“Yaralı zabitimiz deyib ki, komandir, gəlin sizi ərazidən çıxarım, amma o, razılaşmayıb...”

“Biz postu alandan sonra komandir heyəti arxamızca köməyə gəldi, çünki şəhidlərimiz və yaralılarımız var idi”.
Bunu Moderator.az-a açıqlamasında aprel döyüşlərinin qrup komandiri kapitan Əliğa Zeynalov Milli Qəhrəman Samid İmanovun şəhid olmasından danışarkən deyib.
Aprel qazisi bildirib ki, həmin döyüşdə Samid İmanov ağır yaralanıb, buna baxmayaraq komanda verib ki, onu yox, digər yaralıları ərazidən çıxarsınlar:
“Biz Talış kəndində əməliyyat keçirəndə gizir Dilsuz Qarayev şəhid oldu. Sonra erməni postlarını aldıq və orda da iki gizirimiz - Elimdar Səfərov və Ravil Novruzov şəhid oldular. Bundan başqa yaralılarımız da var idi. Onda Milli Qəhrəman Samid İmanovgil komandir heyəti idi və arxamızca köməyə gəldilər. Biz postları onlara təhvil verib geri çəkildik. Həmin vaxt düşmən tank və ağır artilleriyadan postu atəşə tutdu və postda olan gizirimiz Pəncəli Teymurov şəhid oldu. Samid İmanov və digər hərbçilərimizdən bir neçəsi isə ağır yaralandı.
Şəhid komandirimiz Milli Qəhrəman Murad Mirzəyev yaralıların çıxarılmasıyla bağlı komanda vermişdi. Onda yaralılar ərazidən çıxarılarkən Samid İmanovu da ərazidən çıxarmaq istəyiblar, amma o, razı olmayıb və komanda verib ki, digər yaralıları çıxarın, sonra gəlib məni apararsınız. Hətta qolundan yaralanan bir zabitimiz Samidə deyib ki, komandir, belimə minin, sizi ərazidən çıxarım, amma o, yenə razı olmayıb və deyib ki, sən də yaralısan, get, arxadan uşaqlar gəlib məni çıxaracaqlar. Amma çox təəssüflər olsun ki, onun arxasınca gedəndə o, şəhid olub. Samid İmanov bizim hərbi hissənin qərargah rəisi idi”.
Xatırladaq ki, Neftçala rayon 1 nömrəli məktəbi aprelin 22-də Milli Qəhrəman Samid İmanovun adına verilib. S.İmanov məhz bu gün adını daşıdığı məktəbdə orta təhsilini başa verib.
Vasif Əlihüseyn