Zelenski rus dilinin müdafiəsinə qalxdı

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Ali Radanın dövlət dili ilə bağlı qəbul etdiyi qanuna yenidən baxacağını bildirib.
Zelenski deyib ki, dövlət dili haqqında qanun layihəsi Ukrayna Konstitusiyasına uyğun olaraq təhlil edilməlidir.
O, prezident vəzifəsini icra edəcəyi andan bütün Ukrayna vətəndaşlarının konstitusiya, hüquq və maraqlarını təmin etmək məqsədilə qanunun hərtərəfli təhlil ediləcəyini vurğulayıb.
Zelenskinin fikrincə, Ali Rada tərəfindən qəbul olunan qanunda ictimai rəy nəzərə alınmayıb.
Qeyd edək ki, bu gün Ali Rada dövlət və yerli idarəetmə orqanlarında, təhsil müəssisələrində və xəstəxanalarda Ukrayna dilinin məcburi istifadəsi haqqında qanun layihəsini qəbul edib. Ekspertlər hesab edirlər ki, yeni qanun Ukraynada rus dilinin qadağan olunmasını nəzərdə tutur.(azvision.az)