YAP-ın qərargahında “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib

YAP-ın qərargahında “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında "Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar" adlı tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Milli Məclisin vitse-spikeri Bahar Muradova, deputatlar, tarixçilər və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində Ə.Əhmədov çıxış edərək erməni yalanlarından danışıb. O qeyd edib ki, yüz ildən çoxdur ki, bəşəriyyət erməni yalanı ilə üz-üzədir. Bu yalanın 100 ildən çox davam etməsi onu göstərir ki, məkrli, iyrənc məqsədlərə xidmət edir.

Ə.Əhmədov qeyd edib ki, qondarma "erməni soyqırımı"nı sübuta yetirən heç bir fakt yoxdur. Bu yalan həm də ermənilərin qardaş Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək məqsədi ilə bağlıdır: "Digər tərəfdən isə Türkiyəyə siyasi təzyiqlərin göstərilməsi, müəyyən hallarda Azərbaycana qarşı bu yalandan istifadə edilməsi ilə bağlıdır".

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral vurğulayıb ki, qondarma "erməni soyqırımı"nın dünyaya yayılmasına cəhd göstərilməsi tarixə qarşı ədalətsizlikdir:

"Biz bu yalanı dünyaya yaymağa çalışanları, bununla bağlı haqsız mövqe tutanları qınayırıq. Bu, əslində dünyanın keçmişinə, həqiqətə, ədalətə qarşı edilən haqsızlıqdır. Biz həqiqətləri ortaya çıxarırıq. Bu həqiqətlər üzə çıxdıqca erməni yalanları da üzə çıxır. Azərbaycanda ermənilər tərəfindən törədilən qətliamlar dünyanın gözü qarşısında baş verib. Bu qətliamı törədənlər Ermənistanda qəhrəman elan ediliblər. Bu, dünyada ən böyük haqsızlıqdır".

Milli.Az

Siyasət xəbərləri
Milli.az digər xəbərlər