Xalq artisti Arif Məlikov dəfn edildi - Foto/Yeniləndi


Xalq artisti Arif Məlikov torpağa tapşırılıb.

Mərhum I Fəxri xiyabanda dəfn olunub.Dəfn mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Təhsil naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər, eyni zamanda, mərhumun ailə üzvləri, dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edib.Qeyd edək ki, A.Məlikov bu gün səhər saatlarında 85 yaşında vəfat edib.

***

15:39

Xalq artisti Arif Məlikovla vida mərasimi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında keçirilən mərasimdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev mərhumun dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edib.

Arif Məlikovun cənazəsi torpağa tapşırılması üçün I Fəxri xiyabana aparılıb.

Allah rəhmət eləsin!

Qeyd edək ki, A.Məlikov bu gün səhər saatlarında 85 yaşında vəfat edib.

***

15:20

Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında keçirilən mərasim hazırda davam edir.

Teleqraf.com-un xəbərinə görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli bəstəkar Arif Məlikovun vida mərasimində iştirak edir.

***

15:07

"Bizim aramızdan böyük bir şəxsiyyət ayrıldı, Arif Məlikov haqq dünyasına qovuşdu. Amma onun adı daim Azərbaycan xalqının yaddaşında və mədəniyyət səlnaməsində qalacaq".

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev Xalq artisti Arif Məlikovun Bakı Musiqi Akademiyasında bu gün keçirilən vida mərasimində deyib:

"Düşünürəm ki, onun sənət əsərləri musiqiçilərin, orkestrlərin, repertuarından silinməyəcək. Çünki bu musiqi Azərbaycan xalqınının zəngin olan mədəniyyətinin parlaq nümumələrindən biridir. Allah ona rəhmət eləsin. Əminəm ki, Arif Məlikovun əziz xatirəsi daim ürəklərdə yaşayacaq".

Əməkdar artist Elza Seyidcahan Xalq artisti Arif Məlikovun ölüm xəbərini eşidəndə göz yaşlarına hakim ola bilməyib. Belə ki, o, dahi bəstəkarın vida mərasimində təəssüratlarını paylaşıb:

"Arif Məlikov həm də çox gözəl pedaqoq idi. O, mənim müəllimim olub. Gözəl xüsusiyyətlərə, keyfiyyətlərə malik bir dahi şəxsiyyət idi. Arif bəy son günlərinədək xalqımıza şərəflə xidmət göstərən dahi bəstəkar idi. Əsərləri və musiqiləri ilə Azərbaycan mədəniyyəti tarixində böyük bir iz qoydu. Onun çoxlu istedadlı tələbələri arasında məndə varam. Çox xoşbəxtəm ki, Arif müəllimin tələbəsi olmuşam. Bu, bizim mədəniyyətimiz üçün ağır bir itkidir. Allah Rəhmət eləsin".

***

14:47

Dahi bəstyəkar, Xalq artisti Arif Məlikovla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vida mərasimi başlayıb.

Teleqraf.com xəbər verir ki, mərasimdə mədəniyyət-incəsənət xadimləri iştirak edir.

Akademiyanın rektoru Fərhad Bədəybəyli dahi bəstəkar haqqında xatirələrini bölüşüb:

"Arif müəllim Azərbaycan bəstəkarlıq məktəbinin, ən parlaq, ən istedadlı, ən unikal nümayəndələrindən biridir. Hələ gənc yaşlarında maestro Niyazi ilə birlikdə dahi baletmeyster Qori Qriqoriyeviç, həmçinin Nazim Hikmət kimi dahi insanlarla ünsiyyətdə olmuşdu. Qara Qarayevin tələbəsi idi. Ən məşhur əsəri "Məhəbbət əfsanəsi, ona dünya şöhrəti qazandırıb. Bu əsər dünyanın 62 ölkəsində böyük uğurla tamaşaya qoyulub. Arif müəllim böyük pedaqoq idi. Səhhətində problem yaransa da, son günlərinədək akademiyaya gəlirdi. Bu, Azərbaycan mədəniyyəti üçün ağır itkidir".

O, dahi bəstəkarın ailəsinə başsağlığı verib.

Xalq artisti Faiq Sücəddinov bildirib ki, Arif Məlikov onun müəllimi olub. "Arif Məlikovun həyatdan köçməsi məni çox kədərləndirdi. Vaxtı ilə mənim müəllimim olub. Heç inanmaq olmur ki, bu dahi şəxsiyyət artıq həyatda yoxdur. Amma onin dahi musiqiləri bizimlə hər zaman yaşayacaq. Tələbələri ilə hər zaman gözəl ünsiyyətdə olurdu. Allah ona rəhmat etsin".

***

Xalq artisti Arif Məlikovla vida mərasimi keçirilir.

Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında keçirilən mərasimdə mərhumun dostları, bəstəkarlar, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edir.

Arif Məlikov I Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, A.Məlikov 85 yaşında vəfat edib

***

12:19

Azərbaycan Respublikasının xalq artisti Arif Məlikov 86 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ONA-ya məlumat verib.

Qeyd edək ki, Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub.

Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb, orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışdı.

Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir.

Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S.M.Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D.Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.

Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olub. Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədliliyinin, qüdrətinin rəmzinə çevrilib.

Arif Məlikov öz yaradıcılığının təbiətinə görə simfaniyasıdır. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir.

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.

2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.


Mədəniyyət xəbərləri
Teleqraf.com digər xəbərlər