Ukraynanın Nikolayev şəhərində İkinci Dünya müharibəsində döyüşmüş azərbaycanlıların xatirəsi anılıb VİDEO

Ukraynanın Nikolayev şəhərində İkinci Dünya müharibəsində döyüşmüş azərbaycanlıların xatirəsi anılıb VİDEO

Kiyev, 9 may, AZƏRTAC

Ukraynanın Nikolayev şəhərində 9 May - faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə təntənəli tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, Böyük Vətən müharibəsində Ukraynanın alman faşizmindən azad olunmasında qəhrəmanlıq göstərmiş Azərbaycan oğul və qızlarının xatirəsi Nikolayev vilayətinin Bessarabka kəndində ucaldılmış 416-cı Taqanroq Azərbaycan diviziyasının abidə-kompleksinin önünə tər çiçəklər qoyulmaqla yad olunub. Ukraynanın alman faşizmindən azad olunmasında rəşadətli döyüş yolu keçmiş 416-cı Azərbaycan Taqanroq diviziyası həlledici rol oynayıb. Birləşmiş Nikolayev Azərbaycanlıları Konqresi 2012-ci ildə vaxtilə diviziyanın qərargahının yerləşdiyi Bessarabka kəndində böyük abidə-kompleksi ucaltmaqla Azərbaycanın qəhrəman oğul və qızlarının xatirəsini əbədiyyətə qovuşdurub.

Artıq 7 ildir Nikolayev və Odessa vilayətlərində yaşayan soydaşlarımız, vilayət ictimaiyyətinin nümayəndələri və müharibə veteranları 9 May - Qələbə Gününü Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət etməklə qeyd edirlər. Anım mərasiminə qatılanlara 416-cı Azərbaycan diviziyasının rəşadətli döyüş yolundan bəhs edən Birləşmiş Nikolayev Azərbaycanlıları Konqresinin sədri Yunis Əliyev tərkibində 11 min 50 nəfər azərbaycanlının döyüşdüyü qəhrəman diviziyanın Mazdokdan Berlinədək vuruşaraq Qələbənin təmin olunmasına öz canları ilə böyük töhfə verdiklərini vurğulayıb.

Digər çıxışçılar İkinci Dünya müharibəsinin Qələbə tarixinə əbədi imza atmış 416-cı Azərbaycan diviziyasının Ukrayna xalqı tərəfindən həmişə böyük ehtiramla yad olunduğunu bildiriblər.

Anım mərasimində ukraynalı əsgərlər Azərbaycanın qəhrəman oğul və qızlarının xatirəsini yaylım atəşi açmaqla yad ediblər.

Təyyarəçilər abidənin üzərindən hərbi uçuş edərək Azərbaycan diviziyasında döyüşərək həlak olanların xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Siyasət xəbərləri
Azertag.az digər xəbərlər