“Ümid edirik ki, türk varlığı Kərkükdən Qarabağa doğru gedəcək”


Yunus Oğuz: "Nə qədər ki, Türk ruhu bir araya gəlməyib, o problemlər elə də qalacaq"

Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi" (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və "Yeni Çağ" Media Qrupunun təşkilatçılığı ilə Bakıda gerçəkləşən "Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: Geosiyasi çağırışlar və perspektivlər" Beynəlxlaq Simpoziumunda Azərbaycan, Türkiyə və İraqdan millət vəkilləri, ictimai-siyasi xadimlər, tarixçilər, QHT və media mənsubları iştirak ediblər. Simpoziumu giriş sözü ilə açan ATEV sədri Tənzilə Rüstəmxanlı tədbir iştirakçılarını salamlayaraq, onlara tədbirə qatıldıqları üçün minnətdarlığını bildirib: "Simpoziumun bu günə təyin edilməsi təsadüfü deyil. Bu qərarı dəyərli aydınlarımızla məsləhətləşərək verdik. Sabah isə Türk milli oyanış günüdür. Biz o tarixi hər il qeyd edirdik. Ancaq bu il o tarixi belə bir miqyaslı bilimsəl tədbir çərçivəsində də qeyd edəcəyik. Bu simpoziumda Kərküklə Qarabağın seçilməsi təsadüfi deyil. Hər ikisi Türk dünyasının qanayan yarasıdır. Kərkük Azərbaycanın qardaşı deyil, Kərkük bizimdir, özümüzündür, Azərbaycanın səsidir".

Daha sonra çıxış edən İraq Türkmən cəbhəsinin rəhbəri, Kərkükdən millət vəkili olan Ərşad Salihi bildirib ki, türklər əsarəti qəbul edən millət deyil: "Biz əsarəti qəbul etmədiyimiz üçün bayrağımız hər zaman yüksələcək. Orta Asiyada sıxışdırılan türklər heç vaxt əsarəti qəbul etmir. Biz əminik ki, əsarəti sevməyən Azərbaycan türkləri də bir gün Qarabağı işğaldan azad edəcək".

AMİP lideri Etibar Məmmədov Kərkük problemi ilə Qarabağ probleminin eyniləşdirilməsini dəstəkləyib: "Bu problem bütün türklərin problemidir. Bütün türk dünyasına qarşı təzyiqlər var. Bu problemin həlli üçün türk dövlətləri ortaq iş görməlidir. Türklərin yaşadıqları yerləri tərk etdirilməsinin qarşısı alınmalıdır. Türk dövlətləri buna qarşı çıxmalıdır. Türkiyə və Azərbaycanın qarşısında duran vəzifələrdən biri də sıxışdırılan türklərin yanında olmaq, onlara siyasi, iqtisadi, mədəni dəstək olmaqdır".

"Olaylar" İnformasiya Agentliyi və eyni adlı qəzetin rəhbəri Yunus Oğuz Türk milli ruhunun birləşdirilməsinin vacibliyini önə çəkib: "Xatırladım ki, ötən il "Fərqanədən Qarabağa", bu il isə "Kərkükdən Qarabağa" simpozium təşkil olunub. Kərkük, Qarabağ, Anadolu - bunlar hamısı vətəndir. O vətəndə bütün Türk dünyası var. Türk dünyasını bir araya gətirmək üçün türk dövlətləri birgə səy göstərməlidirlər. Bu işdə dövlət öndə olmalıdır. Kərkürk problemi təkcə Kərkükdə, Qarabağ problemi yalnız Qarabağda deyil. Nə qədər ki, milli ruh bütövləşməyib, vətənimiz parçalanacaq. Nə qədər ki, Türk ruhu bir araya gəlməyib, o problemlər elə də qalacaq".

Azərbaycan xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı çıxışında Qarabağ məsələsinə toxunaraq bildirib ki, dünyanın hər yerində Qarabağ problemini təbliğ edirik: "Milli şüurun oyanması son dərəcə önəmlidir. Türkçülük bayramının keçirilməsi millətin varlığını qorumaq yoludur. Türk dünyası qlobal güclər tərəfindən sıxışdırılır. Türk dünyası min ildir İran-Turan, mədəniyyətlərin savaşındadır. SSRİ dağıldı, oradan ayrılıb müstəqil olan dövlətlərdən 5-i türk dövlətidir. O dövlətlər birlik yarada bilərdilər. Türk dünyasının problemini ancaq QHT-lər qabardır. Ancaq dövlət bu işdə yoxdur. Bu gün keçirilən simpoziumda da dövləti təmsil edən nümayəndə yoxdur. Əslində dövlət bu işə dəstək verməlidir".

"Kərkükdən Qarabağa" Beynəlxalq Simpoziumu çərçivəsində "Kərkük" Paneli işinə başlayıb. Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgərin moderatorluğu ilə keçirilən Paneldə İraq Türkmən Cəbbhəsinin rəhbəri, Kərkükdən millət vəkili olan Ərşad Salihi, professor Qəzənfər Paşayev, professor Kürşad Zorlu, Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi, Türkiyə Qazi Universitetindən Çetin Almas, İraq Türkman Cəbhəsinin Türkiyə təmsilçisi Mehmet Tütüncü iştirak ediblər. Ərşad Salihi paneldə çıxış edərək bildirib ki, bizə müxtəlif adlar qoydular, ancaq biz türkük: "Qafqazda, Orta Asiyada türk olmaq çox çətin məsələdir. Orada türkləri sıxışdırırlar. Türkləri İraqda, Livanda, Suriyada heç kim dəstəkləmir. Kipri işğaldan azad edəndə necə hazır idiksə, Qarabağın da işğaldan azad edilməsinə hazırıq. Xocalı soyqırımı zamanı Səddam Hüseynin zülmündə idik. Ancaq Azərbaycanın müstəqilliyinə sevinirik. 1992-93-cü illərdə Azərbaycan Qarabağda, türkmanlar isə İraqda şəhid verirdi. İraqda referendum zamanı İraqın vahid qalmasını istədik. Bu gün İraqın vahid qalmasının səbəbkarı türkmanlardır. Biz şəhidlər verdik, ancaq torpaqlarımızı vermədik, namusumuzu vermədik. Kərkükün üzərində oynanan oyunun eynisi Qarabağda oynanır. Əgər ayağımızın üzərində durmaq istəyiriksə, hamımız birlik olmalı, bir yumruq olmalıyıq. Bizi din pərdəsi altında parçalamaq istəyirlər. Ancaq biz İslamdan öncə var olan millətik. İraq Türkman Cəbhəsinin sədri olaraq bildirirəm ki, dünyanın harasında bir türkün burnu qanayırsa, biz buna görə məsuliyyət daşıyırıq. Ümid edirik ki, türk varlığı Kərkükdən Qarabağa doğru gedəcək".

Professor Kürşad Zorlu Kərkük və İraqdakı türkmanların problemləri barədə danışıb. O, bildirib ki, getdiyi hər yerdə Kərkük və Qarabağ problemini gündəmə gətirir: "Kərkük və Qarabağı eyniləşdirmə çox məntiqlidir. Bunu bir araya gətirən ən əsas səbəb demoqrafik problemlərdir. Türkləri öz torpaqlarından qovurlar. Qarabağda, Şimali Kiprdə, Kərkükdə də bu problem var. Azərbaycan türkçülüyü inşa edən ölkələrdən biridir. Mosul 1918-ci ilə qədər Osmanlının torpağı olub. Atatürk Mosulun, Kərkükün Türkiyənin tərkibində qalması üçün çox işlər görüb, ancaq beynəlxalq güclər buna imkan vermədi. İraqda Səddam Hüseyndən əvvəl, onun vaxtında və sonra demoqrafik dəyişiklik yalnız türkmanlara qarşı edilib. Çalışırlar ki, türkmanlar kompakt yaşamasınlar və beləcə ölkəni rahat idarə etsinlər. Qarabağda da bu problem yaşanıb və yaşanmaqdadır. Müstəqil olmaq düşüncəsi var. Türkmanlar bunu haqq edirlər. Ancaq bu gələcəyin düşüncəsidir. Türkmanlar o coğrafiyanın ən əsas gücləridir. Ona görə də daim onları sıxırlar. Türkmanların dillərini də yox etmək istəyirlər. Əgər bunu yox etsələr, millətimizi də yox etmiş olacaqlar".

Ardınca Panelində Türkiyə Qazi Universitetindən Çetin Almas çıxış edib. Çetin Almas bildirib ki, əslində türkmanların yaşadığı bölgə türkman elidir, sadəcə kərküklülər daha çox qətliama məruz qaldığı üçün ora ümumi olaraq Kərkük deyirlər: "Mosul və Kərkük 13 əsrdir ki, türk yurdudur. 900 il türkman elində türk hakimiyyəti hökm sürüb. Coğrafi olaraq oradayıq, yaşayırıq, hüquqi olaraq da türkmanlar orada olmalıdır. Türkmanlara qarşı ötən əsrin əvvəllərindən qətliamlar edilib. Orada hələ də türkman əhalisi yaşayır.Türkman elinə kim gəldisə, oranı dəyişdirməyə çalışdı. Yer adlarını dəyişdirdilər, dillərini əllərindən almağa çalışdılar. Hələ də davam edirlər". Çetin Almas sonda bildirib ki, bu simpozium türkman elinə uzadılan əldir.

"Kərkük" Panelində Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi də çıxış edib. Şəmsəddin Kuzəçi bildirib ki, İraq dedikdə ağla Osmanlı gəlir: "İraqı uzun illər Osmanlı imperiyası idarə edib. İraqda mətbuatın təməli də Osmanlı dönəmində atılıb. İraq Osmanlıdan ayrıldıqdan sonra Osmanlıya aid hər şeyi məhv etdilər. 2003-cü ildən sonra İraqda mətbuat üzərindəki senzura aradan qalxdı. Ondan sonra çoxlu sayda qəzetlər, TV kanallar açıldı. Türkman Elində də müstəqil qəzetlər, TV kanallar açıldı. Azərbaycan mətbuatı məsafə cəhətdən nə qədər uzaq olsa da, daim İraq türkmanlarına sahib çıxıb. Nəinki sahib çıxıb, hətta bizim özümüz kimi yazıb".

"Kərkükdə tarixi dövlətlərimiz olan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin izləri var" deyən, professor Qəzənfər Paşayev Kərküklə əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib. Professorun sözlərinə görə, bu məsələdə dövlət də öz dəstəyini əsirgəməməlidir: "Belə bir tədbirin təşkili üçün Tənzilə xanıma, əməyi keçən hər kəsə təşəkkür edirəm. İki il bundan əvvəl Türkiyədə bir konfrans keçirildi. Oradakı çıxışımda dedim ki, nə yaxşı, Türkiyə var, kiçik xalqların qayğısına qalan Türkiyə... Orada təklif səsləndi ki, Kərkük adına küçə verilsin. Bir müddət əsarət altında olduğumuz üçün mənəvi dəyərlərimizə əhəmiyyət verə bilməmişik. O boyda nəhəng Nəsiminin məzarını 1960-cı ildə Rəsul Rza tapdı. Bundan on il sonra məlum oldu ki, Nəsiminin edam hökmü ədalətsiz elan olunub və ona bəraət verildi.Ömrümün altmış ildən çoxunu Kərkük folkloruna həsr etmişəm, bu, təmənnasız bir xidmətdir. Şah İsmayıl Xətainin şeirlərində də türkman sözü işlənilir. Kərkükdə tarixi dövlətlərimiz olan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin izləri var.1968-ci ildə Rəsul Rza ilə mənim "Kərkük bayatıları" kitabımız çıxdı. Bu istiqamətdə müəyyən işlər görülür. Ancaq bizim Kərküklə, İraq türkmanları ilə əlaqələrimiz zəifdir. Bu məsələlərdə dövlət dəstəyinin olması vacibdir".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da "Kərkükdən Qarabağa" Beynəlxalq Simpoziumuna qatılıb. Səfir Erkan Özoral tədbirin əhəmiyyətindən bəhs edib. Səfir bildirib ki, Türkiyənin birliyi baxımından bu simpozium çox önəmlidir: "Türk dünyası son 150 ildir acılar içində yaşayır. Kərkük və Qarabağ içimizdə qalan bir yaradır. Bu cür toplantıları türk dünyasının hər yerində keçirmək lazımdır".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər