Yasamal rayonunda qadınların çantalarını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb

Yasamal rayonunda qadınların çantalarını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb

Bakı, 26 aprel, AZƏRTAC

Yasamal rayonunda qadına qarşı soyğunçuluq edilib. Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən zərərçəkən Fazilə Zeynalova içərisində 120 manat pul və mobil telefon olan çantasının naməlum şəxs tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs, əvvəllər iki dəfə məhkum olunmuş Göygöl rayon sakini Arif Əliyev şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində saxlanılıb. Araşdırma zamanı onun Yasamal rayonu ərazisində Validə Vəliyevaya qarşı da soyğunçuluq edərək içərisində 200 manat olan əl çantasını aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində tərətdiyi cinayəti etiraf edib.

Faktla bağlı 29-cu polis şöbəsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Soyğunçuluq etməkdə şübhəli bilinən həmin şəxsin digər cinayətlərdə də iştirakı istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili işlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, Yasamal Rayon Polis İdarəsinə və ya 29-cu polis şöbəsinə müraciət edə bilərlər.

Hadisə xəbərləri
Azertag.az digər xəbərlər