Vyanada AEBA-nın Baş Assambleyasının 65-ci sessiyası işə başlayıb

Vyanada AEBA-nın Baş Assambleyasının 65-ci sessiyası işə başlayıb

Avstriyanın paytaxtı Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Assambleyasının 65-ci sessiyası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, bir həftə davam edəcək sessiyanın işində dünyanın 174 dövlətindən nümayəndələr iştirak edirlər. Sessiya çərçivəsində keçirilməsi nəzərdə tutulan 80 dəyirmi masada qlobal dünyada atom enerjisi ilə bağlı çağırışlar müzakirə ediləcək.

Tədbirdə Küveytin Avstriyadakı səfiri və beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi Məhəmməd Sadiq Morrəfi Baş Assambleyanın sədri seçilib.

Sessiyada mətbuatın diqqətini İran nümayəndə heyəti daha çox cəlb edir. Aydın məsələdir ki, rəsmi Tehran, ABŞ və bir sıra Qərb dövlətləri nüvə proqramı məsələsində razılığa gələ bilmir. İran nüvə proqramını elmi və tibbi məqsədlər üçün həyata keçirdiyini bəyan etsə də, rəsmi Vaşinqton Tehranı kütləvi qırğın silahı əldə etməyə çalışmaqda ittiham edir və AEBA vasitəsilə məsələyə müdaxilə edərək prosesin qarşısını almaq niyyətindədir.

Hazırkı dövrdə nüvə proqramına görə iqtisadi sanksiyalar altında qalan İran bütün qüvvəsi ilə bu sanksiyalardan yaxa qurtarmağa çalışır. Ölkə iqtisadiyyatında vəziyyət ağırlaşır, koronavirus pandemiyası ilə mübarizə çətinləşir. İranın iri şirkətlərinə qarşı tətbiq edilən sanksiya onların fəaliyyəti məhdudlaşdırıb. Ən böyük problem isə ondan ibarətdir ki, İran neft satışından əldə etdiyi vəsaiti ölkəyə gətirib istifadə edə bilmir. Bu gün ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya, İndoneziya və bir sıra başqa dövlətlərin banklarında İrana məxsus milyardlarla dollar həcmində vəsait dondurulub. Adıçəkilən dövlətlərin heç biri öz banklarına İrana məxsus vəsaitlərin olması danmır və onu qaytarmaq istəyində olduğunu bəyan edir. Lakin İran beynəlxalq maliyyə köçürmələrini həyata keçirən SWIFT koddan istifadə edə bilməməsi vəsaitlərin ölkəyə gətirilməsinə imkan vermir.

ABŞ –ın sabiq Prezidenti Donald Trampdan fərqli olaraq, hazırkı dövlət başçısı Cozef Bayden iqtisadi sanksiyaların səmərəli olacağına inanmır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran 40 ildir sanksiyalar altında yaşayır və bu vəziyyət onun nüvə proqramından imtina etməsinə gətirib çıxarmayıb. Hazırda ABŞ İranın nüvə proqramından imtina etməsinə, rəsmi Tehran isə Vaşinqtonun sanksiyalar siyasətindən əl çəkməsinə çalışır. Bunun yeganə yolu isə danışıqlardır. Bu baxımdan AEBA-nın Vyanada keçirilən sessiyası tərəflər üçün mühüm əhəmiyyət daşıyır.

Sessiyada İran nümayəndə heyətinə Məhəmməd İslami rəhbərlik edir. M. İslami Həsən Ruhaninin prezidentliyi dövründə İranın yollar və şəhərsalma naziri olub və yeganə şəxsdir ki, yeni Prezident İbrahim Rəisinin rəhbərlik etdiyi kabinetdə yer alaraq İranın Atom Enerjisi Təşkilatına rəhbər təyin olunub.

Sessiyanın açılış mərasimində çıxış edən M. İslami İranın nüvə proqramının sülh xarakter daşıdığını, sanksiyalardan sadə xalqın əziyyət çəkdiyini, bu siyasətin faydasız olduğunu və AEBA-nın ədalətli olmasının zəruriliyini vurğulayıb.

AEBA-nın baş direktoru Rafael Qrossi çıxışında İranın nüvə proqramının narahatlıq doğurmadığını vurğulayıb.

M. İslaminin sessiya çərçivəsində AEBA-nın rəhbəri ilə yanaşı, digər dövlətlərin nümayəndələri ilə də ikitərəfli görüşləri nəzərdə tutulub.

Sessiya işini davam etdirir. Tədbirdə qəbul olunan qərarların nədən ibarət olacağını və dünyada nüvə enerjisindən istifadənin hansı məcraya yönələcəyini isə zaman göstərəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Açar sözlər
Cozef Bayden , Donald Tramp , Həsən Ruhani , Məhəmməd Islam , Iranın Atom Enerjisi Təşkilatı , Koreya , Abş , Indoneziya , Yaponiya , Tehran , Avstriya , Küveyt , Vyana , Iran , Böyük Britaniya , Vaşinqton , Koronavirus , Ittiham
Siyasət xəbərləri
Azertag.az digər xəbərlər