UNEC-də Startap günləri keçiriləcək

 UNEC-də Startap günləri keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mayın 3-4-də növbəti dəfə “Startap günləri” təşkil ediləcək.

Xeberler.az bildirir ki, “Startap günləri”nin məqsədi yeni startapların yaradılmasına təkan vermək, bu istiqamətdə tələbələrə informasiya-metodik dəstək göstərmək, internet biznes və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

“Startap günləri”ndə tələbələrin biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının müsabiqəsi də keçiriləcək. Eyni zamanda, yerli startap sahiblərinin, ekspertlərin və informasiya texnologiyaları üzrə şirkət rəhbərlərinin bu sahəyə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq. “Startap günləri”ndə tələbələr innovativ biznes ideyaları ətrafında komandalar formalaşdıraraq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda həmin layihələrin təqdimatları və müsabiqəsi təşkil olunacaq. Qaliblər peşəkar münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplom və sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, “Startap günləri” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə UNEC-in və “Startap Azərbaycan”ın təşkilatçılığı ilə keçirilir.

İqtisadiyyat xəbərləri
Xeberler.az digər xəbərlər
 Azərbaycanda Falcons Summit sammiti keçirilir

Azərbaycanda Falcons Summit sammiti keçirilir

26-04-2019 15:50 - Xeberler.az - İKT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi tərəfindən Bakı şəhərində “Falcons Summit” adlı qlobal tədbir təşkil olunub.
Xeberler.az bildirir ki, “Falcons Summit”in əsas məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən innovativ startap layihələrinin investorlara təqdim edilməsi, maliyyələşdirmə imkanlarının müzakirəsi və Azərbaycanın mövcud sərmayə imkanlarının nümayişindən ibarətdir.
Tədbir kapitalın artırılması və böyük investorlar, biznes liderləri, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri ilə işgüzar əlaqələr yaratmaq arzusunda olan startap şirkətləri üçün yeni imkanlar yaratmağa hədəflənib.
Sammitin bu gün keçirilən açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BP şirkətinin rəhbər şəxsləri çıxış edib.
Daha sonra İnnovasiyalar Agentliyi tərəfindən hazırlanan Azərbaycanın investisiya potensialını, ölkəmizə investisiya yatırımının perspektivlərini əhatə edən “İnnovaNation” adlı videoçarx nümayiş olunub.
Sözügedən sammit Körfəz ölkələrindən (Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman), eləcə də, Yaponiya, İtaliya, Fransa, İsrail, İsveçrə, Böyük Britaniya, Türkiyə, Belarus, ABŞ, Qazaxıstan, Koreya, Braziliya, Almaniya, Rusiya, Çexiya, Hindistan və Ukraynadan olan investor, startapçı, sahibkar, şirkət və təşkilat nümayəndələrini bir araya toplayıb.
Tədbirdə adıçəkilən ölkələrdən nümayəndə heyəti ilə yanaşı, dövlət və hökumət strukturlarından rəhbər şəxslər, diplomatik korpusların təmsilçiləri, bank-maliyyə seqmentinin nümayəndələri və özəl şirkət təsisçiləri iştirak edib.
Ümumilikdə tədbirə 500-dən çox layihə və şirkətlərin nümayəndələri qatılıb.
26 aprel tarixinədək davam edəcək “Falcons Summit” çərçivəsində potensial investor, vençur fond və startap şirkətləri arasında “B2B” formatında görüşlərin təşkili də nəzərdə tutulur.