YAP Yasamal rayon təşkilatının gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib

YAP Yasamal rayon təşkilatının gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib. Tədbir iştirakçıları rayon təşkilatının foyesindəki Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, Dahi Şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.
Dövlət himni səsləndirildikdən sonra konfransı YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov açaraq, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanının iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdiyini, ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndiyini diqqətə çatdırıb.
T.Əhmədov dövlət gənclər siyasətinə nəzər salaraq, ölkədə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşdığını bildirib.
Konfransda YAP Yasamal rayon təşkilatının gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev ötən konfransdan keçən müddətdə təşkilatın fəaliyyəti haqqında hesabatla çıxış edib. O, hesabat dövründə görülən işlər, reallaşdırılan layihələr haqqında məlumat verib.
Rayonun fəal gənclərindən Vəfa Mürsəlzadə, Bayram Aslanov və Anar Cəfərov çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimizin qazandıqları nailiyyətlərdən danışıblar.
Konfransda YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktor Vüqar Rəhimzadə çıxış edərək, müasir tariximizin böyük bir mərhələsinin müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Hazırda ölkəmizin dünya birliyində söz sahibinə çevrilməsinin əsası, məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Qeyd edib ki, bu gün Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla irəliləyir.
Sonra təşkilati məsələlərə baxılıb. Konfransda YAP Yasamal rayon təşkilatının gənclər birliyi şurasına 61, idarə heyətinə isə 25 nəfər seçilib. İlqar Quliyev YAP Yasamal rayon təşkilatınıın gənclər birliyinin sədri və onun müavinləri seçilib.
YAP Gənclər Birliyinin ümumrespublika konfransına isə 15 nəfər nümayəndə seçilib.
Konfransda Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxış edərək, partiyanın yaranma tarixi, onun keçdiyi şərəfli yol, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev respublikamızın hərtərəfli və sürətli inkişafı naminə çoxşaxəli və innovativ islahatlar həyata keçirir.
B.Muradova bildirib ki, hər bir xalqın gələcəyi gənclik olduğu kimi, Azərbaycanın da gələcəyinin gənclərin əlində olması ilə yalnız qürur duymaq olar: "Siz öz öhdəliklərinizi bilən, vətəndaş məsuliyyətini dərk edən, öz xalqı, Vətəni, əqidəsi, seçdiyi siyasi yol qarşısında vicdan borcunu məsuliyyətlə yerinə yetirən gəncliyin nümayəndələrisiniz. Sizin fəaliyyətinizin ən müxtəlif istiqamətləri belə söyləməyə imkan verir ki, siz Ulu Öndər Heydər Əliyevin ideyaları ilə yaxşı silahlanmısınız. Sizin qəlbinizdə Azərbaycan sevgisi, Ulu Öndər və Onun ideyalarına məhəbbət kök salıb. Yalnız bu sevgidən çıxış edərək, layiqli vətəndaş olmaq mümkündür".

Zümrüd BAYRAMOVA

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər