Təmtəraqlı toy əvəzinə, kasıb uşaqlara hədiyyələr etdilər və ağac əkdilər- İbrətamiz...

Təmtəraqlı toy əvəzinə, kasıb uşaqlara hədiyyələr etdilər və ağac əkdilər- İbrətamiz...

Qırğızıstan paytaxtında bəy və gəlin təmtəraqlı nikah mərasimi və toy keçirmək əvəzinə, şəhərdə 30 ağac əkib və aztəminatlı ailələrin uşaqlarına hədiyyələr ediblər.

Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, bu haqda Bişkek şəhər meriyasının mətbuat xidməti məlumat yayıb.


28 yaşlı Zalkar Nazarbekoğlu və 25 yaşlı Aycamal Zamirbekova uşaqlarla dükanları gəzərək alış-veriş edib və onlara lazımlı şeyləri alıblar. Hər bir uşaq özünə paltar seçib. Sonra yeni evlənənlər Bişkekin Abdraxmanov və Frunze küçələrinin kəsişməsində 30 tozağacı əkib. Uşaqlar da onlara fəal şəkildə kömək ediblər.


Gənc ailəni təbrik etməyə gələn Qırğızıstan Respublikası Əmək və Sosial İnkişaf Nazirliyinin nümayəndələri nazir Ulukbek Koçkorovun adından onlara təbrik və təşəkkür məktubunu çatdırıb.

Ağac əkilməsi ideyası "Bişkek yaşıllaşdırma təsərrüfatı" bələdiyyə müəssisəsi tərəfindən dəstəklənib. Əvvəl pərakəndə ticarət obyekti yerləşən ərazi təmizlənərək hazırlanıb və gənclərə fidan seçimi və onların düzgün əkilməsi barədə də məlumat verilib. Yeni əkilmiş ağaclara müəssisə əməkdaşları qayğı göstərəcəklər.


Bəy və gəlin təmtəraqlı toydan imtina etmək qərarını onunla izah ediblər ki, son vaxtlar cəmiyyətdə israfçı tədbirlərin faydasızlığı barədə ciddi məsələ qaldırılır. Çünki bir çox vətəndaşlar nişan və ya toy etmək üçün böyük məbləğdə borclar götürməyə və illərlə kredit, sələm ödəməyə, iş üçün xaricə getməyə məcbir olurlar...


Beləliklə, Zalkar və Aycamal Qırğızıstan paytaxtının yaşıllaşdırılmasına öz töhfəsini verən dördüncü gənc cütlük olub.


Sultan Laçın


Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər