasında məlum olur ki, oturanlardan biri Şuşada şəhid olmuş Çingiz Cəfərovun oğlu Tacəddin Cəfərovdur. Tacəddin də atasına və şuşalılara qarşı olan diqqətsizlikdən gileylənir:


“Qardaş, atam Şuşada son nəfəsinə qədər döyüşüb şəhid oldu. Heç qiymət verən olmadı. Özümüzdə ki, şuşalılara layiq olmayan şəraitdə yaşayırıq. Binalarımız hamısı qəzalı vəziyyətdədi. Kanalizasiya xətləri binanın zirsəmizinə axırdı sonradan özümüz düzəltdik. Şuşalılar abırlı-həyalı adamlar olublar, amma bu gün bizə verilən qiymətə baxanda, utanırıq. Gördüyünüz bu binada bu qədər adamın bir ayaq yolusu var. Siz təsəvvür edirsiniz bu nə deməkdir? Biz bu sanatoriyaya gələndən qalan nə varsa, hamısını qoruyub saxlayırıq ki, dağıtmasınlar”.



Sanatoriyanın boş bir dükan var. İndiyə kimi qorunub saxlanılır. Oranı Telman dayının yadigarıdır. Burda bir vaxtlar Telman adlı hörmətli bir adam olub. Bu dükanda siqaret və şirniyyat sataraq başını dolandırıb. Amma bir gün o, dünyasını dəyişib. Onun sakinlər arasında yaxşı hörməti olduğundan heç kim o dükana toxunmayıb, daha doğrusu dükanı sakinlər qoruyurlar.



Şuşa sakinləri özlərinə burda balaca bir məscid də düzəldiblər. Hansı ki, bu balaca yer əvvəllər kafe olub. Buranın da sökülüb satılacağını görən şuşalılar öz gücləri hesabına buranı saxlayıb və sonradan ibadət etmək üçün məscid ediblər. Tacəddin Cəfərovla məscidə daxil oluruq. Tacəddin deyir ki, buranı ancaq sakinlər bərpa ediblər. Hərə gücü çatanı kilimindən, xalçasından, qabından-qaşığından gətirərək məscidə köməklik edib. Sakinlər bu gün də Şuşanın işğal günüylə bağlı ibadət etdiklərini və torpaqlarımızın tez bir zamanda qayıdacağını Allahdan arzu ediblər.



Sonda sakinlərlə sağollaşıb oradan ayrılırıq. Arzu edirik ki, gələn il bu sanatoriyaya yox, Şuşaya gedib yazı hazırlayaq.


Vasif Əlihüseyn

Açar sözlər
Çingiz Cəfərov , Tacəddin Cəfərov , Kəlbəcər , Sabunçu , Şuşa
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər