Tarixi məktəbin direktoru: “Müəllim və şagirdi univermağa aparıb, nə ehtiyacı varsa, alıram”

Tarixi məktəbin direktoru: “Müəllim və şagirdi univermağa aparıb, nə ehtiyacı varsa, alıram”

“Demişəm, deyəcəyəm də, məktəblərə ən ağır zərbə repetitorlar və hazırlıq kursları vurur”

Moderator.az Qobustan rayonu Şikar Şikarov adına Sündü tam orta məktəbinin direktoru Ziya Məlikovla müsahibəni təqdim edir:


- Ziya müəllim, əvvəlcə məktəbinizin tarixindən danışaq...


- Məktəbimiz 1920-ci ildə tikilib. İlk müdiri də Babaş Hasilov olub. Təhsilli olub, Sabirabadın Qayağalı kəndində müəllim işləyirmiş. O zaman burada evlərdə dərs keçirlərmiş. Müəyyən evlər var idi ki, şagirdlər oraya yığışar, dərslər alırlarmış. O zaman Şamaxı qəzasında məsələ qaldırıblar ki, məktəbin tikilməsi üçün buranı, bizim kəndimizi seçsinlər. Kəndimizdə təhsilli adamlar çox olub. Həm də ətraf ərazilərdən fərqli, bura oturaq məkan olduğundan məktəbin tikintisi üçün məhz kəndimizi seçiblər. O zaman Rusiyanın himayəsində olduğumuza görə, Babaş Hasilov sənədləşmələrlə çox məşğul olub və nəhayət, məktəbin tikintisinə 1920-ci ildə başlayıb, 1924-cü ildə inşasını tamamlayıblar. Hasil Babaşov məktəbin ilk müdiri təyin olunub. Ətraf kəndlərdən gələn şagirdlər üçün məktəbin həyətində yataqxana da tikilib. Bura əvvəlcə dördsinifli məktəb olub, yəni ancaq ilk mərhələ, ibtidai təhsil üçün nəzərdə tutulub. Müəyyən mənbələrdə də deyildiyi kimi əvvəllər məktəblər ikisinifli, dördsinifli, 1950-ci illərdən başlayaraq isə yeddisinifli tədris ocaqları kimi kimi fəaliyyət göstəriblər. Tədricən sonralar isə onillik və nəhayət, on bir illik məktəblər fəaliyyətə başlayıb.

Mən 1975-ci ildə bu məktəbin X sinfini bitirdim. İstedadım olduğuna görə, təklif etdilər ki, ali məktəbə qəbul ola bilməsən, gəl, burada səni işə götürək. O vaxtlar da rəssamlıq xülyasında idi. Ancaq ali məktəbə qəbul ola bilmədim. Çünki ora hazır rəssamlar lazım idi. Bura qayıtdım və əsgər gedənə kimi Əmək təlimi müəllimi işlədim. Hərbi xidmətdən sonra müəyyən səbəblərdən məktəbdən bir müddət ayrıldım. Kino mexanikliyi, daha sonra mühəndislik fakültəsini bitirdikdən sonra 1998-ci ildən isə yenidən burada çalışmağa başladım. İxtisasım ibtidai metodikadır. Əvvəl təşkilati məsələlər üzrə müavin kimi işləməyə başladım, 2005-ci ildən isə direktor kimi çalışıram.

Məktəbimizdə hazırda 30 müəllim, 240 şagird var. Hər il minimum 4 şagirdimiz ali məktəbə qəbul olunur. Son illər isə 11-12 şagiridimiz tələbə adını qazanır. Bu il 11 məzunumuz yüksək balla ali məktəbə qəbul olundu. İkisi - 650-653 balla- Tibb Universitetinə, üçü Bakı Dövlət Universitetinin Kimya-Biologiya fakültəsinə, biri isə Prezident yanında Dövlət İdarəetməçilik Akademiyasına qəbul oldu. Ümumiyyətlə, şagirdlərimiz məktəblərarası, hətta region üzrə olimpiadalarda fəal iştirak edirlər.

- Şagirdlərinizin uğurlarından danışdınız: Bəs, uşaqlar bu nailiyyətləri qazanmaq üçün əlavə müəllimlərlə hazırlaşırlarmı?


- Şəhər məktəblərindən fərqli olaraq, hansı şagirddə xüsusi istedadın olduğunu aşkar ediriksə o şagirdi güclü nəzarətə götürürük. Həmçinin, belə şagirdlərin qabiliyyətini tam üzə çıxarmaqdan ötrü dövlətin ayırdığı əlavə məşğələlər var; Fakültətiv, dərsdənkənar məşğələlər. Öz növbəmdə, həmin şagirdləri ora yönəldirəm . Onlar təmənnasız olaraq, o məşğələlərdə iştirak edib, müəllimlərimizin nəzarəti ilə oxuyurlar. Şagirdin oxuması, hazırlaşması üçün ən əsas iş şəraitin yaranmasıdır. Biz şagirdlərimizə o şəraiti yaradır, onları lazımı vəsaitlərlə təmin edirik. İnternetdən, kompüterdən, müxtəlif kitablardan istifadə etmək üçün imkan yaradırıq.


Bir örnəklik haşiyə

“Olimpiadalarda iştirak edən şagirdlərə şərt qoyuram ki, hər kim Respublika olimpiadasında hər hansı bir yer tutarsa, onu başdan-ayağa geyinib-keçindirəcəyəm; təkcə uşağı yox, onun müəllimini də univermağa aparıb, nəyə ehtiyacları varsa, alıram. Bunlarla yanaşı, şagirdlərimizin müsabiqələrə gedib-gəlməsini də, yəni kəndimizdən rayona gedib-gəlişini öz üzərimə götürürəm. Özüm aparıb-gətiririəm. Təki nəticə olsun. Əvvəllər şagirdlərimizin az bal toplamalarına səbəb o idi ki, bəzi müəllim çatışmazlıqları var idi. Məsələn, bizdə olan bəzi müəllimlər təqaüdə çıxdıqdan sonra, yerinə müəllim gec tapılırdı, tapılan müəllim bizi qane etmirdi”.


- Bildiyimiz kimi, son illərdə Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, bir çox yerlərə gənc müəllimlər təyinat alırlar. Onların fəaliyyəti necə, sizi qane edir?


- Təyinatla gələn müəllimlərlə şərt kəsirəm: “Bir-iki gündən ötrü gəlirsinizsə heç gəlməyin. Əgər gəlib, burada qalacaqsınızsa, sizə kəndimizdə yaşamaq üçün hər cür şərait yaradıb, kifayət qədər dərs saatı veririk”. Bunların müqabilində yeganə tələbim odur ki, şagirdlərlə ciddi və məsuliyyətlə məşğul olsunlar. Əgər müəllim şərtlərimizlə tam razılaşırsa, qəbul edirəm. 3-4 müəllim olub ki, onlar bizi qane etmədiyindən, işdən kənarlaşdırmışam. Şagirdlərə, məktəbimizə məsuliyyətsiz yanaşıblar. Nəticəsi yaxşı olan müəllimlərlə işləyirəm. Hazırda məktəbimizi qane edən müəllimlər çoxdur. Onlara şagirdlərlə məşğul olmaq üçün hər şəraiti yaradırıq. Hətta qonşu kəndlərdən şagirdləri olur. Bizə belə müəllimlər lazımdır. Nəticələri də yüksəkdir. Hazırda iki müəlliməmiz bizdə təyinatla çalışır. Biri İngilis dili, digəri Kimya müəlliməsidir. Qalan müəllimlərimiz yerli sakinlərdir. İngilis dili müəlliməsi artıq üçüncü ildir ki, bizimlə çalışır. Çox istedadlı xanımdır. Gəldiyi gündən uşaqlarda dilə maraq oyadıb. Hətta şagirdləri qəbul imtahanında ən çox - 24 suala düzgün cavab yazır.

Məktəbimizin üstün cəhəti odur ki, hər müəllim öz ixtisas dərsini deyir. Qeyri-ixtisasa bir saat da olsa dərs vermirik. Hazırda Tarix fənnindən iki şagirdimiz var ki, rayon müsabiqəsində yer tutublar, region olimpiadasına hazırlaşırlar. Qobustan rayonunda bu günə qədər 29 məktəbin heç birindən Respublika olimpiadasında yer tutan şagird yoxdur. Bizim məktədən isə bu illər ərzində 15 nəfər şagird məktəbimizin, kəndimizin adını yüksəldərək, Respublika olimpiadasına çıxıb. “İlin müəllimi” müsabiqəsinin qalibləri də 2008 və 2010-cu ildə bizim məktəbdən olub. Tərəqqi medalı qazanmış müəllimlərimiz də var. Bir çox rayon məktəbləri var ki, şagirdlərimizin yüksək nailiyyətlərinin təcrübəsini bizdən öyrənirlər.

Yeganə problemimiz odur ki, geniş ərazi şəraitimiz yoxdur. Siniflərimiz daha geniş, otaqlarımızın sayı daha çox olsa, yaxşı olardı. Söz yoxdur ki, siniflərimiz kompüterlərlə, internetlə təmin olunub. Kimya, Biologiya, Fizika otaqlarımız, təcrübə otaqlarımız , laboratoriya otağımız var. Bu il möhtərəm Prezidentimizin qərarı ilə Qobustan rayonuunda 4 il ərzində 4 məktəbin tikintisi nəzərdə tutulub. İlk növbədə qəzalı məktəblər nəzərdə tutulub. Bizim məktəb də qəzalı məktəblər sırasına daxildir. Tikintisi 360 yerlik nəzərdə tutulub. Artıq sənədləşmə işləri demək olar ki, bitmək üzrədir.


- Məktəbin yeni binasının tikintisi harada planlaşdırılır?


- Biz elə öz məktəbimizin yerində tikilməsini istəyərdirk. Sovet dönəmində belə bir qayda var idi: Məktəb yerləşən yerdə qəbiristanlıq olmamalı, nəqliyyat yolundan kənarda yerləşməli idi. Əfsus ki, kənd məktəblərində indi bu məsələlərə az baxılır. Bizim məktəbimizin yeri bu baxımdan çox əlverişlidir. Bu barədə səlahiyyətli şəxsləri məlumatlandırmışıq. Şagirdlərin, müəllimlərin gedib-gəlişi üçün məktəbimizin yeri çox əlverişlidir. Ən başlıcası, axar suyumuz var. Birbaşa bulaqdan çəkilib. 1957-ci ildə bu məktəbin Xədicə adlı direktoru olub və bu suyu da o çəkdirmişdi. 2015-ci ildə isə yerini daha da genişləndirdik. Məktəbimiz qəzalı olsa da, tarixi binadır. Bu binanı muzey kimi də saxlamaq olar. Hələki, gözləyirik. Təkliflərimizi də irəli sürmüşük.


- Bu il neçə buraxılış sinfiniz olacaq? Şagird artımı məktəbdə hansı problemlərə səbəb olur?


- İki sinif, yəni 26 şagirdimiz məzun olacaq. Bizdə uyğunlaşdırılmış olduğuna görə, 12-14 nəfərdən artıq şagird siniflərə yerləşmir. Hər şagirdə sinif otağında 2,5 kvadrat ərazi düşməlidir. 5-6 kub da hava tutumu olmalıdır. Üstəgəl siniflərdə isidici sobalar olduğundan siniflərdə şagirdlərimiz azdır.


- Sizcə, müəllim üçün kənddə və ya şəhərdə işləməyin fərqi varmı?


- Öz peşəsini sevən, hörmət edən əsl müəllim üçün işlədiyi məkanın heç bir fərqi yoxdur. Müəllim də, məktəb direktoru da gününü məktəbə həsr etməlidir. Nə qədər ki, müəllimlər öz saatlarını deyib aradan çıxacaqlar, orada bir nəticə də olmayacaq. Məktəb rəhbəri işə saat 10-da gəlib 4-də getməlidir. Mən isə 8-də gəlib axşam saat 7-8-də gedirəm. Hər şeyə özüm nəzarət edirəm. Müəllim dərsini deyib çıxıb getməməlidir. Müəyyən saatlarda dərsi bitsə də məktəbdə olub, şagirdlərinə daim nəzarət etməlidir. Məktəbin bütün tədbirlərində yaxından iştirak etməlidir. Belə olan halda, məktəbin bütün işləri yaxşı olacaq, nəticələr yüksək olacaq. Mən hər zaman demişəm, deyəcəyəm də, məktəblərə ən ağır zərbə vuran faktor repetitorluq və hazırlıq kurslardır. Buraya bir çox kurslardan müraciət edənlər olur. Mən yaxın buraxmıram. Kurslar zəif şagirdləri götürmürlər. Güclü şagirdlərimi də mən vermirəm. Çünki şagirdləri yetirən məktəbdir. Güclü uşaqları götürüb topladığı yüksək nəticəni öz adlarına yazan kursları mən qəbul etmirəm. Şagirdi XI sinfə qədər məktəb yetişdirir. Kurslarda testin texnikasını öyrədirlər, vəssalam. Ötən il rayon olimpiadasında digər məktəblərdən kurslarda məşğul olan 100 bala qədər toplayan şagirdlər var idi. Bizim məktəbdən isə bir şagird qatılmışdı və 75 bal topladı. Region olimpiadasına isə 100 bal toplayan şagirdlərin heç biri keçə bilmədi. Bizim şagirdimiz qızıl medal qazandı. Deməyim odur ki, kurslar testin texnologiyasını öyrədir. Bizim şagirdlər isə əsl savad alırlar.


- Sizcə ötən illərlə müqayisədə şagirdlər ali məktəbə qəbul olmağa nə qədər istəklidirlər?


- Hər kəs ali məktəbə qəbul olmaq istəyər. Amma çoxunun vəziyyəti yaxşı deyil. Maddi cəhətdən çətinlikləri olan şagirdlər çoxdur. Məsələn, ötən il 3 nəfərin, bu il iki nəfərin ailə vəziyyəti çox çətindir. Ailədə heç bir valideyn işləmir. Biz burada bacardığımızı edirik. Amma universitetə qəbul olduqları zaman ora getməkdə çətinlik çəkirlər. Valideynlər bir yolunu tapıb uşaqlarını oxumağa göndərirlər. Biz müəllimlərlə tez-tez o şagirdlərimizə maddi köməklik göstərməyə çalışırıq. Universitetə qəbul olmuş şagirdlərimiz də məzun olduqdan sonra məktəbimizdə müəllim işləməyi təklif edirik. Uşaqları çox vaxt valideynlər də yanlış istiqamətləndirir.


- Sizcə, müəllim, şagird, valideyn. Bu 3 istiqamətin hansı ilə işləmək daha çətindir?


- İndiki zamanda həm valideynlərlə, həm də şagirdlərlə işləmək çətindir. Bəzən uşaqlara bir söz demək olmur, danlamaq olmur. Valideynlər çox vaxt övladlarının yanlışının fərqinə varmadan, səhvini görmədən, danladıqları üçün müəllimləri günahlandırır. Valideyn övladı ilə həm tərbiyə, həm savad baxımından müntəzəm məşğul olarsa, o zaman şagird də düzgün istiqamətlənəcək, getdiyi yanlışdan teliklə geri dönəcək. Sanki valideynlər müəllimlərə etibar etmir. Məktəblə valideyn münasibəti 40 faizdir.


- Direktor kimi hansı səlahiyyətinizin artırılmasını istəyərdiniz?


- İstəyərdim müəllimə nəzarəti, işə qəbulu rəhbərlik etsin. Bu gün biz texniki işçiləri belə nə çıxara bilirik, nə də özümüz təyin edə bilirik. Bizi qane etməyən işçiləri çıxara bilmirik.


O gün rayon olimpiadasında 23 şagirdimiz iştirak edib. Və ya inşa, rəsm müsabiqələrinə qatılan şagirdlərimiz olur. Onlar bu uzaq kənddən rayona necə getməlidirlər? Bunu təəssüf ki, düşünən yoxdur. Təklif edərdim ki, bu cür müsabiqələrdə itirak etmək üçün maddi tərəfi də düşünülsün. Müsabiqələrə getmək üçün maşın ayrılsın. Rəsm müsabiqələri üçün çərçivə lazım olduqda belə, hər hansı sənəd üçün şəkil çəkdirmək lazım olduqda belə bəzi ailələr çətinlik çəkir. Kənd yeridir, elə ailə var ki, bir parça çörəyə möhtacdır.


Ülviyyə Qarayeva

Açar sözlər
Şikar Şikarov , Ülviyyə Qarayeva , Ziya Məlikov , Hasil Babaşov , Bakı Dövlət Universiteti , Qobustan , Şamaxı , Rusiya , Sabirabad
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər