Xələfov nazir müavini kimi ilk görüş keçirdi – Berlinlə məsləhətləşmə


Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi və Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Almaniya tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Almaniya arasında siyasi dialoqun yüksək səviyyədə olduğundan məmnunluq ifadə edib, bu xüsusda Almaniyanın federal kansleri Angela Merkelin ötən ilin avqust ayında Azərbaycana səfərini xüsusi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirib.

İkitərəfli iqtisadi əməkdaşlığın zəngin potensial imkanlara malik olduğu qeyd edilib, Azərbaycanda fəaliyyət göstərən Almaniya Ticarət-Sənaye Palatasının fəaliyyətindən məmnunluq bildirilib.

Həmçinin, mədəniyyət, elm və təhsil sahələrində əlaqələr müzakirə edilib, Bakıda DAAD və Höte Mərkəzinin fəaliyyətləri təqdirəlayiq qiymətləndirilib, habelə Berlində Azərbaycan Mədəniyyət Mərkəzinin tezliklə açılmasının ikitərəfli humanitar əlaqələrə təkan verəcəyi qeyd edilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında da fikir mübadiləsi aparılıb. X.Xələfov Almaniyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə və işğal olunmuş ərazilərimizdə separatçı rejimi tanımadığına dair mövqeyini yüksək dəyərləndirib və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə göstərdiyi dəstək və səylərinə görə təşəkkürünü bildirib.

Bundan əlavə, tərəflər ölkəmizdə siyasi, hüquqi və iqtisadi sahələrdə aparılan islahatlar, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.


Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər