“Türkiyənin siyasi mənəzərəsi dəyişir” –

“Türkiyənin siyasi mənəzərəsi dəyişir” –

“Türkiyədə bələdiyyə seçkiləri həmişə önəmli sayılıb və heç də parlament seçkilərindən geridə qalmır. Çünki Türkiyə siyasi sistem elə qurulub ki, yerli idarəetmə qurumları sosial-iqtisadi problemlərin həll edilməsində, yaxud əhalinin sosial rifahının yaxşılaşdırılması məsələsində həlledici rol oynaya bilirlər”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ekspertin fikrincə, sosial-iqtisadi problemlərin həll edilməsində yerli bələdiyyə büdcələri dövlət büdcəsindən də vacib sayılır:

“Buna görə də Türkiyənin ənənəvi siyasi partiyaları bələdiyyə seçkilərində fəallıq göstərirlər. Hansı partiya bu seçkilərdə qalib gəlirsə, qarşıdan gələn parlament seçkilərində qələbəsi üçün seçildiyi yerlədə yaxşı zəmin yaradır. Bələdiyyə seçkilərində hansısa partiya çoxluq, yaxud azlıqda qalıbsa, bu, parlament seçkilərində də öz əksini tapır. İndiki halda isə əksər inzibati ərazilərdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Millətçi Hərəkat Partiyasının qurduğu “Cümhur İttifaqı” qələbə qazanıb.

Amma keyfiyyət baxımından qələbə müxalifətindir. Çünki Adanadan tutmuş İstanbuladək, bir sıra iri şəhərlərdə və sahilboyu bölgələrdə müxalifət koalisiyası qələbə qazanıb. Türkiyə əhalisinin əksəriyyəti də bu sahilboyu ərazilərdə yerləşir. Əhali sayını nəzərə alsaq, əhalinin əksər hissəsi müxalifət partiyalarının namizədlərinə səs verib. Yəni, inzibati ərazi vahidlərinin sayına görə AKP-MHP bloku, inzibati ərazilərdə yaşayan insanların sayına görə isə müxalifət bloku qalib gəlib”.

İlqar Vəlizadə bildirib ki, müxalifətin üstünlük qazandığı bölgələrdə Türkiyənin əsas sənaye, ticarət və turizm sektorları yerləşir:

“Yəni, müxalifət partiyaları bu bölgələrdə özlərinə möhkəm iqtisadi dayaqlar yarada, öz ərazi strukturlarını təkmilləşdirə bilərlər. Adətən bura qədər hesab olunurdu ki, AKP-nin regionlarda dayaqları daha möhkəmdir və müxalifət partiyalarının dayaqları daha zəif olduğu üçün seçkilərdə uduzurdu. Amma indi vəziyyət dəyişir və müxalifətin regionlarda dayaqları möhkəmlənir. Bələdiyyə seçkiləri göstərdi ki, qarşıdakı beş ildə Türkiyənin daxili siyasətində vəziyyət mürəkkəbləşəcək. Rəqabət daha da artacaq.

Müxalifət ona görə üstünlük qazandı ki, son onilliklərdə ilk dəfə olaraq, müxalif siyasi partiyalar birləşdilər. Hətta heç bir siyasi partiyaya dəstək olmayan Səadət Partiyası da müxalifət blokuna dəstək verdi. Səadət Partiyasının İstanbulda güclü elektoratı var. Hesab edirəm ki, bu partiyanın müxalifət blokuna dəstək verməsi qələbəni Binəli Yıldırımın əlindən aldı. Yəni artıq dinamika dəyişir. Bunun tendensiya halı alıb-almamasını zaman göstərəcək. Düşünürəm ki, müxalifət vahid birliyi davam etdirsə, qarşıdakı illərdə Türkiyənin siyasi mənzərəsi dəyişə bilər”.

Politoloq müxalifətin hədəflərindən də danışıb: “Hədəf 2024-cü ildir. Həmin il Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. İndiki vəziyyətə baxsaq, müxalifət bu seçkilərə hazırlığa yaxşı mövqedən başlamaq imkanı əldə edib. İqtidarı da çox ciddi sınaqlar gözləyir. İqtidar əvvəlcə sosial-iqtisadi problemlərin həll edilməsi istiqamətində konkret addımlar atmalıdır. Yeni gündəlik təqdim etməlidir ki, bu da asan məsələ deyil. Başqa sözlə, qarşıdakı illərdə Türkiyənin siyasi mənzərəsi mürəkkəbləşəcək və siyasi mübarizə ciddi rəqabət halını alacaq. Yəqin ki, Türkiyə iqtisadiyyatını da asan illər gözləmir”.

Mənsur Rəğbətoğlu

Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər