Vyana Azərbaycan və Ermənistan liderləri üçün körpü olmağa hazırdır

Vyana Azərbaycan və Ermənistan liderləri üçün körpü olmağa hazırdır

Avstriya və Vyana Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında gələcək danışıqlara ev sahibliyi etməyə hazırdır.

Modern.az-ın məlumatına görə, bunu Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen öz “Twitter” səhifəsində yazıb.

Martın 29-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüşünə toxunan Avstriya dövlət başçısı qeyd edib ki, Azərbaycan Avstriyanın Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır:

"Prezident İlham Əliyev və mən məhsuldar görüşümüzü bu yaxşı bünövrənin üzərində qurduq. Bu tərəfdaşlıqla yanaşı, həmçinin ölkələrimizin universitetləri arasında çoxsaylı uğurlu əməkdaşlıq əlaqələri mövcuddur".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub. Təkbətək görüş iki saatdan artıq davam edib, sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlərin görüşün yekunu üzrə birgə bəyanatında danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur. Həmçinin sülh prosesinin irəli aparılması üçün münasib və münbit şəraitin yaradılmasının, danışıqlar prosesində konkret və nəticə yönümlü addımların atılmasının vacibliyi kimi məqamlar vurğulanır.

Siyasət xəbərləri
Modern.az digər xəbərlər