YAP-da akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyi qeyd olunub

YAP-da akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyi qeyd olunub

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirilib.

ONA-nın məlumatına görə, tədbirdə YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatları və digər tanınmış şəxslər iştirak edib.

N.Əliyeva çıxışında deyib ki, Zərifə Əliyeva çox çətin və şərəfli ömür yolu keçib: "O, hər zaman üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirib. Zərifə xanım xalqımızın gözəl ənənələri, Azərbaycan analarını yüksək səviyyədə təmsil edəcək biri olub. O, ətrafında olan insanlara xeyirxah münasibət bəsləyib və bütün həyatı boyu öz mövqeyindən dönməyib. Zərifə xanım bizim qadınlarımıza örnəkdir. Bu gün onun çırağını yandıran Mehriban xanım Əliyeva da bizim üçün bir örnəkdir".

Prezident Katibliyinin rəisi Dilarə Seyidzadə Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məlumat verib. O, Azərbaycanda orta məktəb dərsliklərində Zərifə xanım Əliyeva haqqında məlumatların geniş şəkildə tədris olunmasını təklif edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, bu gün məktəb dərsliklərində Zərifə xanım Əliyeva haqqında məlumatlar daim şagirdlərin diqqətinə çatdırılır: "Zərifə xanımın doğum və anım günlərində də bununla bağlı məlumatlar şagirdlərə verilir".

Tədbirdə millət vəkilləri və digər şəxslər Zərifə Əliyeva haqqında fikirlərini bildiriblər.

Açar sözlər
Dilarə Seyidzadə , Hicran Hüseynova , Mehriban Əliyeva , Zərifə Əliyeva , Nurlana Əliyeva , Qadın Və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi , Yeni Azərbaycan Partiyası , Milli Məclis , Azərbaycanda Orta Məktəb , Qadınlar Şurası , Azərbaycan , Milli Məclis
Siyasət xəbərləri
Ona.az digər xəbərlər