“Ukraynalılar Zelenskiyə səs verməklə Poroşenkoya narazılıqlarını bildirdilər” – Politoloqlardan açıqlama

“Ukraynalılar Zelenskiyə səs verməklə Poroşenkoya narazılıqlarını bildirdilər”  – Politoloqlardan açıqlama

Xəbər verdiyimiz kimi, Ukraynada prezident seçkilərinin II turu keçirildi.

Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı protokolların 99,17 faizini hesablayıb. Ukraynanın Mərkəzi Seçki Komissiyаsının məlumatına görə, prezident seçkilərində Viladimir Zelenskiyə seçicilərin 73,23 faizi, hazırki prezident Petro Poroşenkoya isə seçicilərin 24,45 faizi səs verib.


Ukraynanın hazırkı prezidenti Petro Poroşenko prezident seçkilərinin ikinci turunda rəqibi Vladimir Zelenskiyə uduzduğunu etiraf edib. O, bildirib ki, buna baxmayaraq siyasətdən getməyəcək. Poroşenko öz komandasını heç vaxt təslim olmamağa çağırıb: "Əziz komanda üzvləri, əziz həmyerlilər, KİV əməkdaşları, heç vaxt təslim olmayın. Heç vaxt, heç vaxt, heç vaxt... Nə çoxluqda təslim olun, nə azlıqda...", - deyə o əlavə edib. Siyasətçi bildirib ki, bu sözlər ötən əsrin məşhur siyasətçisi, Britaniyanın sabiq baş naziri Uinston Çerçilə aiddir.

Məsələ ilə bağlı Metbuat.az-a şərh verən politoloq Elşad Mirbəşir deyir ki, Zelinski ilə Paraşenko arasında debat olanda Paraşenko rəqibinin siyasətçi olmadığına, bu sahədə təcrübəsi olmadığına işarə edirdi. Zelinski də ona cavabında demişdi ki, “Bəli, mən siyasətçi deyiləm. Budur, qarşınızda dayanmışam, mən sizin səhvlərinizin nəticəsiyəm”:

“Bu o demək idi ki, Poroşenkonun hakimiyyəti Ukrayna üçün olduqca yarıtmaz oldu. Onun hakimiyyəti dövründə çoxlu sayda ukraynalı ölkəni tərk etdi, sosial-iqtisadi vəziyyətin düzəldilməsi istiqamətində addımlar atıla bilmədi. Ukrayna ərazilərini itirdi, Donetsk, Luqansk əldən getdi, Krım məsələsini də bura əlavə etmək olar. Yəni bütövlükdə Poroşenkonun hakimiyyəti Ukrayna üçün çox ağır məğlubiyyətlərlə yadda qaldı. Təbii, gözlənilirdi ki, Paraşenko hakimiyyətdən gedəcək və getməlidir. Onun ən böyük səhvlərindən biri Rusiya ilə dil tapmaq istəməməsi idi. Görünür ki, onu təlimatlandıran Qərb dairələri də bu məsələni də nəzərə almırdılar. Çünki onun ilk atacağı addım Rusiya ilə dil tapmaqdan ibarət olmalı idi. Nəzərə almaq lazımdır ki, Rusiya heç bir halda Ukraynada mövqelərinin tam itirilməsi ilə razılaşmayacaq. Amma Poroşenko əlindən gələni etdi ki, Ukraynada ümumiyyətlə Rusiya izi qalmasın, nə siyasi, nə iqtisadi, nə də mədəni sahədə. Hətta kilsə ilə bağlı da gərəksiz olan addım atdı.

Dünya siyasətində öz dəsti-xətti olan, proseslərə təsir edən nəhəng Rusiya ilə münasibətlərin korlanması, daxili vəziyyətlə bağlı ciddi addımlar ata bilməməsi, təbii ki, Poroşenkonun hakimiyyətdən gedəcəyi haqqında proqnozlar söyləməyə əsas verirdi. Ancaq hesab edirəm ki, bundan sonra Ukraynanı yaxşı heç nə gözləməyəcək. Çünki birincisi, Zelenski peşəkar siyasətçi deyil, özünün də dediyi kimi, o, Poroşenkonun səhvinin nəticəsidir. Yəni onun səhvinin nəticəsi Ukraynada hansı müsbət dəyişikliklərə gətirib çıxara bilər? Mən hesab edirəm ki, o, ümumilikdə heç bir dəyişikliyə gətirib çıxara bilməyəcək. Məsələnin digər tərəfinə də diqqət yetirmək lazımdır. Ola bilsin ki, Ukraynada bundan sonra cərəyan edəcək proseslərdə yenə də hardasa Qərb-Rusiya qarşıdurmasının izləri görünsün. Bütövlükdə hesab edirəm ki, sadəcə ukraynalılar Zelenskiyə səs verməklə Poroşenkoya narazılıqlarını bildirdilər. Bu bilirsiz nəyi xatırladır? Amerika Birləşmiş Ştatlarında oğul Corc Buşdan sonra Barak Obama prezident seçildi. Həmin dövrdə də oxşar mənzərə idi. Yəni insanlar Buşa olan narazılıqlarını Obamanı dəstəkləməklə nümayiş etdirdilər. Nəzərə almaq lazımdır ki, Zelenskini əsasən yəhudi əsilli oliqarx İqor Kalamoyski dəstəklədi. Təbii ki, burada onu Paraşenko hakimiyyətindən incik salan məqamlar var idi. Düşünürəm ki, bundan sonra da Ukraynada çox da rəvan siyasi və iqtisadi proseslər getməyəcək və bütün bunlar pozitiv hisslər oyatmır”.

Politoloq İlqar Vəlizadə isə Metbuat.az-a açıqlamasında deyir ki, Ukraynadakı seçkilər onu göstərdi ki, seçicilər Poroşenkonun hakimiyyətindən razı deyillər:

“Seçkilərdən əvvəlki vəziyyət də onu göstərirdi ki, Poroşenkonun reytinqi kifayət qədər aşağı idi. Yalnız inzibati resurslardan istifadə etməklə ikinci tura keçə bilib. Amma ikinci turun nəticələrinə baxanda onu görə bilərik ki, hətta inzibati amillər də Paraşenkonu xilas edə bilmədi. İndiki şəraitdə Zelinskinin hakimiyyəti, yeni komandası formalaşmağa başlayacaq. Zelinski və komandası indi daha çox parlament seçkisinə hazırlıq görəcək, çünki parlament seçkilərinin nəticəsində hakimiyyətin kimin əlində cəmləşməsindən danışmaq olar. Düşünürəm ki, bu ərəfədə, yəni apreldən oktyabr-noyabr ayına qədər yeni prezident seçiciləri ələ almaq məqsədi daşıyan bir çox təşəbbüslərlə gündəmə gələcək. Bu təşəbbüslər çox güman ki, sosial xarakterli təşəbbüslər olacaq. İnsanların sosial-iqtisadi rifahını yaxşılaşdırılması ilə bağlı olan təşəbbüslər olacaq. Çox güman ki, bu ərəfədə Zelinskinin xarici səfərləri sıx qrafik təşkil edəcək, tez-tez xaricdə olacaq. Xüsusilə də onun Amerikaya və Avropa ölkələrinə səfəri gözlənilir. Çox güman ki, o, bu səfərlər zamanı iqtisadi əlaqələrə daha çox diqqət yetirəcək.

Digər tərəfdən də düşünürəm bu, yəqin ki, müəyyən dərəcədə ordu quruculuğu ilə bağlı tədbirlər görüləcək, amma bilmirəm bu nə dərəcədə effektli olacaq. Çünki bütün hallarda baxmayaraq ki, hakimiyyət dəyişilib, amma real vəziyyət dəyişməyib, resurslar və imkanlar eynidir. Bundan başqa, hökumət yenə də belə baxanda köhnə hökumət olacaq. Çünki hökumət Ukrayna Konstitusiyası əsasında məhz parlament seçkiləri nəticəsində formalaşır, yeni prezident bu hökumətlə münasibətlər qurmalıdır. Bu münasibətlər də nə cür qurulacaq dəqiq bilmək çətindir. Hər halda ola bilər ki, hökumətlə Zelinski arasında müəyyən ziddiyyətlər yaşansın”.

Günay Elşadqızı / METBUAT.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Barak Obama , Ilqar Vəlizadə , Petro Poroşenko , Corc Buş , Elşad Mirbəşir , Mərkəzi Seçki Komissiyası , Rusiya Xəbərləri Class , Ukrayna Xəbərləri Class , Rusiya , Ukrayna , Amerika Birləşmiş Ştatları , Britaniya , Donetsk , Luqansk
Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər