“Yeni Yaşma”ya yeni yanaşmanın nəticəsi

“Yeni Yaşma”ya yeni yanaşmanın nəticəsi

Bu gün Aprelin 25-də “Azərişıq” ASC tərəfindən jurnalistlər üçün Xızıda 50 meqavatlıq “Yeni Yaşma” Külək Elektrik Parkına mediatur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mediatur çərçivəsində “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Yeni Yaşma” Külək Elektrik Parkının fəaliyyəti barədə danışıb.

O deyib ki, 2018-ci ilin yanvarında parkda ilk turbin işə salınmaqla ay üzrə cəmi 200 min kilovat/saat elektrik enerjisi istehsal olunurdusa, hazırda 20 külək turbini tam gücü ilə işləyir və elektrik enerjisinin istehsalı ay üzrə 9 milyon kilovat/saata yaxındır. Parkda alternativ və bərpaolunan enerji mənbələri üzrə kadr hazırlığı məqsədilə xüsusi Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir. Parkın ümumi ərazisi 540 hektardır.

T.Mustafayev bildirib ki, bu ilin martında 50 meqavatlıq “Yeni Yaşma” Külək Elektrik stansiyasında 11 milyon kilovat/saatdan çox elektrik enerji istehsal edilib: “Küləkli hava şəraitindən asılı olaraq bu göstərici dəyişə bilər”.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbərinin dediyinə görə 2025-ci ilə qədər Azərbaycanda alternativ enerjinin xüsusi çəkisi 25-30 faizə çatdırılacaq. “Hazırda “Yeni Yaşma” külək elektrik stansiyasında 26 turbin istismar edilir və gələcəkdə onların sayının artırılması gözlənilir. Əldə olunan elektrik enerjisi ümumi sistemə ötürülür. Ümumiyyətlə, 2025-ci ilə qədər alternativ enerjinin ölkə üzrə ümumi elektrik enerjisi istehsalının 25-30 faizini təşkil edəcəyi gözlənilir. Hazırda bu rəqəm 1,7 faizdir”, - deyə T.Mustafayev əlavə edib.

Açar sözlər
Tanrıverdi Mustafayev , Azərişıq Asc , Azərbaycan , Xızı
İqtisadiyyat xəbərləri
Virtualaz.org digər xəbərlər