Yol nişanlarını oğurlayan MMC rəhbəri tutuldu

Yol nişanlarını oğurlayan MMC rəhbəri tutuldu

Aprel ayının 28-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun hər iki istiqamətində quraşdırılmış yol nişanlarının oğurlanması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Faktor.az-a verilən məlumata görə, məlumatla əlaqədar aparılmış araşdırmalarla qeyd olunan avtomobil yolunun 26-101-ci kilometrliyində - Şamaxı və əks istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, habelə yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədilə quraşdırılmış 59 ədəd yol nişanları və göstəricilərinin gizli yolla talandığı məlum olub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Yol Nişan MMC-nin direktoru Şamxal Qurbanov tanışları Bəxtiyar Umudov, Elşad Mənəfov və Elgün Salahovla qabaqcadan əlbir olaraq aprelin 27-dən 28-nə keçən gecə sözügedən magistral yolun qeyd olunan hissəsində quraşdırılmış yol nişanları və göstəricilərini oğurlayaraq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə ümumilikdə 6,4 min manata yaxın maddi ziyan vurublar.

Mayın 8-də adları çəkilən şəxslər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub, oğurlanmış yol nişanları və göstəricilər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə xəbərləri
Faktor.az digər xəbərlər
Gəmidəki yanğınla bağlı cinayət işi açıldı

Gəmidəki yanğınla bağlı cinayət işi açıldı

09-05-2019 12:30 - Faktor.az - Hadisə

Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi dünən "İsrafil Hüseynov" borudüzən gəmisində baş vermiş yanğınla bağlı birgə məlumat yayıb.



Mayın 8-də “Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” qapalı səhmdar cəmiyyətinə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisində texnoloji avadanlıqda yaranan nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri zamanı partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin Azərbaycan Respublikası və digər xarici ölkələrin vətəndaşlarından ibarət 14 nəfər əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.



Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanmış, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.



Hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.



Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.



Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 404-39-00, Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun 440-78-13 nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.