"Türkiyədə bir söz var - Həqiqət yerini tapana qədər yalan dünyanı 9 dəfə dolanır. Uydurma erməni soyqrımı da elədir, artıq həqiqətləri dünyaya çatdırmalıyıq".
Metbuat.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında keçirilən "Uydurma erməni soyqırımı: Həqiqətlər və reallıqlar" mövzusunda keçirilən konfransda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.
Səfir bildirib ki, Türkiyə, tarix boyunca utanılacaq heç bir addım atmayıb:
"Türkiyə heç bir zaman ermənilərə qarşı soyqırım törtəməyib, bunu sübut edəcək heç bir fakt da yoxdur. Soyqırım iddiası erməni tərəfinin yalanlarıdır. Türkiyəni soyqırım etməkdə günahlandıranları qınayırıq. Bizə qarşı bu haqsızlıq eyni zamanda ədalətə, dünyanın keçmişinə qarşı yalanlarıdır. Həm Türkiyə, həm də azərbaycanlı tarixçilər birgə işləyib həqiqəti üzə çıxarmalıdırlar. Dediyim kimi, tariximizdə üzləşməkdən çəkinəcəyimiz heç bir şey olmayıb. Ancaq qarşımızdakıların utanılmalı addımları çoxdur. 1918-ci ildə Qafqaz İslam Ordusu ermənilərin azərbaycanlılara qarşı soyqırımının qarşısını almaq üçün gəlmişdi. Bunun hesabını ödəməyən, ədalət qarşısına çıxarılmayanlar bu gün Ermənistanda qəhrəman adlandırılır. Ermənilərə səslənirəm, siz azərbaycanlılara qarşı törətdiyiniz soyqırımı necə izah edəcəksiniz? Bu gün dünyada parlamentlərində erməni soyqırımını qəbul edənlərə deyirəm ki, məsələnin tarixi araşdırsınlar. Amma Daşnak Partiyasının etdiklərini deyən yoxdur. Ermənistan diaspor rəhbərlərinə haqq yoluna gəlməyi və yalandan uzaq durmağa çağırıram. Bu günə qədər ASALA erməni terror təşkilatı tərəfindən 34 türk diplomatı şəhid edilib. Azərbaycanlıları qətl edilənlər, vətənlərindən didərgin edənlərin cəzası verilməlidir".
Günay Elşadqızı / METBUAT.AZ
Foto: İdrak Mustafayev