Tərtərdə 6 kəndi birləşdirən yeni yol inşa edilib

Tərtər rayonunda uzunluğu 21,5 kilometr olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu inşa olunub. SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sözügedən yol 7 minədək əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.
Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilib. Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədilə 32 yerdə 384 poqonmetr uzunluğunda müxtəlif diametrli dəmir və dəmir-beton boruların tikintisi işləri aparılıb.
Tikinti norma və qaydalarına uyğun olaraq, yolun asfaltlanması işləri aparılıb. Bunun üçün 130 min kvadratmetr sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Layihə əsasında yolboyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılıb, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətlərinin çəkilişi aparılıb.
loading...