Teatr bitdi, reallıqla üzləşmək zamanıdır!

Teatr bitdi, reallıqla üzləşmək zamanıdır!

“İndi “xalqın xidmətçisi” üçün ciddi işlər başlayır”

Bazar günü Ukraynada keçirilən prezident seçkilərində 41 yaşlı məzhəkəçi Zelenski inamlı qələbə qazandı. Vladimir Zelenski inauqurasiyadan sonra, iyun ayının əvvəlində prezident vəzifəsinin icrasına başlayacaq.

Prezident olandan sonra o, “Xalqın xidmətçisi” televiziya komediyasında oynadığı və təxəyyül edilən Ukrayna prezidentinin qarşılaşdığı çoxsaylı problemlərlə real həyatda üz-üzə gələcək. Seçki məntəqələrinin bağlanmasından dərhal sonra Poroşenko öz məğlubiyyətini etiraf edərək, Ukrayna xalqının iradəsinə hörmət göstərəcəyini bildirdi. Lakin Poroşenko xəbərdarlıq edib ki, Zelenskinin qələbəsi Rusiya prezidenti Vladimir Putinin qələbəsidir.

Poroşenko “twitter”də yazıb: “Seçkinin nəticələrinin Kremldə necə təntənə ilə qeyd edilməsini görmək olar. Onlar hesab edirlər ki, yeni və təcrübəsiz prezidentlə Ukraynanı tezliklə Rusiyanın təsir orbitinə qaytarmaq olar”.

Rusiya ilə münasibətlər beynəlxalq ictimaiyyətdə də ciddi narahatlıq doğuracaq. Son beş ildə Rusiya Ukraynanın şərqindəki separatçılara hərbi və maliyyə dəstəyi verib və oradakı döyüşlər nəticəsində 13 min nəfər ölüb.

Qərb diplomatları Zelenskinin komandasını separatçılarla birbaşa danışıqlara girməklə “strateji səhv” etməməyə çağırıblar. Onlar xəbərdarlıq ediblər ki, bu cür danışıqlar Rusiyanın bəyanatlarını əsaslı çıxara bilər. Çünki Rusiya deyir ki, bu Ukraynanın daxili işidir.

Zelenski söyləyib ki, onun ilk işlərindən biri ötən il Kerç boğazından keçərkən Rusiya tərəfindən həbs olunmuş 24 dənizçinin azad edilməsinə nail olmaq olacaq.

Lakin bütün bu qarmaqarışıqlığa baxmayaraq, hələlik heç kim Zelenskinin Poroşenko ilə müqayisədə Kreml üçün daha mötədil olacağını qətiyyətlə deyə bilmir. Zelenski Poroşenkonun millətçi bəlağətindən imtina etsə də, onun hər şeyi improvizasiya etməsi Kremli ehtiyatlı davranmağa sövq edəcək. Hər halda Moskva ən azından Poroşenkonu yaxşı tanıdığından ondan nə gözləniləcəyini bilirdi.

Bazar günü qələbə qazanan Zelenskinin bəzi frazlarına diqqət edək: “Mən Ukrayna vətəndaşı kimi bütün postsovet ölkələrinə deyə bilərəm: Bizə baxın – hər şey mümkündür!” Onun bu sözləri Ukraynadakı prezident kampaniyasını izləmiş əksər rusiyalılarda belə sual yarada bilər ki, görəsən Rusiyada analoji rəqabətli seçkilər necə olardı.

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı öz “twitter” səhifəsində yazıb: “Keçmiş SSRİ ərazisində nadir zarafat olan ədalətli seçkilər münasibətiylə Ukraynanı və ukraynalıları təbrik edirəm”.

Ukraynanın xalq deputatı Aleksey Ryabçin deyir: “Zelenski Rusiyada populyardır, təsəvvür edin ki, o, instaqrama daxil olur və rus dilində sadə rusiyalılara məlumat göndərməyə başlayır. O, birbaşa danışa bilər, Rusiya isə buna hazır deyil”.

Ayrıca onu da əlavə etmək lazımdır ki, Kremlin reaksiyası təmkinli olub. Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib: “Prezident Putinin cənab Zelenskini təbrik etməsi haqqında və müştərək işin mümkünlüyü barəsində danışmaq hələ tezdir”.

Zelenski ölkə daxilində ciddi problemlərlə qarşılaşacaq. Poroşenkonun idarəetməsindən narazılıq onun qələbəsinə səbəb olub və o, bir vilayət istisna olmaqla, bütün Ukrayna vilayətlərində rəqibindən daha çox səs alıb.

Oktyabrda nəzərdə tutulan parlament seçkilərinə qədər Zelenski potensial “düşmən” parlamentlə işləmək məcburiyyətindədir.

Zelenskinin komandası korrupsiyanın yaxına buraxılmayacağı yeni dövrün başlayacağı, siyasi və biznes maraqlarının məhkəmə sisteminə təsir etməyəcəyi vədini verib. Zelenskinin komandasının üzvü Ruslan Stefançuk deyib: “Prezident administrasiyası, məhkəmə və prokurorluq arasındakı əlaqəni dağıtmaq lazımdır”.

Beş il bundan öncə Poroşenko da prezident vəzifəsinə başlayanda eynilə bu cür vədlər vermişdi, lakin o, bunları yerinə yetirə bilmədi. Digər yandan Zelenskinin qalmaqallı oliqarx İqor Kolomoyski ilə əlaqələri əksəriyyəti şübhəyə salır. Zelenski “Kolomoysikinin marionetkası” olması iddialarını qəti şəkildə rədd etsə də, onun bu oliqarxla əlaqələri var. Ona görə də, yeni prezidentin öz himayədarı qarşısında borclu olmasından ehtiyat edənlər az deyil.

Digər ukraynalı oliqarxlar da Zelenskinin qələbəsindən narahatdırlar. Onlar islahatların tərəfdarı kimi çıxış etsələr də, düşünürlər ki, Zelenskinin qələbəsi onların rəqiblərindən birini üstün mövqeyə daşıyacaq.

Üç mövsüm ərzində davam edən “Xalqın xidmətçisi” serialında Zelenskinin real prezidentliyinə oxşayan və oxşamayan xeyli nüans tapmaq olar. Prezident kampaniyasının gedişi zamanı təxəyyül və reallıq arasındakı sərhəd demək olar ki, hiss olunmurdu, amma seçki axşamı Zelenski serialda səslənən musiqi sədaları altında səhnəyə çıxıb öz qələbəsini elan edən zaman bu hisslər daha da gücləndi. Kiyevdə işləyən bir çox diplomatlar bu seriala baxıb Zelenskinin ölkəni necə idarə edəcəyi barədə yeni faktlar aşkarlamaq istəyirlər. (“The Guardian”-Böyük Britaniya)

“AzPolitika”dan: Bütün seçki kampaniyası ərzində Zelenski populist çıxışlar üzərindən məharətlə oynadı. Onun nitqlərində proqram xarakterli heç nə yox idi. Zelenski Poroşenko sayəsində qalib gəldi, çünki sadə ukraynalılar Poroşenko və onun korrupsioner komandasından təngə gəlmişdilər və kleptoktarik məmurlardan canlarını qurtarmaq istəyirdilər. Hətta bunu stadiondakı debat zamanı Zelenski də söyləmişdi. O, Poroşenkoya üzünü tutub deyirdi ki, mən sizin fəaliyyətinizin nəticəsiyəm və qarşınıza çıxmışam.

Onu da demək lazımdır ki, oliqarx İqor Kolomoyskinin əlində olan televiziya kanalları planlı şəkildə Zelenskinin təbliğatına hələ çoxdan başlamışdılar. Bir maraqlı nüansı da yaddan çıxarmayaq: Zelenski qələbəsini elan edəndə postsovet məkanına üzünü tutub dedi: “Bizə baxın – hər şey mümkündür!” Əslində Zelenski dolayı yolla rəsmi Moskvaya söz ilişdirirdi. Onun bu frazası rusiyalılara və Putinə ünvanlanmışdı.

Ancaq artıq seçki geridə qaldı və bunadan sonra artist Zelenski anlayacaq ki, teatr səhnəsi qurtardı və əsl siyasi-iqtisadi reallıqlar gəlir.

Vaqif NƏSİBOV

Gözlənilməz səfər Zelenski Türkiyəyə uçdu

Ukraynada keçirilən prezident seçkilərində qalib gələn və hələ prezidentlik vəsiqəsini almayan Vladimir Zelenski Türkiyəyə gedib.

O, bu barədə özünün Feysbuk səhifəsində yazıb: İki gün Türkiyədə olacaq Zelenski bu gözlənilməz səfərinə aydınlıq gətirib: “Türkiyəyə uçuruq. Uşaqları hər il keçirilən əyləncə festivalına aparıram. İki gün burada olacağıq”.

Donbasda sülh Poroşenkoya görə mövcud deyil

Donbasda sülh Ukrayna Prezidenti Pyotr Poroşenkoya görə mövcud deyil. Bu iddia ilə Çexiya prezidenti Miloş Zeman çıxış edib. Onun sözlərinə görə, ukraynalıların Poroşenkoya inamı məhz onun ölkənin şərqində davam edən konflikti bitirəcəyi ilə bağlı vədini icra edə bilməməsi ucbatından itib.

O, Vladimir Zelenskinin Ukrayna prezidenti olmasını “ən yaxşı seçim” adlandırıb və bu seçimin Donbas konfliktinin həllində, oliqarxlarla mübarizədə, Qərblə əməkdaşlıqda mühüm rol oyanayacağını söyləyib.

Dünyanın gözlədiyi görüş baş tutacaq

ABŞ prezidenti Donald Tramp çinli həmkarı Si Çinpini yaxın zamanda Ağ Evdə qonaq edəcəyini deyib. Tramp ABŞ-la Çin arasında əldə olunan ticarət razılşamasının həmin toplantıda imzalamaq istədiyini bildirib.

Qeyd edək ki, Ağ Ev çərşənbə axşamı günü verdiyi açıqlamada ABŞ-ın maliyyə naziri Stiven Munç ilə ABŞ ticarət nümayəndəsi Robert Laytizerin 30 apreldə ticarət müzakirələri üçün Pekinə gedəcəyini qeyd etmişdi. Çinin baş nazirinin müavini Liu He də 8 mayda ticarət məsələlərinin müzakirəsi üçün Vaşinqtonda olacaq.

Siyasət xəbərləri
Paralel.az digər xəbərlər
Haqlı-haqsız, haqsız-haqlı olanda...

Haqlı-haqsız, haqsız-haqlı olanda...

26-04-2019 20:03 - Paralel.az - Siyasət
Bu barədə üç ilə yaxındır ki, qanunamüvafiq tədbirlərin görülməsi üçün ayrı-ayrı tarixlərdə, həm poçt, həm də rəsmi internet saytı və elektron poçtu vasitəsi ilə ədliyyə naziri cənab Fikrət Məmmədovun, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə, əmlak məsələləri dövlət komitəsinin sədri cənab Kərəm Həsənovun, baş prokuror cənab Zakir Qaralovun, eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adına danılmaz rəsmi faktlarla yazıb göndərdiyim mindən artıq ərizə, məktub və şikayət teleqramlarımı Ədliyyə Nazirliyində, Bələdiyyələrlə İş Mərkəzində, Əmlak Məsələləri Dövlət Komitəsində, Baş Prokurorluqda və Prezident Administrasiyasında kimlər tərəfindənsə, kimin və nəyin xatirinəsə, rəhbərlikdən gizlədilərək, obyektiv baxılmadan, ötür-ötürə salınaraq, onların cinayət xarakterli saxtakar əməllərinin üstü açıq şəkildə ört-basdır edilərək, bütün haqlı şikayətlərim bu günə kimi də nəticəsiz, tədbirsiz, cavabsız qalıb. Hörmətli Prezident! Sizin adınıza göndərdiyim şikayət ərizələrimdə göstərdiyim və ərizələrimə əlavə etdiyim faktların, şəxsən öz nəzarətiniz altında hərtərəfli araşdırılaraq, Siyəzən bələdiyyəsinin sədri Azər Babayevin, ƏMDK-si yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru cənab Mohuma Heraçiyevin 21 oktyabr 2016-cı il tarixli,160 820 201 868 nömrəli, mənə göndərdiyi cavab məktubunda öz təsdiqini tapan, saxtakar və cinayət xarakterli hərəkətləri barədə, həmçinin həmin cavab məktubundakı məlumatlarla vətəndaş Müslüm Səlimovun ƏMDK-si yanında, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən saxta yolla əldə etdiyi, 21 avqust 2008-ci il tarixli, MH seriyalı 0008590 nömrəli çıxarışda göstərilən məlumatların təşkil etdiyi ziddiyyətli xüsusatların obyektiv araşdırılaraq, onların barəsində, qanunamüvafiq, ciddi tədbirlərin görülməsini bir daha sizdən xahiş edirəm! Hörmətli baş Redaktor! Xahiş edirəm şikayətimi qəzetinizdə ictimailəşdirəsiniz ki, bu saxtakarları hamı tanısın.