Üç ayda 142 ölü, 342 yaralı

Üç ayda 142 ölü, 342 yaralı

2019-cu ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 374 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə, 142 nəfər ölüb, 342 nəfər isə yaralanıb.

Virtualaz.org xəbər verir ki, rəsmi statistikaya görə, hadisələrin 43,3 faizi gündüz, 56,7 faizi isə gecə və toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 26,7 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Hadisələrin 89,3 faizi yaşayış məntəqələrində baş verib. Qəzalar nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 26,5 faiz azalaraq 100 nəfər, yaralananların sayı isə 1,2 faiz artaraq 332 nəfər olub.

DYP-nin açıqladığı məlumata görə, bütün yol-nəqliyyat hadisələrinin 48,1 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 29,7 faizi (5,1 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 22,2 faizi (40,7 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,9 faizini, yaralananların isə 75,7 faizini kişilər təşkil edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Hadisələr minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Virtualaz.org artan yol-nəqliyyat hadisələri ilə bağlı problemi dəfələrlə işıqlandırıb, qəzaların səbəbləri, onları azaltmağın yolları ilə bağlı ekspertlərin fikirlərinə yer ayırıb, DYP-nin hansı tədbirlər görəcəyini araşdırıb. Hadisələrin sayında azalmanın müşahidə olunmaması, əksinə, artması bizi bu mövzuya təkrar qayıtmağa məcbur edir. Məlumdur ki, ağır qəzaların əksəriyyəti sutkanın qaranlıq vaxtlarında, işıqlandırılmayan yollarda və yağışlı-çiskinli havalarda baş verir. Qəzaları artıran əsas səbəblərdən biri də sürücülərin peşəkarlığının aşağı olmasıdır. Bir çox hallarda onlar sürət rejimini yollarda yaranmış situasiyaya uyğun seçə bilmir, yaxud lüzumsuz ötmə əməliyyatları yerinə yetirir və sürət həddini aşırlar. Qəzaların artma səbəbləri sırasında nəqliyyat vasitələrinin çoxalması, tıxaclar üzündən yaranan yol gərginliyi də göstərilir.

Azər Allahverənov

Nəqliyyat sahəsində ekspert Azər Allahverənovun virtualaz.org-a bildirdiyinə görə, qəzalar daha çox sürət həddinin aşılması və inzibati xətalar səbəbindən baş verir. Amma ekspert bildirir ki, qəza hadisələrində sürücülərlə yanaşı, piyadaların səhlənkarlığı da rol oynayır: “Bəzi hallarda, baş verən qəza hadisələrində günahı sürücülərdə axtarırlar, amma burada birmənalı şəkildə demək olmaz ki, sürüclər günahkardır. Hər bir hadisənin baş verməsini şərtləndirən amillər olur, onları araşdırmaq lazımdır. Bəzi hallarda piyadalar da qəza hadisələrinin baş verməsinə səbəb olurlar”.

A.Allahverənovun sözlərinə görə, sürət həddinin aşılması ilə bağlı baş verən qəzaların çoxluğu sürücülərin maarifləndirilməsi ilə bağlı məsələni aktuallaşdırır. Ekspert deyir ki, yol nəqliyyat hadisələri, yollarda insan tələfatı kifayət qədər çoxdur. Buna görə də, sürücülər arasında maarifləndirmə işini qətiyyən dayandırmaq olmaz.

“Ötən ilin dekabr ayında “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” qəbul olundu. Bu proqramın qəbul olunmasında başlıca səbəb yol nəqliyyat hadisələrinin hansısa göstəricilərində azalmaların olmamasıdır. Proqramda küçələrin işıqlandırılması məsələsi də nəzərə alınıb. Düşünürəm ki, aidiyyatı orqanlar dövlət proqramındakı müddəalara əsaslanan tədbirlər planı hazırlamalı və onu həyata keçirməlidirlər. Dövlət proqramında yol-nəqliyyat hadisələrinin, xəsarət, ölüm hallarının sayının azalması hədəf kimi götürülüb. Ümidvaram ki, müvafiq strukturlar – DYP, Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət orqanları da bu problemlərin həlli üçün çalışacaqlar”, - A.Allahverənov deyir.

Gülnar Əliyeva

Virtualaz.org

Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər